07:30
(077) 610-22-33

Xədicə İsmayılın kompensasiya iddiası araşdırılır

  • >
1 060 24 Avqust 2016 14:29 | Cəmiyyət

Bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın Baş Prokurorluqdan kompensasiya iddiası üzrə məhkəmə prosesi keçirilib.


Prosesdə çıxış edən X.İsmayılovanın nümayəndəsi Yalçın İmanov bildirib ki, müdafiə etdiyi şəxs 5 dekabr 2014 il tarixindən 6 mart 2015-ci il tarixinədək həbsdə olub. X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə şübhəli bilinib Səbail rayonu Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. 91 gün keçəndən sonra ona digər maddələr üzrə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə onun barəsində bəraət hökmü çıxarılıb. Ali Məhkəmədə qərar təsdiqini taparaq qanuni qüvvəyə minib. Tutulan zaman Xədicə İsmayıl "Azadlıq" radiosununda çalışıb və aylıq 2 min manat əməkhaqqı alıb. Saxlandığı 91 gün ərzində onun ailəsi yanına taksiylə gedib, mədəsindən əməliyyat olunduğu üçün ona dietik yeməklər aparılıb. Bunların hamısı hesablanaraq ümumi olaraq 9030 manat təşkil edir. Bu Xədicə İsmayılovaya dəyən maddi ziyandır. Mənəvi zərər kimi isə 20 min manat tələb qoyulub".

Bakı şəhər prokurorluğunun nümayəndəsi Günel Əkbərli bildirib ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməsin: "5 dekabr 2014-cü ildə onun barəsində Cinayət işi başlanılıb. Əsaslar olduğundan barəsində həbs-qətimkan tədbiri seçilib".

Vəkil Y.İmanov məhkəməyə sənədlər təqdim edib. O bildirib ki, Xədicə İsmayılova vergi ödəyicisi olub. " Vergilər Nazirliyinə sorğu ilə müraciət etmişik. Sorğumuza cavab olaraq bildiriblər ki, Xədicə İsmayılova 2011-2014-cü illərdə 103 min manata gəlir əldə edib və bundan 4 mini sadələşmiş olaraq vergi verib".

Maliyyə Nazirliyinin nümayəndəsi də çıxışında iddianın təmin edilməməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 23-də davam edəcək.

Qeyd edək ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O jurnalist Tural Mustayevin özünü öldürmə həddinə çatdırmada şübhəli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.
X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Trend.az
Bağla X