Niyazi Mehdi Niyazi Mehdi

Ateistlə ilahiyyatçının əbədi söhbətlərindən

Niyazi Mehdi




(ikinci yazı)

Həqiqət anlayışından doğan çaşqınlıq

Ötən yazıda sual qoymuşdum: mən niyə ateist olmaya-olmaya böyük ateistlərə böyük ilahiyyatçılar qədər heyranam, müsəlman ola-ola Xristianlığa, Buddizmə, İudaizmə və daha nə qədər təriqətə, dinəsə heyranam?

Mənə hansı ateist yaddır? Mənə hansı müsəlman, hansı xristian (və s.) yaddır? Onlar ki. özlərini düz, başqalarını əyri sayırlar.

Sayın oxucu, beləcə, biz gəldik çatdıq dində düz və əyri olanlara. Adi adam deyir, əgər sən filan paltarı, filan dini, filan musiqini o birilərindən üstün sayırsansa, göstər ki, o doğru, o biriləri yanlışdır. Adi bilinc "həqiqət", "gerçək" anlayışının quludur. O tələb edir ki, mənə doğru dini, doğru fəlsəfəni, doğru sənəti göstər. Əgər doğru din, doğru sənət, doğru fəlsəfə yoxdursa, niyə mən hansınasa özümü bağlamalıyam?!

Keçək metaforalara

Bəzi nəsnələri anlamaqda yeməklər çox yaxşı metaforalar verir. Necə demək olar ki, Şəki pitisi gürcü xaçapurisinə baxanda doğrudur?! Heç cürə! Ancaq demək olar ki, bizim piti gürcü xaçapurisinə baxanda, tutalım, yaxşıdır.

Yaxşı nədir? Kant açmışdı: yaxşı yararlı olandır.

NƏYİNSƏ YAXŞI OLMASI HANSI MƏQSƏDLƏRƏ CAVAB VERMƏSİ, YƏNİ O MƏQSƏDLƏRƏ YARARLI OLMASI İLƏ ÖLÇÜLÜR.

Sən pitini, ya xaçapurini yemək seçimi qarşısında durmusansa, o biri yandan, pitini tökməyə dərin qabın yoxdursa, xaçapuri sənə yararlı, deməli, yaxşı olacaq.

FB-də mənim ateizmlə bağlı keçən yazıda anlatdığım dartışmada bir qıza cavab vermişdim ki, mən sizə heç cürə sübut edə bilmərəm ki, Bethovenin filan simfoniyasını sevin. İndi dəqiqləşdirə bilərəm: əgər siz musiqi sənətindən avropalıların aldığı ləzzəti almağı məqsəd qoymusunuzsa, Avropa estetikasını mənimsəmək istəyirsinizsə, Avropa "musiqi süfrəsinin" verdiyi yeməklərdən yemək istəyirsinizsə, Bethoven simfoniyasından ləzzət almağı öyrənmən yaxşıdır. Bəs ləzzət almağı necə öyrənmək olar? Bəlkə bunun "texnikasından" sonra danışdım.

Dinlər üçün həqiqətin irrelevantlığı

Buradan dinlərlə ilgili çıxan sonuclar. Gerçək, həqiqət baxımından çox doğru, az doğru din yoxdur. Elmi dildə belə demək olar: həqiqət ölçüləri dinlərə relevant deyil (yəni onlara dəxli yoxdur). Bu anlamda "mən ona görə İslam imanındayam ki, dünya haqqında ən gerçək bilgiləri verir" diskursu düz deyil. Doğrudan da desən ki, əslində İbrahim peyğəmbər İsmayılı qurban kəsmək istəyib, İsakı yox, ona görə də Tövratda belə deyən cümlələr yanlışdır, redaktənin səhvidir, bunu nə ilə sübut edə biləcəksən?

İnanın, bir dinin, bir təriqətin o birilərinə hansısa həqiqəti sübut etməsi olammaz nəsnədir. "Ancaq filan məqsədlərə daha yaxşı cavab verir" ölçüsü ilə dinləri tutuşdurmaq düz olar. Məsələn, Azərbaycan mədəniyyətinin tarixini gələcək nəsillərin mentaliteti üçün önəmli sayırsansa, İslam daha yeydir. Yox, Allah göstərməsin, birdən elə vəziyyət olsa ki, salamat qalmaq üçün Azəri mentalitetini yox edib başqa mentalitet yaratmaq gərəkdir, o zaman İslam əngəl olacaq. Bəzi islahatçılar düşünəndə ki Azərbaycanın bütün dərdləri İslamdan gəlir, elə belə düşünürlər.

Onun üçün də islamsevərlər üçün bu vəzfəni irəli sürürürəm:

TAPIN HANSI MƏNƏVİ AMACLAR, ARZULAR BAXIMINDAN İSLAM BİZİM ÜÇÜN YAXŞIDIR (YARARLIDIR)?

TAPIN HANSI MƏNƏVİ DURUM, AMACLAR BAXIMINDAN ATEİZM BİZƏ PİSDİR.

Dini totalitarizm xaqanlıq edən toplumlarda işıqlı, düşüncəli adamlara ateizm və ya ateistsayağılıq daha yaxşı olur. Mirzə Fətəlinin ateizmi bundandır. Ancaq ateizmin tüğyan etdiyi toplumlarda işıqlı adamlar dinə meyllənirlər (bunu Sovetlərdə görmüşük).

Bu gün İraqda, Suriyada baş verən savaşlar göstərir ki, bir xeyli dinçilər, əslində dedikləri kimi, bir-birini Sünni və ya Şiə "gerçəkləri", "həqiqiləri" üstündə qırmırlar. Onların prinsipi budur: filan amaclara çatmaq, filan toplum tipini qurmaq baxımından bizim tutduğumuz dini yol DAHA YAXŞIDIR, ONA GÖRƏ DƏ BAŞQALARINA ÖLÜM!

Məsələ bundadırsa, gəlin onun üstündə dartışmayaq ki, necə namaz qılmaq doğrudur. Mübahisə etmək istəyirsinizsə, aydınca deyin: filan cür namaz qılmaq filan məqsədlər üçün (tutalım, sünnilərdən ayrılıb yadlaşmaq üçün) daha yeydir.