19:49
(077) 610-22-33

AVMVB Xocalı Təşkilatının sədri problemlərdən danışdı

  • >
551 25 Fevral 2013 13:36 | Cəmiyyət

“Müharibə veteranları ayda 35 manat müavinət alır”




1994-cü ildən fəaliyyət göstərən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin müxtəlif layihələr həyata keçirməsinə baxmayaraq hələ də veteranların bəzi problemləri həllini tapmayıb. Bunu birliyin Xocalı təşkilatının sədri Qafar Nuriyev AzNews.az-a açıqlamasında bildirib.

Təşkilat müxtəlif tədbirlər təşkil olunduğunu, şəhid ailələrinə, veteranlara yardımların paylanmasını təşkil edir, problemlərinin həlli ilə bağlı hökumət qarşısında məsələ qaldırır. Təşkilata köməkliyə gəlincə isə Q. Nuriyev bu sırada "Azərsun Holdinq"in adını çəkib:

""Azərsun Holdinq" müəyyən işlərdə yardımçı olur. Amma bu kütləvi xarakter daşımalıdır. Prezident Qarabağ həqiqətlərini, Xocalı soyqırımının dünyaya çatdırılması üçün geniş fəaliyyət göstərir. Ancaq bəzi şirkət sahibləri hələ də bunu anlamır. Demək olmaz ki, hansısa şirkət və ya təşkilat xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Elə olur ki, veteranların üzvlük haqlarının hesabına yayda rayonlardan pomidor, soğan, kartof gətirib veteranlara paylamışıq. Təşkilatımız 65 min üzvü var, hərəsi 50 qəpik verəndə böyük dəstəkdir. Onlar müharibənin ağrı-acısını görüblər. Çətinliyi, acının nə olduğunu bilirlər. Bəzi qurumlar o acını görməyiblər axı".

Qarabağ veteranlarını həyat şəraiti barədə danışan Q. Nuriyev bu sahədə dönüşün olduğunu vurğulayıb: "Yavaş-yavaş bəzi məmurlarımız da anlayır ki, veteranlara diqqət lazımdır. Torpağımızın 20 faizi işğal altındadır, əgər bu gün veteranını qayğısını çəkməsək, işğal altındakı torpaqlarımızın dərdini kim çəkəcək? Bəzən gücümüz hər şeyə çatmır. Bir yerə gedirik, bir yerə gedə bilmirik. Son zamanlar Prezident yanında QHT - lərə Dövlət Dəstəyi Fondu müxtəlif layihələrlə kömək edir".

Ancaq rayon təşkilatlarına yardım edilmədiyini deyən Q. Nuriyev müavinətin az olduğunu da vurğulayıb: "Müharibə veteranları ayda 35 manat müavinət alır. Gələcəkdə yəqin ki, bu məbləğ də artırılacaq. Ancaq müavinətin azlığı ilə yanaşı, bəzi veteranlar hətta bu məbləği də ala bilmir. Veteranın müharibədə iştirakı ilə bağlı sənədləri Müdafiə Nazirliyində tapmaq mümkün olmur. Dəhşətli bir faktdır. Onlar heç 35 manatı da ala bilmir. Bunu araşdırmaq lazımdır. Nazirlikdə müharibə veteranlarının problemləri ilə bağlı qurum yaradılıb. Bu yaxınlarda 5 müharibə veteranı ilə bağlı müraciət etdik. Onların müharibəyə getməsini təsdiqləyən sənəd var, ancaq çıxış barədə sənəd yoxdur. Onlara sənəd lazımdır, bizə deyirlər ki, onlardan pul almısınız? Belə çıxır ki bunları araşdırmamalıyıq? Bu nə qədər düzdür? 50-yə yaxın şəxsin sənədi var məndə ki, döyüşüblər, ancaq müavinət ala bilmirlər. Çünki arxiv sənədləri tapılmır. Əgər şəhid olsaydılar necə olacaqdı, belə çıxır ki, şəhid hesab edilməyəcəkdilər? Elə şəxs var ki, bütün sənədlər var, ancaq o da 35 manatı ala bilmir. Hərbi biletə möhür vurulubsa, o şəxs müharibədən sağ çıxıbsa, arxivdə sənəd tapılmırsa, hərbi bilet nəzərə alınmalıdır. Bu məsələlərdə bizə yardımçı olsalar problemlər həll edilər".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X