07:13
(077) 610-22-33

“Əkrəm Əylislini aşağılamaq bizə yaraşmaz” - MÜSAHİBƏ

  • >
278 8 Fevral 2013 09:40 | Cəmiyyət

“Problemlər hakimiyyəti adekvat tədbirlər görməyə vadar edir”

Ayaz Mütəllimov: "Faciənin fonunda hər hansı tərif və ya düşməni təmizə çıxarmaq cəhdi millətin təhqir olunması kimi qəbul olunacaq"

Eks-prezident Ayaz Mütəllibov AzNews.az-ın suallarını cavablandırıb:

- Ayaz müəllim, ölkədə etiraz aksiyalarının baş verməsini nə ilə izah edərdiniz?

- Politologiyada belə bir termin var: ictimai əhval-ruhiyyə. Bu terminləri müvafiq mərkəzlər rəhbər tutaraq sosioloji sorğular keçirir və onların nəticələri əsasında hökumətə öz tövsiyələrini verir. Əgər hakimiyyət vəziyyəti öyrənməkdə maraqlıdırsa, onlar bu mərkəzlərə müvafiq tapşırıqlar göndərirlər. Mənim bu materiallar haqqında məlumatım olmadığına görə, mülahizələrə əl atmaq məcburiyyətindəyəm. Fikrimcə, ölkədə bir sıra problemlər mövcuddur ki, müvafiq hakimiyyət orqanları tərəfindən adekvat tədbirlərin görülməsi lazımdır. Bu ona görə lazımdır ki, narazı təbəqənin etiraz aksiyalarına cəlb olunmasına bəhanə axtaranlar bundan istifadə etməsinlər.

- Bu narazılıqlarla bağlı hakimiyyətin atdığı addımlar necə olmalıdır?

- Birincisi, öz-özünə əmələ gələn etiraz aksiyalarını qabaqlayan sistem yaratmaq lazımdır. Bunun üçün hakimiyyət yerlərdə, respublikanın şəhər və rayonlarında vəziyyət barədə obyektiv informasiyaya malik olmalıdır. Bunu bildikdə isə qabaqlayıcı tədbirlər görmək olar. Əldə olunan məlumatlar əsasında həm bütövlükdə dövlət səviyyəsində, həm də rayon miqyasında qısamüddətli və uzunmüddətli tədbirlər işləyib hazırlamaq olar. Bunun əsasında isə məqsədli proqramlar işlənib hazırlanmalıdır. Gənclərin problemləri üzrə məqsədli kompleks dövlət proqramının işlənib hazırlanmasından başlamaq olar. Bu gün cəmiyyətin ən aktiv hissəsi gənclərdir.

- Aksiyaların, etirazların təşkilində müxalifət izi axtarmaq nə dərəcədə düzgündür?

- Müxalifətin fəaliyyəti şəffaf və konstitusiya normalarına uyğun olmalıdır. Bu zaman onun fəaliyyətində heç kimə "iz" axtarmaq lazım gəlməz.

- Bəs bununla bağlı siyasi düşərgə təmsilçilərinin həbsi barədə fikirləriniz necədir?

- Saxlanma və həbs kimi sanksiyalar müvafiq qanunlar və onlardan irəli gələn hüquqi normativ aktlarla tənzimlənməlidir.

- Yazıçı Əkrəm Əylislinin "Daş Yuxular" əsərini oxumusunuzmu? Fikirlərinizi bilmək maraqlı olardı...

- Yox, bu kitabı oxumamışam.

- Əsərlə bağlı yazıçıya sərgilənən münasibəti nə dərəcədə məqbul saymaq olar?

- Bu kitabın məzmununu bilmədən, onun haqqında mühakimə yürütmək çətindir. Lakin mətbuatda verilən məlumatlar onun haqqında ehtimal etməyə əsas verir ki, kitab 25 il əvvəl həyatımıza müdaxilə edən ən ağrılı bir məsələyə toxunub. Bu, dövlətçiliyimizə qarşı təcavüz, xalqımızın faciəsidir. Bu faciənin fonunda hər hansı tərif və ya düşməni təmizə çıxarmaq üçün edilən istənilən cəhd millətin təhqir olunması kimi qəbul olunacaq.
Bununla belə, müəllifi aşağılamaq bizə yaraşmaz və bununla da bu kitabı birbaşa və ya dolayısı yolla şöhrətləndirmək məqsədəuyğun sayılmaz. Kitab müəllifin yalnız şəxsi fikrini və bədii uydurmasını əks etdirir.

Gültəkin
AzNews.az

Bağla X