Günel Natiq Günel Natiq

Kağız gəmilər

Günel Natiq



Bir-birimizi ovuda- ovuda, kiridə-kiridə yaşayırıq. Bir-birimizin göz yaşlarını silə-silə... Hönkürən uşağa qəfil ortaya çıxmış bir oyuncaq göstərib başını qatdığımız kimi bir-birimizi guya, hardansa ortaya çıxacaq ümidlərlə aldadırıq. Özümüz də bilirik ki, o ümidlərin üstünə çoxdan qarlar yağıb... Qış bitsə, əriyər bəlkə?

Amma bu yaz da, bu yay da, cırhacır istilərdə də qışlar çəkilmədi qapımızdan. Şaxta soyuğunu, sazağını göndərə- göndərə qaldı, biz də qapı- pəncərəni kilidləyə-kilidləyə. Yayın ən isti günündə də üşüdüyümü xatırladım. Dodaqlarım çat vermişdi, güzgüyə baxmasam da bilirdim. Yenə də hardansa soyuq sızırdı.
Divarlar yaxın dostum idi. Hər yerdə məni qoynuna alır, o tərəfdən gələn təhlükədən qoruyurdu. Hər yerdə onlar mənimlə idi. İnsanlarla ünsiyyətdə, iş yerimdə, avtobusda, dayanacaqda. Hətta dənizi seyr edəndə belə önümdə divarlar vardı. Amma artıq divarların o tayındakı dünyanı tanımaq istəyirdim. Dənizlərə, okeanlara çıxmağı arzulayırdım.
Bunu ilk dəfə etdiyim günü xatırladım. Okeanları gördüyüm yox, yaşadığım günü. Gözəl və vahiməli idi. Özümü anadangəlmə azad hiss edirdim.
Qəribə hiss idi. Küçəylə gedirsən və hiss edirsən ki, heç nədən asılı deyilsən. Bəzən adam yuxularında uçur - ona bənzər hissdi, yəni adam bu dərəcədə azad ancaq yuxularında ola bilər... Ən pisi odur ki, yuxuların oyanmaq kimi bir qorxusu və gerçəyi var.

"Okean- bu, çox gözəldir. Gözəl və nəhəng..."
Nə vaxtsa Hind okeanını görmüş bir adamı dedikləriydi. Təkcə "okean" sözünün məndə doğurduğu həyəcanın öhdəsindən gəlməyə çalışaraq ondan təəssüratlarını söyləməyi xahiş etmişdim: "Məsələn, dənizdən nə ilə fərqlənir?"
"Daha duzlu və istidir. Sahilində çoxlu balıqqulağı... Balıqlar başqa cürdü... Rəngləri daha tünd...Belədə isə heç nə ilə. Sadəcə "okean" sözünün özündə bir nəhayətsizlik var. "Okean" yunan sözüdür. Onda nə isə qarşısıalınmaz olan, kəskin olan bir güc var...
O zaman düşünmüşdüm ki, bu adam həyatı dolu-dolu yaşayır. Şair demiş, çaylara, dənizlərə, okeanlara qarışaraq... Özümü onda kağız gəmilər düzəldib gölməçələrə buraxan uşaq kimi hiss etmişdim.
Bu hissi bir də hava almaq üçün küçəmizin bir başından o biri başına gedib- gələrkən keçirdim. Gecə yağış yağmışdı, yerdə gölməçələr əmələ gəlmişdi. İçimdəki səsləri tökməyə yer axtararkən ayağım gölməçələrdə islanır, kağız gəmilər kirli sularda büzüşüb palçığa qarışırdı.
İçimdə səslər bir-birinə qısılıb qalmışdı. Sahildə bəzən adamlara rast gələrsiniz, yalqız-yalqız gəzib-dolaşan. İçindəki səslərdən boğulan insanlar. Genişlik, nəhayətsizlik axtaran insanlar... Sahildə qalan ümidsiz ləpirlərin arasında mənim də izlərim var.
Sonra danışmaq istədiyim həmin o günü xatırladım. Yolla gedirdim. Birdən danşmaq, içimdəki səsi hayqırmaq ehtiyacı oyandı. Ətrafa baxdım. Mağazalar, bərbərxanalar... Və danışmağa kimsə yox...
İti addımlara dönüb evə qayıtdığım günü xatırladım. Yenə doğma divarlar. Qısır divarlar. Barsız divarlar. Onlar olsa-olsa boşluqlara hamilə qala bilərdi.
Bu divarların arxasına yenə nələrsə olmalıydı. Türk poeziyasında "Dağ ardı" deyilən yer var. Bir az mifik, bir az fəlsəfi. Dağ ardını heç kim görməyib, amma ona hansısa hislər bəsləyir. Gah qorxur, gah sevinir, gah ümid edir...
İndi divarların arxası mənim üçün həmin o yer idi. Məchulluğa doğru gedirdim. Gah qorxur, gah sevinir, gah tükənir, gah da ümid edirdim. İçimdəki səslər gah pıçıldayır, gah da haray qoparırdı:
"Bəsdirin özünüzü kiritdiniz. Onsuz da toxtamayacaqsınız. Oyuncaqlarınız çoxdan sınıb, qırılıb, pərən-pərən olub. Söz də ovutmayacaq sizi. Çünki nağıllarınız çoxdan öz cazibəsini, sehrini, devlərini və qəhrəmanlarını itirib. Ən pisi odur ki, siz- devlərə deyil, özünüzə, öz qürurunuza, öz istəklərinizə, öz iddialarınıza əsir düşmüş insanlarsız"...