08:49
(077) 610-22-33

Azərbaycanla Rusiya arasında helikopter servis mərkəzinin yaradılmasına dair tədbirlər planı imzalandı

  • >
637 25 May 2017 18:43 | Cəmiyyət

Moskvada 10-cu “HeliRussia-2017” Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanda helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilib.

AzNews.az AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” Holdinqinin baş direktoru Andrey Boqinskiy, "Silk Way Holding"in prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”in baş direktoru Azər Sultanov danışıqlarda iştirak ediblər.

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 16-cı iclasının qərarlarının yerinə yetirilməsi çərçivəsində tərəflər Azərbaycanda Rusiya və sovet istehsalı mülki və hərbi helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin açılmasına dair layihənin həyata keçirilməsində qarşılıqlı marağı təsdiqləyiblər.

Sözügedən layihə üzrə birgə işə 2016-cı ildə başlanılıb. Bakıda “ADEX 2016” sərgisi çərçivəsində "Silk Way Helicopter Services" və "Vertolyotı Rossii" Azərbaycan ərazisində Rusiya istehsalı Mi-8/17 tipli mülki helikopterlərin təmiri üzrə servis mərkəzinin açılmasına dair saziş imzalayıb. Başlanan işin davamı olaraq 10-cu “HeliRussia-2017” Beynəlxalq Sərgisində AZAL prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” Holdinqinin baş direktoru Andrey Boqinskiy "Azərbaycan ərazisində Rusiya və sovet istehsalı mülki helikopter texnikasının təmiri və texniki xidmət üzrə servis mərkəzinin təşkili layihəsinə dair 2017-ci il üçün Əsas Tədbirlər Planı"nı imzalayıblar.

"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A”, “Leonardo Helicopters AW139”, “Airbus Helicopters AS-332L1”, “Airbus Helicopters EC-155B1”, “Mi-8MTV-1”, “Mi-8AMT” helikopterləri¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.

"Vertolyotı Rossii" - Rusiyada helikopterlərin yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi helikopterlərin layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.

Bağla X