Avropa imperalizmi beynəlxalq hüquqa qarşı

Bu gün Avropa Birliyinin parlamentində Gürcüstana qarşı qətnamə qəbul oluna bilər. Avroparlament qət etmək istəyir ki, Gürcüstanda müzakirə olunan "Xarici təsir agentlləri haqqında"- adı dəyişdirilib, məzmun eynidir- qanunun lehinə səs verəcək deputatlara sanksiya tətbiq edilməlidir.

Bu qanunun məğzi nədir?

Əvvəla bu qanun ABŞ təcrübəsidir, başqa ölkələrdə də mövcuddur. Yəqin ki yaxın illərdə AB ölkələrində də qəbul olunacaq. Zurnanın dəliyindən möhkəm səs çıxan məqam budur ki, Qərb öz təcrübəsinin başqa ölkələrdə tətbiqini istəmir. Əks halda, niyə ABŞ-da az qala 1 əsrdir qüvvədə olan qanunu ləğv etmədiyi üçün ABŞ parlamentinin ən azı bir palatasının üzvlərinə sanksiya tətbiq etməyi ağlından keçirmir?

İkincisi, bu cür qanunların anti-demokratik, mürtəce olması barədə iddiaların hüquq baxımından heç bir əsası yoxdur. Tam əksinə həm ictimai mənafeləri qoruması, həm də hüququn universal prinsiplərinə uyğunluğu baxımdan olduqca zəruridir.

Üçüncüsü, bu cür qanunlar cəmiyyətlərdə şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Qanun onu nəzərdə tutur ki, əgər vətəndaş A.A ictimai-siyasi fəaliyyətlə məşğul olursa, ictimai rəyin formalaşmasında iştirak edirsə və xarici maliyyə qaynaqları varsa, bu zaman xaricdən aldığı vəsait barədə dövlət qurumlarına məlumat verməli, xüsusi reyestrdə təsir agenti kimi qeydiyyata düşməlidir.

Bu nə deməkdir?

Cəmil Həsənli NED-in açıq məlumatlarına görə, həmin beynəlxalq təşkilatdan vəsait alıb və Azərbaycanda Milli Şura adlandırılan bir siyasi qrupun rəhbəridir. Əgər bizdə belə bir qanun olsaydı, Cəmil Həsənli xarici təsir agentli kimi reyestrə salınmalı idi və məhz oradakı məlumatlar hesabına cəmiyyət bilməli idi ki, onun ictimai-siyasi çıxışlarına xarici maliyyənin təsiri var. Bu da ona görə lazımdır ki, cəmiyyətə və dövlətə xarici pullar hesabına danışanlar təzyiq göstərə bilməsin.

Xarici maliyyə bu gün Gürcüstanın dövlət müstəqilliyi üçün təhlükəyə çevrilib. Media, QHT və siyasət sektorlarıda xaricdən maliyyələşənlər əsas gücdür və onlar son nəticədə bağlı olduqları mərkəzlərə xidmət edirlər. İndi qonşu Gürcüstan bu təhlükəni dəf etmək, öz cəmiyyətini xarici təsir agentlərindən qurtarmaq istəyir.

Bu istək qarşılığında Avropa parlamenti qət etmək istəyir ki, Gürcüstanın qanun layihəsinə səs verəcək deputatlarına sanksiya tətbiq edilməlidir.

Belə bir qətnamə ilk növbədə xalqların öz müqəddəratını təyin etmə haqqına ziddir. Bir çoxları elə bilir ki, xalqların öz müqəddəratını təyin etməsi sadəcə müstəqilliyin elan olunması zamanı üçündür, istiqlal əldə olunduqdan sonra arxivdə qalır. Qətiyyən belə deyil! Xalqların birbaşa və təmsilçiləri vasitəsi ilə öz müqəddəratı ilə bağlı verdiyi istənilən qərar bu haqq çərçivəsindədir.
Beynəlxalq hüquqda digər önəmli bir prinsip dövlətlərin daxili işlərinə qarışmamaqla bağlıdır. Heç bir dövlətin, dövlətlər birliyinin və ya beynəlxalq təşkilatın başqa bir dövlətin daxili işlərinə qarışmaq səlahiyəti yoxdur. Bura Avropa Birliyi də daxildir.

Nəhayət, bütün dövlətlərin suverenliyi bərabərdir. Bu o deməkdir ki, iqtisadi, siyasi, hərbi, texniki və s. qüdrətindən asılı olmayaraq ABŞ Azərbaycanla, Çin Gürcüstanla, Britaniya Ermənistanla, Türkiyə Rusiya ilə... yəni dünyadakı bütün dövlətlər bir-biri ilə eyni suveren hüquqa malikdir və heç kim hüquqca digərindən üstün deyil. Cənubi Qafqazın hər üç ölkəsində- Azərbaycan, Gürcüstan və Ermənistanda suverenlik bölünəndir və məhz buna görə də qanunverici, icra və məhkəmə hakimiyyəti bir-birindən ayrılmış vəziyyətdədir. Bu həm də o deməkdir ki, Gürcüstan parlamenti Gürcüstanın dövlət suverenliyinin tərkibini yaradır. Odur ki, gürcü xalqının suverenliyinin ifadəçisi olan parlamentarilərə "sən bu qanuna səs vermə, yoxsa sanksiya tətbiq edərik" demək dövlətlərin suverenlik prinsipinə açıq və kobud şəkildə müdaxilədir, imperalizmdir. Elə AB parlamentində Azərbaycana qarşı hazırlanan qətnamə layihələri də imperalizm təzahürüdür.

BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sivilizasiyamızın yaratdığı hüquq şedevrlərindən biridir. Bəyannamənin 10-cu maddəsində deyilir:

"Hər bir insan öz hüquq və vəzifələrini müəyyənləşdirmək üçün və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmış olub-olmamasını aydınlaşdırmaq üçün ona qarşı qaldırılan işə müstəqil və qərəzsiz məhkəmə tərəfindən tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla baxılmasını tələb etmək hüququna malikdir".

Bu isə o deməkdir ki, bir dövlətdə hüquq-mühafizə orqanları hər hansı vətəndaşına qarşı cinayət işi açıbsa, onun barəsində həbs qətimkan tədbiri seçilibsə, yaxud məhkəmə tərəfindən azadlıqdan məhrum edilibsə, heç bir Avropa Şurası, heç bir Avropa Birliyi, heç bir ABŞ senatı və konqresmeni, heç bir beynəlxalq təşkilat bir dövlətin suverenliyinin ifadəçisi olan məhkəmələrin səlahiyyətlərini mənimsəyə, ona göstəriş verə, onu hədələyə bilməz.

Bir şəxsin cinayətkar olub-olmadığına həmin şəxs barəsində müstəqil, qərəzsiz, açıq, vətəndaşların bərabərliyi prinsipinə söykənən, ədalətin bərqərar olması üçün bütün şərtlərə əməl olunduğu məhkəmədə qərar verilə bilər. Təsəvvür edin ki, bir vətəndaş başqa bir vətəndaşı şantajla, hədə-qorxu ilə hədələyib bac almaq istəyir. Hüquq-mühafizə orqanları hədə-qorxu gəlinən vətəndaşın şikayəti əsasında araşdırma aparır və şikayət olunanı şübhəli şəxs kimi təqsirləndirilməyə əsas yaradan kifayət qədər dəlil toplayır. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçir. Bundan sonra həbs olunan "siyasi məhbus" elan edilir və Azərbaycana gündə bir yerdən "azadlığa burax" tələbləri gəlir.

Sual olunur: bu tələblər yerinə yetirilərsə, bəs zərərçəkənin hüquqları necə olacaq? Axı dövlətin onun qarşısında onun bütün hüquq və azadlıqlarını, şəxsi və mülkiyyət toxunulmazlığını qorumaq öhdəliyi var?!.

Bax, məhz buna görə də ÜİHB deyir ki, bütün cinayət işləri üzrə hökmü ancaq tərəfsiz və qərəzsiz məhkəmə verə bilər. Bir məhkəmənin hər hansı daxili və xarici təsir altında buraxılması artıq ədalətin tərəzisini pozmaqdır!

Taleh ŞAHSUVARLI