İmtahana gecikənlərin taleyi necə olacaq? - DİM-dən narazılıq böyüyür

"Bu gün keçirilən bütün imtahanlarda, o cümlədən magistraturaya qəbul imtahanının II cəhd mərhələsində bir sıra iştirakçıların imtahana vaxtında çata bilməməsi ciddi narazılıq yaradıb".

Bu barədə AzNews.az-a təhsil eksperti Məzahir Məmmədli açıqlama verib. O, deyib:

"Bakıda keçirilən beynəlxalq tədbir- WUF13 səbəbindən yaranan nəqliyyat məhdudiyyətləri əvvəlcədən məlum idi və aidiyyəti qurumlar tərəfindən daha koordinasiyalı planlaşdırma aparmaq olard. Dövlət İmtahan Mərkəzi bu məsələni digər dövlət qurumları ilə birlikdə öncədən nəzərə almalı, xüsusilə magistratura imtahanının tarixinin dəyişdirilməsi variantını dəyərləndirməli idi. Hazırda sosial şəbəkələrdə ən çox verilən sual budur: “İmtahana gecikənlərin taleyi necə olacaq?” Belə hallarda əsas məsələ yalnız qayda deyil, həm də vətəndaşın obyektiv şəraitinin nəzərə alınmasıdır. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə həssas yanaşacaq və ictimaiyyətə aydın mövqe təqdim edəcəklər".

Məsələyə Ümid Partiyasının sədri İqbal Ağazadə də sərt reaksiya verib. AzNews.az xəbər verir ki, o, öz Facebook səhifəsində yazıb:

"Hörmətli DİM, Ölkədə keçirilən beynəlxalq tədbiri nəzərə almaq və magistratura imtahanının vaxtını dəyişmək mümkün deyildi? Doğurdanmı bunu düşünmək o qədər çətindir??? Yollar bağlı, hava şəraiti də ənənəvi may havasından uzaq... Nə qədər uşaq imtahana gedə bilmədi, gecikdi, imtahana gələnlər stress altında...
Bunu əvvəldən hesablamaq borcunuz idi, həm də vəzifəniz... Ya imtahan yenidən keçirilməli, ya gələ bilməyənlər üçün əlavə imtahan vaxtı müəyyən edilməlidir. Vəzifənizi və məsuliyyətinizi dərk edin..."

Xatırladaq ki, Bakıda hökm sürən əlverişsiz hava şəraiti magistraturaya qəbul imtahanında ciddi qalmaqala və kütləvi narazılığa səbəb olub.

Redaktor.az xəbər verib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) gecikən bakalavrların imtahana buraxılması ilə bağlı yaydığı rəsmi bəyanat sosial şəbəkələrdə kəskin şəkildə təkzib edilib.

Güclü yağış və paytaxt yollarında yaranan iflic vəziyyət səbəbindən yüzlərlə bakalavr imtahan binalarına vaxtında çata bilməyib. Yaranmış fors-major vəziyyətlə bağlı rəsmi açıqlama yayan DİM, hava şəraitinin nəzərə alındığını və gecikən şəxslərin imtahana qəbulunun təmin olunduğunu elan etsə də, reallığın tam fərqli olduğu ortaya çıxıb.

Sosial şəbəkələrdə "Qafqazinfo"nun paylaşımının şərh bölməsində imtahan verən gənclərin yaxınları və valideynlər DİM-in bu açıqlamasına kəskin etiraz ediblər. Vətəndaşlar rəsmi bəyanatın reallığı əks etdirmədiyini və qapıların gecikənlərin üzünə bağlandığını bildirirlər.

AzNews.az