Ebola və İŞİD-i Amerika yaradıb?

Dünyanın ən güclü dövlətinin planetin hər nöqtəsində baş verənlərə görə günahlandırması tendensiyası olsa da, Vaşinqtonun bu iddialara əsas verən fəaliyyətləri də az deyil

Heç bir mübaliğə olmadan demək olar ki, bu gün dünyada haqqında ən çox bəhs olunan və ən çox qorxulan iki hadisə var: İŞİD terror təşkilatı və Ebola virusu. Fərqli anlayışlar olsa da, hazırda dünya gündəmini məşğul edən məhz bunlardır və hər ikisi insanların canını almaqda davam edir, dünyanın nüfuzlu dövlətləri bu iki bəlaya qarşı səfərbər olub.

Ebola virusu Afrika mənşəlidir, ilk dəfə bu xəstəliyə yoluxma faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və indiki Konqo Demokratik Respublikasında ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Daha sonra 2007-ci ildə baş qaldıran Ebola virusu Konqoda 187 nəfərin həyatına son qoyub. 2012-ci ildə virus Uqanda və Konqoda 57 nəfərin ölümünə səbəb olub. 2014-cü ildə virus yenidən "dirilib" və hazırda 5 min nəfərə yaxın insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını verdiyi Ebolanın 5 müxtəlif tipi var.

***

2004-cü ildə İraqda Amerika işğalı zamanı meydana çıxan İŞİD, daha sonra, 2011-ci ildə Suriyada peyda olub. İndi isə qruplaşma Suriya və İraq ərazisində geniş bir bölgəni ələ keçirərək xilafət qurduğunu bəyan edib. Hazırda İŞİD yaraqlıları Suriya ərazisində kürdlər, islamçı müxaliflər, Azad Suriya Ordusu və hökumət qüvvələri ilə, İraqda isə yenə kürdlər, şiə silahlı qrupları, türkmən döyüşçüləri və İraq ordusu, o cümlədən polislə savaşır. Bundan başqa sentyabrın əvvəlindən ABŞ İŞİD-ə qarşı mübarizə koalisiyası yaratdığını elan edərək qruplaşmanın Suriya və İraq ərazisindəki mövqelərini bombalayır.

Nə qədər qəribə də olsa hər iki bəlanın – həm Ebolanın, həm də İŞİD-ın yaranmasında ABŞ günahlandırılır. Dünya mediasında yer alan iddialara görə, virus Amerikanın hərbi bioloji döyüş proyekti çərçivəsində süni olaraq yaradılıb. Məlumata görə, bu planın da başlıca məqsədi bəzi Qərb dövlətlərinin, həmçinin Çinin Şərqi Afrikada təsir imkanlarını azaltmaq, oradakı mədənlər üzərində nəzarəti öz əlinə keçirməkdir. Bundan başqa, virusa görə istehsal edilən dərmanları da həmin bölgələrə sataraq əlavə qazanc əldə etmək planın ikinci hissəsidir.

Eyni zamanda İŞİD-in yaranmasında da Amerikanın rolunun olduğu iddia edilir. Bu istiqamətdə bir sıra xəbərlər ortaya çıxdı. İlk olaraq sabiq dövlət katibi Hillari Klinton yazdığı kitabında bu barədə iddia ortaya atılıb. H.Klinton kitabında yazıb ki, Suriyada üsyançılar Bəşər Əsədə qarşı mübarizəyə qalxanda ABŞ onları müdafiə etmədi. Nəticədə cihadçılar tezliklə üsyançıları sıxışdırıb meydandan çıxardılar və əsas qüvvəyə çevrildilər.

Daha bir iddia isə 2012-ci ildə İŞİD döyüşçülərinin İordaniyada yerləşən təlim düşərgələrində Amerika təlimatçıları tərəfindən təlim gördüyü ilə bağlıdır. Bu məlumatı Vaşinqton təkzib etməyib, təlimlərin əslində mülayim müxalifət üçün nəzərdə tutulduğunu, "yanlış" olaraq radikal islamçılara da bu təlimlərin şamil olunduğunu bildiriblər. Amerikalı senator Con Makkeynin İŞİD komandirləri ilə birgə fotoları, ABŞ-ın ordusunun İraqdakı keçmiş komandanı, hazırda baş qərargah rəisi olan Devid Patreusun qruplaşmanı yaratması ilə bağlı ciddi mənbələrdən iddialar ortaya atılıb.

Əlbəttə, hər iki iddianın nə qədər əsaslı olub-olmadığını sübuta yetirmək heç zaman mümkün olmayacaq. Xüsusən də bir media orqanı üçün bu, ümumiyyətlə qeyri-mümkündür. Ancaq ortada bir xeyli sayda şübhəli işlər, inandırıcı iddialar olduğu üçün bunları kənara qoymaq mümkün deyil. Yeri gəlmişkən, daha əvvəl hər iki istiqamət üzrə dünyanın böyük dövlətlərinin qaranlıq fəaliyyətlərinin olması faktı da şübhələri gücləndirir. ABŞ dünyanın ən güclü superdövlətidir və bu ölkənin planetin bütün nöqtələrində maraqları, fəaliyyətləri mövcuddur. Bu mənada istənilən qlobal əhəmiyyətli məsələnin arxasından ABŞ və ya onun maraqlarının çıxması da artıq çoxlarını təəccübləndirmir. Ancaq eyni zamanda Amerika siyasətçilərinin daha əvvəl bu kimi qaranlıq proseslərdə əlinin olması, şübhəli, hətta bir çox hallarda terrora rəvac verən fəaliyyətləri dəstəkləməsi ilə bağlı faktlar mövcud olduğundan indi heç kim birmənalı olaraq Ebola və İŞİD-in ABŞ tərəfindən yaradılması iddialarını əlinin dalı ilə itələyə bilmir.(Musavat.com)