ORXAN FİKRƏTOĞLU ORXAN FİKRƏTOĞLU

Məni özünlə niyə aparmadın, ay papa?

ORXAN FİKRƏTOĞLU


Allah qoysa yanına gələndə hər şeyi olduğu kimi sənə yerli-yataqlı danışaram. Bilirəm, səbirsiz adamsan. Səndən sonra başıma gələnləri bilmək istəyirsən...

Sən gedəndən sonra dünyanın işığı azaldı. Hər şey gözümdən düşdü, ay papa. Dünyanın düzəni, nizamı səninlə tənzimlənirmiş. Səndən sonra bütün olanlar gözümə sönük görünür. Sən olmayandan sonra nəyə sevinə bilərəm? Məni nə ağrıda bilər? Ən böyük sevincim, ən iri kədərim sən idin. Sən yoxsansa, mən də yoxam! Bundan sonra məni incidən sualları kimə verəcəm? Kədərimi kiminlə bölüşəcəm? Dərdimi kimə deyəcəm, bu yadlaramı?

Yadındadırmı, mən uşaq olanda bir dəfə sənə məni də özünlə apar dedim. Xatırlamırsan? Mənim isə yaxşı yadımdadır. Altı-yeddi yaşım var idi. Güzgünün önündə dayanıb şövqlə üzünü qırxırdın. Cavan idin, gözəl idin. Qadınların səndən xoşu gəlirdi. Köpüklənən sabun köpüyünü fırça ilə üzünə yaxmışdın. "Ay papa, bu gün hara getsən məni də özünlə apararsan?" – deyə soruşdum. Sən əlindəki ülgücü üzünə çəkib "mən getdiyim yerə uşaqları buraxmırlar" - dedin. Bilirdim ki, başımı aldadırsan. Bu dəfə də başımı aldaddın deyəsən. Yenə məni özünlə getdiyin yerə aparmadın.

Sənsiz darıxacağımı düşünmədin heç? Əlli yaşım olsa da mən sənin uşağınam axı. Bilirəm ki, sən bu yazını oxuyacaqsan. Bu yazı hansısa bir bağlılıqla sənə çatacaq, əyan olacaq. Bir-iki gündür dostlarım nəyə görəsə mənə təsəlli verirlər, özünü üzmə deyirlər. Ay papa, sənə bir şey olmayıb ki? Heç haran ağrımır? Sənə qurban olum, başına bir iş gələr ha birdən, bilmərəm! Uşaq olanda öləcəyindən qorxurdum. Hər gecə bu qorxumla birgə ağlaya-ağlaya yatırdım. Ağlıma gələn bu fikri heç kəsə demirdim. Sonra güclü və sağlam olduğunu görüb ölümün səndən yan duracağına inandım. Ölüm nə zibildir ki sənə xətər yetirə! Sənə yaxın gəlsə onun başını yararam.

Bir neçə gündür gözümə dəymirsən. Mənə deməmiş heç hara getməzdin axı. Yəqin mənə əziyyət verməyəsən deyə harasa piyada getmisən. Telefonuna da zəng çatmır. Yoxluğunu dərk edə bilmirəm. Yəqin bir-iki günə qayıdarsan. Başım səni axtarmağa qarışdığından işıq pulunu gecikdirmişəm. Qazın kartını doldursam da sayğaca yükləyə bilmədim. Qayıdandan sonra məni danlayacaqsan, bilirəm. İşlərim də qarışıb. Əlim qələm tutmur. Bilmirəm nəyə görə işləyə də bilmirəm. Əvvəldən beləyəm də. Huşum-başım yoxdur. Hər gecə zəng eləyib xatırlatmasan küçə qapısını kilidləməyi də unuduram. Xətai metrosunun qarşısındakı köşkün qazetçisi dünən qazetlərin satılmadığından gileylənirdi. "Fikrət müəllimdən savayı bu ölkədə qazet oxuyan yox imiş" deyirdi. Hər gecə yuxuma gələcəyini düşünürəm, gəlmirsən. Ağlamağa qorxuram ki, ölüm duyuq düşər. İndi dəqiq bilmirəm, haradasan. Amma onu bilirəm ki sağsan. Bunu hiss edirəm e...

Əlli il sənə zarafat gəlməsin. Gözümü açandan başımın üstündə səni görmüşəm. Səninlə öyünmüşəm. Sənə oxşamağa çalışmışam. Nə etmişəmsə sənə görə etmişəm. Sən olmasaydın nə yazı yazardım, nə efirə çıxardım. Mənim bu üzü dönük, yalançı və məddah insanların içində nə işim vardı axı? Nə etdimsə sənə görə etdim ki, mənimlə fəxr edəsən. Dostlarına "mənim oğlumdur" deyəsən. Sənsiz buraların nə ləzzəti, ay papa?

Yuyulmuş köynəklərin zivədən asılıb, qoymuram yığışdırsınlar! Yun gödəkçəni özüm geyinmişəm. Qoxun, canının istisi bədənimi ovudur. Qayıdanda çıxararam. Anam yuyar, geyinərsən! Ərtoğrulun gətirdiyi güllər solsa da güldandadırlar, qoymuram atsınlar. Onlar mənə səni xatırladır. Saatın da çıkka-çıkla işləyir. Əl ağacın qapının ağzındadır. Ayyaqabıların da...

Ayaqyalın, başı açıq hara getmisən ay kişi?! Sənə soyuq olmazmı? Buxara papağın dolabdadır. Papağını da başına qoymamısan! Nə əcəb anam səni bu halda çölə buraxıb? Öz əlinin sahmanıyla rəflərə düzdüyün kitabların da yerindədir. Vallah heç birinə toxunmamışam. Həmişə kitablarını qarışdırdığım üçün məni danlayardın. Qayıdanda görəcəksən. Hamısı yerindədir. Qızım Sevil sənin kimi atmacalı sözlər yazmağa başlayıb. Yazsın? İndi haradasan görəsən? Narahat idin. Ona görə nigaranam. Yanında olsam yaxşı olardı. Əlindən tutub səni yolu keçməyə kömək edərdim. Oralarda çox dərinə getmə ha. Nə desələr razılaş, əsəbləşmə! Yəqin oranın ədaləti buraların ədaləti ilə bir olmaz. Orada haqqa haqq deyirlər. Yaxşıya da, pisə də əməlinə görə qiymət verirlər. Sən də ki, təmiz, haqq adamısan. Bir cücünün belə xətrinə dəyməmisən. Nə qorxun olacaq ki? Heç kəsə pislik eləməmisən. Əksinə sənə pislik eləyiblər. Mələk kimisən - pak, təmiz. Ləman səndən bir yaxşı yazı yazıb. Qabil əminin oğlu Mahir də. Fikrət Qocanın şeirini oxuyandan anam ağlayır. Bilirsən sənə görə qədər zəng edən var? Gileylənirdin ki, səni axtarmırlar. Hamı səni çox istəyirmiş, ay papa. Bilirsən səni görməkdən ötrü evinə nə qədər adam gəlmişdi? Yerin məlum... Evdə olsaydın bir-ikisini dolayacaqdın. "Bura mənim idarəmdir, burada əbədi "ustul-mustul" söhbəti yoxdur", deyəcəkdin. Qaşığımız az, oturacağımız az. Çoxuna yer çatmadı. Sənin hüzurunda ayaq üstə qaldılar. Aysel yaman çox ağlayır. Bilmirəm ona nə olub? Olmadığnı düşünməkdən qorxuram. Sənsiz necə yaşayaram?

Son vaxtlar evdən çölə çıxmırdın. Ətini tökmüşdün. Arıqlamışdın. Həkimlər deyirdilər ki yaşla bağlıdır, heç bir ciddi xəstəliyi yoxdur. Hərdən öskürürdün. Bəlğəm səni əldən salmışdı. Anam çox vaxt öskürməyini məndən gizlədirdi. Bilirdi ki, ürəyimə salacam. Hər həftə evə həkim gətirirdim. Deyirdi ki, sənə çox uzanmaq olmaz. Gərək gəzəsən. Sən gəzmədin, ay papa. Sən heç zaman ağlın kəsmədiyi işi eləmirdin. "Haranı gəzim? Daha buralarda mənim gəzdiyim yerlər qalmayıb", dedin. Bir-iki həftə bundan öncə yeməkdən də küsdün. Ömrü boyu arxasınca qaçdığımız o zəhrimar çörəyi daha yemədin.

Bu "qəhbə" dünyanın oyunu var imiş, ay papa. Bu dünyada yaşamaqdan ötrü gərək kiminsə əlindən çörəyini qapıb yeyəsən. Abırlı adam olduğun üçün sən öz çörəyini belə sonda yemədin. Bədən də çörəklə dolanırmış. Ruhunun yekəliyinə baxma. Qarnına çörək də getməliymiş. Bap-balaca qalsan da elə bilirdim arxamda bir iri dağ durub. İndi ləpədöyəndəyəm.

Sən uşaq kimiydin. Hamı səni aldadırdı. Küsəyən idin, ədalətə inanandın. İnsanların insanlığına güvənirdin. Son zamanlar hər şeyə fikir verirdin. Dilin, əxlaqın, milli ruhun pis tərəfə dəyişdiyinə acıyırdın. Olanlar və olacaqlar səni sarsıdırdı. Nahaq yerə, ay papa. Sən məni də özün kimi narahat böyütdün. Bu insanlar hər şeyə öyrəşəndilər. Onlar üçün bütün olanlar və olacaqlar yaxşıdır. Onlar ancaq yemək və yaşamaq istəyirlər. Sən onların dərdini bilmirəm niyə çəkirdin? Bu cavabdehlik səndə haradan idi? Sən özündən çox millətini düşünürdün. Öskürməyin də bundan idi...

O gözəl şeirlərin ağıllı adamların yadındadır. O gözəl üzünü əks elətdirən şəkillərin də buradadır. Oğlun, qızın, nəvələrin, altmış illik ömür yoldaşın Sevil xanım da buradadır. Sənin otağında oturub yolunu gözləyirlər. Mən də buradayam. Çaşmışam...

Görəsən mən də buradayammı?

Məni özünlə niyə aparmadın ay papa?

Sənsiz mən bu xarabada tək tənha neyləyəcəm?

AzNews.az