05:50
(077) 610-22-33

Əkrəm Əylislinin Zəkəriyyəsi

  • >
351 16 Fevral 2013 10:09 | Cəmiyyət

Və ya saxtalaşdırılan Naxçıvan tarixi



Cümşüd Nuriyev

Ə.Əylislinin "Daş yuxuları" romanında saxtalaşdırılan Naxçıvan tarixini sənədlərlə Sizlərə təqdim edirik:

1. Romanda yazılır ki, "VIII-XIII əsrlər ərzində ərəblər, türklər, monqol-tatarlar, oğuzlar, səlcuqlar erməniləri qırıblar".

- Qeyd etmək istərdik ki, hayların bu torpaqlara sonradan gəlməsi elmi cəhətdən aksiomadır. XIX əsrin axırlarına qədər hayların yaranması haqqındakı kanonik versiya, erməni tarixçisi kimi tanıdılan Moisey Xorenatsiyə görə, ermənilərin ulu babası Hayk Nuh Peyğəmbərin nəslindəndir. Nə M.Xorenatsi, nə də qədim tarixçilər Urartu dövlətinin ermənilərə aid olduğu barədə hər hansı bir məlumat vermişlər. İlk dəfə müasir Türkiyə ərazisində "Böyük Erməstan" dövlətinin olduğunu "sübut etmək" üçün belə cəhdlər göstərilmişdir. Bu I Dünya müharibəsi zamanı Qərb dövlətləri və Rusiya imperiyasının Osmanlı imperiyasını saxta "erməni qenosidində" ittiham etməkdən ötrü hazırlanmış bir tələ idi ki, hələ də Türkiyə ondan qurtula bilməmişdir.

Ötən əsrin ortalarından başlayaraq erməni alimləri Q.Kapantsyan, Y. Manandyan, B.Arakelyan və S.Yeremyan ermənilərin ulu babalarının Hayas vilayətindən olduqları haqqında çoxsaylı əsərlər yazdılar. Onlar hayasın indiki Türkiyə ərazisində olduğu barədə nə qədər iddialar irəli sürsələr də, tarixçilər sübut etdilər ki, nə müasir Türkiyənin hüdudları daxilində, nə də Qafqaz ərazisində tapılan arxeoloji mədəniyyət abidələrində hayların bu torpaqlarda qədimdən məskunlaşması haqqında heç bir tarixi dəlil yoxdur.

Matendarandə saxlanılın kupçaya (mülkiyyət sahibliyini təsdiq edən sənəd) görə, 1431-ci ildə Ağqoyunlu padişahı Yaqubun nümayəndəsi Əmir Rüstəm Makulu Qriqoriyə 530 min təbriz dinarına İrəvan xanlığının 7 kəndini – Vaqarşapat (Eçmiadzin-Üçkilsə), Aştarak, Batrinc, Noragavit, Aqunatun, Kirəcli və Muğni kəndlərini satdı. İrəvan türklərinin faciəsi də elə həmin tarixdən başlayır. Varlanmış haylar XIX əsrin əvvəllərində artıq 60 qədim Oğuz kəndlərini pula alaraq erməniləşdirə bilmişdilər. Məhz indiki Ermənstan dövləti Rus İmperiyasının yardımı ilə həmin 60 türk kəndlərinin bazasında yaradılmışdır.

Deməli VIII-XIII əsrlərdə nəinki Naxçıvanda, ümumiyyətlə bütün Qafqazda belə hay olmayıb. Haylar İrəvanın (təbii ki, adını Erebuni qoymaq şərti ilə) 2800 illliyini qeyd etmək üçün YUNESKO-ya müraciət etsələr də, tarixi sənədləri təqdim edə bilmədikləri üçün rədd olundu. Əkrəm müəllim isə ermənilərin Qafqaza gəlmək tarixini 700 ilə yaxın "qədimləşdirməyə nail olub".

2. Əylis kəndində ermənilərin çox olduğu iddia olunur.
- Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2001-ci ildə "Elm" nəşriyyatında çap olunmuş 1590-cı il və 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftər"lərinin və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri"nin ( 9 məhərrəm 1140 (27 avqust 1727), Tərcümə edənlər: Ziya Bünyadov və Hüsaməddin Məmmədov(Qaramanlı)) - toxunduğumuz məsələ ilə əlaqədar zəngin faktiki material vardır. Bu mənbələrdə Naxçıvan sancağının hüdudları haqqında verilən məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam təsəvvür yaradır.

Qeyd etdiyimiz "müfəssəl dəftər"lərə görə, XVI əsrin sonlarında Naxçıvan sancağı eyni adlı qəzadan və Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt nahiyələrindən ibarət olmuşdur. XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar. Lakin ehtimal ki, bu sancaq müvəqqəti olaraq 1724-1726-cı illərdə mövcud olmuş və Naxçıvanın "müfəssəl dəftər"inin tərtibinin başa çatma ərəfəsində Ordubad sancağının saxlanılması məqsədəuyğun hesab edilməmiş, onun əhatə etdiyi ərazi isə Naxçıvan sancağının tərkibinə qatılmışdır.
Həmin dəftərin 107-137-ci səhifələrində X. Naxçıvan sancağına tabe olan Azadciran nahiyəsi bölməsində 26. Azadcıran [nahiyəsinə] tabe olan Yuxarı Əylis və 27. Azadcıran [nahiyəsinə] tabe olan Aşağı Əylis kəndlərinin yerli əhalisi haqqında dəqiq məlumat verilmişdir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə" Yuxarı və Aşağı Əylis kəndləri "Əylis" və "Səhrayi-Əylis" kimi qeyd olunmuşdular. (Adı çəkilən dəftər, N 633, s. 298, 301). Bundan əlavə XVI əsrin sonunda bu kəndlərdə 139 vergi mükəlləfiyyəti daşıyan erməni qeydə alınmışdısa (müvafıq olaraq 108 və 31).

3. Romanda qeyd olunur ki, guya Nehrəm kəndinin adı Lehrəm olub.
"Naxçıvan sancağının müfəssəl dəftəri"nin 90-105ci səhifəsində Qışlağat [nahiyəsinə] daxil olan kəndlərin siyahısında 94-96-cı səhifələrində kəndin adı 5. Qışlağat [nahiyəsinə] tabe olan NEHRƏM kimi qeyd olunmuşdur.

4. Romanda tarix daha çox "Akulisli Zəkəryiiənin gündəliyi" ilə saxtalaşdırılır.

- Birincisi, Zəkəriyyə Akulisli və ya Aqulisli deyil, Kanakerstlidir. Deməli, Əylisin tarixini bu yolla saxtalaşdırmağın özü də saxtakarlıqdır.

İkincisi, XVI-XVIII əsrlərdə ermənilərin müsəlmanlığa keçmələri (ihtida) etiqad və əqidə ile yanaşı, onların şəxsi maraqları ilə sıx əlaqəli olmuşdur. XVII əsrin müəllifı Zakariya Kanakertsinin məlumatına görə, ermənilərdə ihtida məsələsi əsasən miras bölgüsü ərəfəsində meydana çıxırdı. Müsəlmanlığı qəbul edən erməni keçmiş mirasın əsas hissəsinə yiyələnə bilirdi. Bu isə erməninin xristian qohumları arasında ciddi narazılığa səbəb olurdu. Miras bölgüsündən sonra ihtida etmiş erməni yenidən xristianlığa keçə bilərdi. Ona görə də ermənilər mirası almaq xətrinə "müsəlman" olurdular. Odur ki, ermənilərin güclə müsəlman edilmələri barədəki iddialar əsassızdır. Bax: Zakariə Kanakerüi. Xronika. Moskva, 1969.

P.S. Ermənilərin niyə bu bədnam romana film çəkmək və ermənicə nəşr etmək istədikləri yəqin ki, hörmətli oxuculara aydındır. Yəqin ki, filmin ssenarisini də başqa bir erməisevərimiz Rüstəm İbrahimbəyov yazacaq. Yazıqlar olsun!!!
Bağla X