21:09
(077) 610-22-33

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

  • >
1 242 3 Avqust 2016 11:43 | Cəmiyyət

2016-cı ildə Azərbaycanda 283 nəfər İİV-ə yoluxub.


Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülüb. Səhiyyə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. 1798 nəfər isə QİÇS mərhələsindədir.

İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 7,3 faizdə yoluxma yolu müəyyən edilməyib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3240 İİV-lə yaşayan insan cəlb olunub.

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.

Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin I yarım ili ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS bağlı maarifləndirmə işləri gücləndirib, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilib. Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

Bağla X