05:40
(077) 610-22-33

Qənirə Paşayeva: “Qanun maddəsi yerinə yetirilmir“

  • >
374 1 Fevral 2013 16:30 | Cəmiyyət

Parlament tərəfindən hələ bir neçə il öncə qəbul edilmiş "Tütün və tütün məmulatları haqqında" qanunun icrası yox dərəcəsindədir, çünki bu gün Azərbaycan, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, tütün məmulatlarından, siqaretdən istifadə edənlərin sayına görə ön yerlərdən birini tutur.




Bu fikirləri Milli Məclisin 2013-cü il yaz sessiyasının ilk iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkilinin qeyd etdiyinə görə, bu gün, xüsusilə, orta məktəb şagirdləri, yeniyetmələr, 18 yaşına çatmayanlar arasında siqaretdən istifadə edənlərin sayı kəskin dərəcədə artmaqda və bu məqam ciddi narahatlıq doğurmaqdadır.

Onun sözlərinə görə, "Tütün və tütün məmulatları haqqında" qanunun 15.3-cü maddəsi siqaret satışı ilə bağlı qadağaları tənzimləyir: "Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır. Amma çox təəssüf ki, hətta parlament səviyyəsində bu məsələni bir neçə dəfə səsləndirməyimizə baxmayaraq, hələ də qanunun maddəsi yerinə yetirilmir".
Sözügedən qanunun 15.5-ci maddəsinin tələbinə görə isə tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağandır. Amma bu gün tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı çox rahat şəkildə həyata keçirilir.
"Qanunun 15.6-ci maddəsinə əsasən isə tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır. Mən şəxsən belə yazıları görmədim və bu gün də demək olar ki, heç yerdə görmürəm. Ona görə də hesab edirəm ki, həmin qanunun icrası məsələsi, o cümlədən ona ciddi dəyişikliklər edilməsi, onun maddələrinin sərtləşdirilməsi məsələsi öz həllini tapmalı və bu proses sürətləndirilməlidir. Bu məsələdə heç cür gecikməyə yol vermək olmaz. Əslində biz bu məsələdə çox gecikmişik, narahatlıq doğuran faktlar göz qarşısındadır", - Paşayeva deyib.

AzNews.az
Bağla X