Teleserial çəkilişlərinə ayrılan pul ətrafında mübahisə

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli yerli teleserialların çəkilməsi üçün maliyyə dəstəyinin göstəriləcəyini vəd edib. Belə ki, o yaxın aylarda bu məqsədlə növbəti maliyyə vəsaitin ayrılacağını bildirib. Bu isə maliyyə vəsaitinin köçürüləcəyi ünvanla bağlı mübahisələri yenidən qızışdırıb.

Məlumat üçün bildirək ki, teleserialların çəkilişi üçün ayrılan vəsaitin televiziya kanallarının büdcəsinə keçirilməsi birmənalı qarşılanmayıb. Bir çox mütəxəssislər hesab edir ki, maliyyə vəsaiti televiziyalara deyil, serialı ekranlaşdıran studiyalara verilməlidir.

"Pərvanələrin rəqsi" teleserialının rejissoru Rövşən İsax isə bununla bağlı AzNews.az-a verdiyi açıqlamada serial üçün ayrılan maliyyə vəsaitinin televiziyaların hesabına köçürülməsinin vacib olduğunu deyib:

"Hər hansı prodakşın onun özünə maraqlı olan bir mövzunu serial halına gətirə bilər. Amma o film televiziya kanalının marağına səbəb olmaz. Belə olan halda böyük anlaşılmazlıq yaranacaq. Çünki istənilən televiziya kanalının bir məqsədi var-serial tamaşaçı marağına səbəb olsun. Odur ki, serial üçün maliyyə vəsaitinin televiziya kanalına verilməsi daha yaxşı olar".

Bahar Rüstəmli
AzNews.az