“İnanırıq ki, Azərbaycan gəncləri, tələbələr sosial şəbəkələrdə adını, kimliyini göstərməyə cəsarəti çatmayan insanların çağırışına məhəl qoymayacaqlar” “İnanırıq ki, Azərbaycan gəncləri, tələbələr sosial şəbəkələrdə adını, kimliyini göstərməyə cəsarəti çatmayan insanların çağırışına məhəl qoymayacaqlar”

Təhsil Nazirliyi dərsləri boykot çağırışına münasibət bildirib

“İnanırıq ki, Azərbaycan gəncləri, tələbələr sosial şəbəkələrdə adını, kimliyini göstərməyə cəsarəti çatmayan insanların çağırışına məhəl qoymayacaqlar”

"Azərbaycanda sosial şəbəkələrin birində 27 fevral tarixini Azərbaycan tələbələrinin boykot günü - Tələbə etirazı günü kimi elan edilməsi təxribat və bəzi tələbələri tədrisdən yayındırmağa cəhd məqsədilə atılmış bir addımdır". Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə deyib.

Tədbir yaradıcılarından hər birinin şəxsi səhifəsi ilə tanış olduğunu deyən nazirlik rəsmisi vurğulayıb ki, mövcud səhifə saxta yaradılmış bir profildir. Onun sözlərinə görə, dəfələrlə azərbaycanlı tələbələrin təhsildən yayındırılmasına cəhd edilsə də, onların cavabı vaxtında və lazımi şəkildə verilib: "Təəssüf ki, bəzən oxumayan, tədrisdə ən aşağı nəticə göstərən tələbələrimiz də onlara qoşularaq ali məktəbdə keyfiyyətli təhsil istəyirlər. Qeyd edim ki, təhsildə ən çox rüşvətin səbəbini yaradan və təhsilin, tədrisin keyfiyyətinə zərbə vuranlar da məhz həmin tələbələrdir. Yaxşı oxuyan tələbələrin ali məktəbdə heç vaxt qiymət problemi olmayıb və rüşvətlə üzləşməyiblər. Biz özümüz də nazirlik olaraq hər zaman belə tələbələrə və onların yaratdığı neqativ hallara qarşı mübarizə aparmışıq. İnanırıq ki, Azərbaycan gəncləri, tələbələr sosial şəbəkələrdə öz adını, kimliyini göstərməyə cəsarəti çatmayan belə insanların çağırışına məhəl qoymayacaqlar. Düzdür, bu gün ölkədə sosial şəbəkələr xeyli genişlənib və onun cəmiyyətə təsiri də çoxdur. Amma tələbələrə məsləhət görərdik ki, sosial şəbəkələrdə hansısa təxribat xarakterli məlumatlar paylaşmaqdansa, ölkəni, təhsil sistemini təmsil edən yazılara daha çox üstünlük versinlər."

Qeyd edək ki, Azərbaycanda sosial şəbəkələrin birində 27 fevral tarixi Azərbaycan tələbələrinin boykot günü - Tələbə etirazı günü kimi elan edilib. 17 131 nəfərə göndərilən dəvətə əsasən 1628 nəfər "Gedir", 320 nəfər "Bəlkə" deyə cavab verib, 15 183 nəfər isə bitərəf qalıb. Səhifədə qeyd olunur: "Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edək! Tələbələri ilin bir günü də olsa, birləşməyə və haqqımızı tələb etməyə səsləyirik. Gənc və təhsilli nəsil - hər şey bizlərdən başlamalı! Biganə qalmayaq! Bizə təhsil lazımdır! İstər özəl, istərsə də dövlət universitetlərində oxuyan razı və narazı hər bir tələbəyə duyururuq səsimizi. Təyin etdiyimiz tarixdə heç bir tələbə dərsə girməsin. Bu qədər bəsit, bu qədər qəliz. Səbəbini ən yaxşı siz bilirsiz".

AzNews.az