“İSTƏMİRƏM, KİMSƏ ANARIN AQİBƏTİNİ YAŞASIN” “İSTƏMİRƏM, KİMSƏ ANARIN AQİBƏTİNİ YAŞASIN”

“Ürəyim partlayır - o erməni qızından yazmaq istəyirəm” – Qulu Ağsəs

“İSTƏMİRƏM, KİMSƏ ANARIN AQİBƏTİNİ YAŞASIN”


"ONSUZ DA BİZİ OXUYAN YOXDUR"


Qulu Ağsəsin 45 yaşı var. Elə də böyük ömür sürməyib. Kənddə at sürmək üçün ona bu ömür bəs edib. İndi kəndləri yoxdur, ömrü isə var – özüylə Bakıya gətirib. Gətirmədiyi Gülablının yuxarı yaxasındakı meşələridi. İndi oralara soyuq gəlib. İstisini Günəş özündə saxlayıb, qışda isinmək üçün.
Bu, Qulu Ağsəsin günahı deyil. Onun günahı tövbə etmək üçün Tanrıdan yer istəməyidi…

Gedib tövbə eləməyə
Mənə yer ver, İlahi.
Elə yer ki, baxım görüm,
Sənsən hər yer, İlahi.
Günahımı nəylə desən,
Razıyam yuyum orda.
Əgər gücün çatsa, məni
Özündən doyur orda.



"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəsin AzNews.az-a müsahibəsi:



-"Ulduz"un Qulu Ağsəsi ilə "Ulduz"un Elçin Hüseynbəylisi arasındakı fərq nədən ibarətdir?
-Birinci növbədə fərq bizim adımızdan başlayır. Təbii ki, mən istərdim ki, böyük bir ənənəsi olan bir jurnal baş redaktorlarının adları ilə yox, öz adı ilə tanınsın. Necə ki, bu günə kimi tanınıb. Amma indiyədək "Ulduz"un keçdiyi dövrdə onun baş redaktorlarının hər birinin öz dəst-xətti olub. İndi onu müqayisə etmək olar ki, kim "Ulduz"da daha çox və yaxud daha az iş görüb. Söhbət ondan gedir ki, bu 47 ildə hər kəs "Ulduz"u öz görə bildiyi qədər, müşahidə edə bildiyi qədər və parlada bildiyi qədər parladıb, yəni nəyi bacarıbsa, onu da edib.

-Sizin yaxın bir neçə ay ərzində ulduzunuz "Ulduz"da parlayıbmı?
-Artıq 7 aydır ki, baş redaktor vəzifəsində çalışıram. Əvvəlki kursdan imtina etmişəm. Ona görə yox ki, o kurs zəif idi və yaxud qüsurlu idi, - elə iddialı danışmaq istəmirəm, - sadəcə ona görə ki, bu kurs keçilmişdi və mənim kursum deyildi. İlk növbədə nəşriyyatı dəyişdim. Azərbaycanda ən bahalı və ən poliqrafiya baxımından imkanlı olan 3 nəşriyyatdan birini seçdim. Jurnalın dizaynını və dizaynerini yenilədim. 1-ci çölündən başladım. Sonra içərini layihələr üzərində qurmağa çalışdım. 1-ci yenilik ondan ibarət oldu ki, jurnalın hər bir sayı ekspert rəyilə açılır. Və burda kifayət qədər tənqid də var, təhlil də var. Azərbaycanda elə bir mətbu orqan yoxdur ki, ilk 1-ci səhifəsindən özü-özünü tənqid eləsin. Belə bir jurnal yoxdur. Hər ay ekspert müəyyən olunur və bu günədək bu ənənə davam edir və gələcəkdə də davam edəcək. Ötən nömrəni nüfuzlu qələm adamları saf-çürük edir, rəylərini yazırlar. Ümumiyyətlə, mətn haqqında təhqirdən savayı istənilən sözü deyə bilirlər.

-Bütün bunlar jurnalın satışına öz müsbət təsirini göstərə bilibmi?
-"Ulduz" jurnalının demək olar ki, bütün nömrələri satılır. Jurnal ekspert rəyilə başlayır və dərgi kitabla sona çatır. İçindəki bu iki yenilik hər ay davam edir. Üstəlik jurnalın hər nömrəsinin üstündə pulsuz hədiyyə - disk və yaxud kitab veririk.

-Jurnal hazırda neçə nüsxə ilə çap edilir?
-Elçin Hüseynbəylinin vaxtında 400 ədədlə çıxırdı. İndi isə onun sayını 300-ə endirmişik, çünki onun xərcləri əvvəlkinə nisbətən xeyli çoxdur.


"Mən özümü qalib hesab etmirəm"


-Son 7 ay ərzində Elçin Hüseynbəyli "Ədəbiyyat qəzeti"nə, sən isə "Ulduz"a baş redaktor təyin edildin. Ancaq sonda udan tərəf sən oldun. Elçin qəzetdən istefa verərək, yenidən "Ulduz" ailəsinə qoşuldu. Ancaq bu dəfə o, müşavir oldu, yəni məsləhətçi...
-Mən özümü qalib hesab etmirəm. Bu, heç mənim xarakterimə uyğun da deyil. Biz Elçinlə duelə çıxmamışıq ki, kimsə qalib olsun. Bu, sadəcə bir taledir. Elçinin "Ədəbiyyat qəzeti"ndə karyerası alınmadı. Bu qəzet daha çox zəhmət, diqqət tələb edir, çünki həftəlik nəşrdir. Elçinin bir əli yazı-pozusunun üstündədir. Roman yazmağa başı qarışan bir adamdır. Ona görə də orda işi alınmadı. Düzdür, o, qısa zaman kəsiyində qəzetdə bir sıra dəyişikliklər etdi, qəzetin formatını dəyişdi. Və mən onun timsalında bir rəqib görməyə başlayırdım. "Ədəbiyyat qəzeti" ordan, "Ulduz" isə burdan yenilənir. Təəssüflər olsun ki, bu rəqabət uzun müddət davam edə bilmədi.
Bizim daha çox işlər görmək planlarımız var. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllim heyətilə danışmışam. Artıq professor Məti Osmanoğlu və dekanlıq yeni bir ədəbi birlik yaratmaq istəyir. Və bu birlik jurnalın ilk qonağı olacaq. Biz onlarla əməkdaşlıq edəcəyik. Bu günlərdə bu ideya reallaşacaq.

-Elçinin qayıdışından sonra jurnalın istər dizaynında, istərsə də içində çap edilən materialların seçimi baxımından bir dəyişiklik olubmu?

-Yox, elə bir söhbətimiz olmayıb. Elçin "Ulduz" jurnalının müşaviridir, baş redaktoru deyil. O kursu müəyyənləşdirmir. O, öz kursunu 10 illər ərzində həyata keçirib. İndi yenidən həmin kursa qayıtmaq fikrimiz yoxdur.

-Bəs necə oldu ki, Elçin "Ədəbiyyat qəzeti"ndən ayrıldı?

- Elçin işdən çıxan gün mənə zəng edərək dedi ki, qəzetin baş redaktorluğunun öhdəsindən gələ bilmir: "İstefa verirəm. Bu iş mənlik deyil. Əlimdə romanım var. Qəzet yaradıcılığıma mane olur". Mən də ona bir kəlmə ilə "Uğurlar olsun" cavabını verdim. Əgər bir adam mənə öz vəziyyətini belə izah edirsə, mənim ondan arayış tələb etməyə heç bir həvəsim olmayıb. Onun gedişi ilə bağlı hər hansı bir əfsanə, mif gəzirsə, mən ona cavab verə bilmərəm, çünki o işin içində deyiləm. Özü də "Ədəbiyyat qəzeti"nin redaksiyası Yazıçılar Birliyindən aralıda yerləşir. Heç mənim özümün son dəfə orda nə vaxt olduğumu xatırlaya bilmirəm.


"Müğənnilər dalaşanda gedib onların disklərini alırlar, yazıçılar arasında qalmaqal olanda isə onların kitablarını heç kəs almır"


-Bir vaxtlar AYO-AYB qarşıdurması olurdu. İstər elektron, istərsə də görüntülü mediada ədəbi polemikalar aparılırdı, diskussiyalar keçirilirdi. Ancaq indi hər şey səngiyib, kimisi özünə qapılıb roman yazır, kimisi isə tamamilə ədəbiyyatdan uzaqlaşıb. Düzdür, yazılan romanların sayı çoxalsa da xaricdə bizi tanıdan yazarlarımızın sayı heç də çoxalmayıb...
-Belə çıxır ki, qalmaqal yoxdursa, ədəbiyyat da yoxdur. Bu fikir kökündən yanlışdır. İnsanlar oturub əsər yazırlar, əziyyət çəkirlər. Onsuz da bizi oxuyan yoxdur... Gəlin, biz həmkarlar bir-birimizi baltalamayaq. Yəni ədəbiyyat yerində dayanmayıb. Yeni əsərlər yaradılır. Mənə elə gəlir ki, bu ədəbiyyata, yazı-pozuya hörməti artırmaq üçün birinci növbədə özümüz-özümüzə dəyər verməliyik, özümüz-özümüzə hörmətlə yanaşmalıyıq. Nə qədər mətbuatda şairlərin, yazıçıların dartışmaları gedəcək, ondan ədəbiyyat heç nə qazanmayacaq. Maraqlıdır ki, müğənnilər dalaşanda gedib onların disklərini alırlar, yazıçılar arasında qalmaqal olanda isə onların kitablarını heç kəs almır. Düzdür, bu gün çox əsər yazılır. Onları saf-çürük eləmək bu dəqiqə çətindir. Təbii ki, dəyərli müəlliflər, dəyərli yazılar var.

-Adlarını çəkə bilərsinizmi?
-Romanlarını oxuduğum insanlardan Aslan Quliyevin, Eyvaz Zeynalovun adlarını çəkə bilərəm. Eyvazın romanı haqda yazı da yazmışam. Sual verə bilərsiniz, onun romanında maraqlı olan nədir? Bu yazıçı çaxır daşıyan yük qatarının içindən roman yazıb. Sovet dövründə yük qatarında iyrənc bir şəraitdə günlərlə yol gedənlər "Ağdam" çaxırını aparıb Sibirdə satırlar. Və bu anti-sanitariya içində onlar özlərinə gözəl həyat qururlar. Rüşvət alırlar, sovet əmlakını dağıdırlar. Biz elə bilirdik ki, bu çaxır satanlar xoşbəxt adamlardır, ancaq bunlar yolda basqınlara məruz qalırlar, Sibirdə çaxırların çoxu soyuqdan çatlayırmış, özləri də ölmək təhlükəsilə üzləşirmişlər. Yaxşı maraqlı hekayələr də yazılıb, yaddaqalan romanlar da qələmə alınıb. Sadəcə roman bumu var deyə, onları bir-bir təhlil etmək çətin məsələdir. Bum sakitləşəndən sonra biləcəyik ki, kim daha yaxşı yazıb. Düzü, bu qədər roman yazılmasını istəmirəm.

-Onda bu romanların içində nəyə görə xaricdə səs doğuranı yoxdur. Bu, bir xalq kimi sayımızın az, dövlətimizin isə kiçik olması ilə bağlıdır?
-Bu, hava şəraitimizlə, qış aylarında istilik sisteminin işləməməsilə, Azərbaycan dilinin əhatə dairəsinin çox qapalı olması ilə bağlı ola bilər... Axı bizə qədər də Azərbaycan ədəbiyyatı xaricdə tanınmayıb. Elə miraslar qoyub gediblər ki, indi onun acısını yaşayırıq. Yəni bizdən qabaq Azərbaycan ədəbiyyatı pis və ya yaxşı tanıdılmalı idi. Tanınmayıb axı. İngiltərədə, Fransada adımız çəkilməyib. Biz çox şeyləri bu 20 ildə etməyə çalışmışıq, ancaq indi başa düşürük ki, bizi tanımırlar. Sovetlər dövründə də xaricdə də çoxları Azərbaycanın varlığından xəbəri yox idi. Hamı "rus" (Russian) deyirdi, heç SSRİ də demirdi. İndi Azərbaycanın dövlətçiliyi möhkəmələndikcə, yavaş-yavaş bizim mədəniyyətə, ədəbiyyata maraq artacaq. Bu gün hər hansı bir azərbaycanlı yazar Orxan Pamukdan yaxşı roman yazıb Nobel almaq fikrinə düşsə, heç onun sənədlərini qeydiyyata almayacaqlar, çünki Azərbaycan yazarının adı İsveç Akademiyasına heç nə deməyəcək.


"AYB-nin sədri olmaq fikrim yoxdur"


-Sən hər gün işə qalxanda Anarın kabinetinin önündən keçirsən. Heç düşünübsənmi ki, bir vaxtlar AYB-nin sədri olacaqsan?
-Bu gün mənim arzum AYB-də katib, sədr olmaq yox, "Ulduz" jurnalının ayrıca saytını, radiosunu və televersiyasını yaratmaqdır. Yəni müsahibələr video formatında saytda yerləşdirilsin. "Ulduz"u kiçik bir holdinqə çevirmək istəyirəm. Bu, mənim üçün daha doğmadır. "Ulduz"un özü mətbu bir brendə çevrilsin. Bu istəklə də APA TV-də "Ulduzlu kvartet" adıyla bir veriliş açdıq. Mən "Ulduz"un hüdudlarını böyütmək istəyirəm. Katib, sədr olmaq fikrim yoxdur. Bugünkü reallıqda istəmərəm ki, AYB-in sədri vəzifəsində kimsə Anarın aqibətini yaşasın. İlqar Fəhmi yeni katib gəlib. O, gənc bir oğlandır. Onun katib kimi yetişməyinə hələ xeyli zaman lazımdır. Mərhum Arif Əmrahoğlu artıq hər şeyi bilirdi. Gəncləşmə siyasəti bütün Yazıçılar Birliyində aparılır. Elə mən gələndən sonra "Ulduz"a da xeyli gənclər cəlb olunub. Bu, həm də jurnalda çap edilən insanlara da aiddir. Ancaq elə müəlliflər var ki, 40 ildir, burda dərc olunur. Onun əsərini necə geri qaytarım? Elə adamlar var ki, talelərini jurnala, elə AYB-yə bağlayıblar. Misal üçün, AYB-ni Fikrət Sadıqsız təsəvvür edə bilmərəm.


"Mən unutsaydım, dəli olardım"


-Hər gün işə, AYB-nin binasının yerləşdiyi Xaqani küçəsinə gələndə öncədən marşrutu seçirsən. Heç belə hal olubmu ki, çönüb əks tərəfə - doğulub boya-başa çatdığın Ağdama tərəf gedəsən və "iş yerin, taleyin oradır" deyə düşünəsən...
-Mən deməli, Xırdalana getməliyəm. Gəlirəm 20 Yanvara. Yolda fikirləşirəm ki, yayın günündə bu Xırdalanda nə gəzirəm. Beynimdə var ki, kaş ki, Şuşaya, Gülablıya gedəydim. Sonra fikirləşdim ki, ən azından Xındırıstana gedəm, çünki Xındırıstan bizdədir. Hansı avtobusa yaxınlaşıb deyirəm ki, Xırdalana gedirsən, deyir, yox. Heç taksilər də məni Xırdalana aparmaq istəmədi. Axırda köhnə bir "Jiquli" gördüm. Dedim dayı, salam. "Salam" verdi. Dedim, dayı, məni Xırdalana apara bilərsənmi? "Hə" dedi. Dedim, neçəyə apararsan? Dedi 100 dollara, ən aşağı 50 dollara. Dedim, sən nə danışırsan, burdan-bura 100 dollara kim aparar?. Dedi, nə bura? Düşəcəyik aşağı, Müşfiqdən Şamaxıya gedəcəyik. Ağsu aşırımından enib Göyçaya tərəf sürəcəyik. Dedim, sən hara gedirsən? Dedi ki, Xındırıstana. Dedim, nə Xındırıstan? Mən sənə Xındırıstan demişəm? Dedi, bala, sən bayaqdan hamıdan Xındırıstan soruşursan. Sən demə, mən 119, 120 nömrəli avtobusların sürücülərinə, taksilərə bayaqdan "Xındırıstana gedirsənmi?" sualını vermişəm. Bu "Jiquli" sürən də qaçqın olduğundan Xındırıstanı tanıyırmış və mənə "yox" deməyib.

-Bu, dəlilik əlaməti deyil ki?
-İnan, həyatda mənim ən ağıllı hərəkətim o olub. Mən unutsaydım, dəli olardım. Yadımda saxlayıramsa, deməli, dəli deyiləm. Heç ağıllı da deyiləm, sadəcə namuslu insanam. O vətəni, yurdu necə unutmaq olar?! Anam bir gün səhər durub dedi ki, bala, məni kəndə apara bilərsənmi? Ondan miskin bir halı mən tanımıram.

-Heç ağlından dəli olmaq fikri keçibmi?
-Yox, ağılla dəli olmurlar ki? Ağlı itirəndə dəli olurlar.


"İlyas Ərnəfəs nəşriyyatın ən qəmli tarixidir"


-İlyas Ərnəfəs bəs necə dəli olub?
-O fikirləşir ki, ağıllı adamlar bir yerdə dayanır, dəlilər isə ora-bura gedir və öz hədəflərini tapmayıblar. İlyas nəşriyyatın ən qəmli tarixidir. Hərdən ordan keçəndə deyirəm ki, Allah, İlyasa kömək ol.

-Azərbaycan ədəbiyyatı İlyas kimi yaxşı bir yazıçını itirib...
-Onun da taleyi belə gətirdi. Bu yazıçıların, rəssamların, aktyorların çoxu bədbəxt adamlardı.

-Sən də özünü elə hesab edirsən?
-Məndən soruşublar ki, sən yaxşı adamsan. yoxsa pis? Deyirəm, vallah adamam. Adam birdəfəlik nə xoşbəxt olur, nə də bədbəxt. İlyasın da öz bədbəxtliyinin içində öz xoşbəxtliyi var. Elə bir adam yoxdur ki, ona birmənalı ya xoşbəxt, ya da bədbəxt deyəsən.


"Burda dəfn olunanları kəndimizə aparmaq fikrim var"


-Bəlkə siz də Murad Köhnəqala kimi intihar etmək fikrinə düşübsünüz?
-Yox, elə fikrə düşməmişəm, yaşamaq istəyirəm...

-Neynirsən yaşamağı?
-Bir az işlərim var. Balamı böyütmək istəyirəm. Yazmaq istədiyim yazılar var. Qarabağın işğaldan azad olunmağını görmək istəyirəm. Burda dəfn olunanları kəndimizə aparmaq fikrim var

-Sonra da ölüm...
-Yox, hələ tələsmə. Yaşlı bir kişi olum. Balaca uşaqlara konfet çıxarıb verim.

-Səni də yolun o tərəfinə keçirərlər...
-Yox, indiki uşaqlara etibar yoxdur. Qəsdən maşının altına atarlar.

-Bir çox şairlər sonradan böyük nasir olur. Sən niyə roman, povest yazmadın?
-Mənim hekayələrim çoxdur. Onlar da yaxşı qarşılandı. Amma o hekayələrin özü də sətirdən sətrə keçən poyeziyadır. Misralarla yox, cümlələrlə qələmə alınıb. Nəsr yazmaq ürəyimdən keçir. Bir hekayə var. Onu yazmaqdan ötrü ürəyim partlayır. Bir erməni qızı haqqında olacaq. Həyatda onun prototipi var. Mən o qızı dəfələrlə görmüşdüm. Əsgəranın kəndindən olan bir qız idi.


"Mən sarımsaq yeməyənləri sevirəm"


-Sevirdin onu?
-Yox, o, məndən böyük idi. Sevə bilməzdim. Həm də sarımsaq yeyirdi.

-Sarımsaq yeyən qızları sevmirlər?
-Mən sarımsaq yeməyənləri sevirəm. Atası ilə bizim kəndə nəsə satmağa gəlirdilər.
-Yenidən doğulsaydın, hansı millətin nümayəndəsi olmaq istəyərdin?
-Bundan əvvəlki dünyamda şotland olmuşam. Bunun testi var. Yoxlamışam, belə çıxıb. 500 ildən sonra doğulsaydım, azərbaycanlı olmaq istərdim.
Qayıdıb gəlib görərdim ki, bu Azərbaycanda məni tanıyan, xatırlayan biri varmı? Bunu yoxlamaq üçün azərbaycanlı olmaq istərdim, çünki bu millətə çox etibarım yoxdur. Birdən məni unudarlar.

-Onun üçün ən azından Nizami, Füzili, Nəsimi olmalısan. Olmasan, heç kimin yadına düşməyəcəksən. Yada düşmək üçün gərək dərsliklərə düşəsən...
-Bunu yoxlamaq üçün qayıdıb bura gəlmək istəyirəm. Gedərdim Yaponiyaya. Ya Koreyada, ya da Yaponiyada doğulardım. Mən inkişaf etmiş şərqli olmaq istərdim. Mən Skandinaviya ölkəsində yaşaya bilmərəm. Günəşi görməyəndə depressiyaya düşürəm. Ona görə də Günəşin ofisində doğulardım. Yaponiya Günəşin iş yeridi…

-Sonda bəlkə bir şeir oxuyasan...
- Müharibə əlili
İşdi-qəzadı səndən əvvəl ölsəm...
Hərdən anamdan xəlvət...
Dağa bax, sən allah...
Sağ-salamat ölsəydim...
Nə olar, bir səhər durub görəsən...
Rum rəqəmiylə onuncu...
Yanvar adında oğlan...
Ağaclar hamısı kürəkən, qayın
Bəlkə də bu qanundu...
Görsən ki, qaranlıq çökür aləmə...
Qələt eləyərəm desəm...
Başının uğultusu...
Nöqtələr
Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?
Canım-gözüm, şükür de ki...
Yazırsan ölürəm...
Nə olar bir səhər durub görəsən...
Rum rəqəmiylə onuncu
Görsən üşüyürsən...
Ağaclar hamısı kürəkən, qayın...
Yığışıb qarama yüz söz deyərlər
Müharibə əlili
İşdi-qəzadı, səndən əvvəl ölsəm
Tövbə, görünməyib fəlakət belə.



Qeyd: Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub. 27 mart 2014-cü ildə "Ulduz" jurnalının baş redaktoru təyin olunub.
O, əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazıb. Böyük ədəbiyyata 1990-cı ildə "Ulduz" jurnalında çap olunan şeirləri ilə gəlib.
"Sənsən hər yer", "Külək poçtdu", "Nabran novellası" və "Nöqtələr" kitablarının müəllifidir.

Babək Göyüş
AzNews.az