18:50
(077) 610-22-33

Hacı Məmmədov DTX-dən köçürüldü

  • >
7 910 2 May 2016 15:27 | Cəmiyyət

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan, paytaxtda adam oğurluğu və digər çoxsaylı ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun səhhətində problem yaranıb.


Bu barədə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.

Vəkil bildirib ki, təcridxanada saxlanılan H.Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. O, hazırda müəssisədə həkim nəzarətində saxlanılır: "Səhhətində problemlər yarandığından onu müalicə müəssisəsinə köçürüblər. Hazırda Hacı Məmmədov oradadır".

Qeyd edək ki, ötən il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

Trend.az
Bağla X