19:51
(077) 610-22-33

Siyasi partiyalar Əkrəm Əylislini müdafiə edən beynəlxalq təşkilatlara qəzəbləndi

  • >
559 28 Fevral 2013 11:54 | Cəmiyyət

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Human Rights Watch və digər beynəlxalq təşkilatların Əkrəm Əylisli ilə bağlı müraciətinə dair bəyanat imzalayıblar.


AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMİP-in təşəbbüsü ilə hazırlanmış bəyanat digər siyasi partiyalar tərəfindən də imzalanıb. Bəyanatda Ə. Əylislinin "Daş yuxular" romanı ilə Azərbaycan xalqını təhqir etməsi qeyd olunmaqla, onu xalqımızı XX əsrin əvvəllərində və sonunda erməniləri kütləvi şəkildə və qəddarcasına qətlə yetirməkdə günahlandırması, Azərbaycan xalqını vəhşi və qaniçən kimi təsvir etməsi pislənilib, əsərdə İslam dininə qarşı hörmətsizlik nümayiş etdirilməsinin yolverilməz olduğu vurğulanıb.

Azərbaycan xalqını, onun mənəvi dəyərlərini təhqir edən Əkrəm Əylislinin əsərdə nədənsə 1905-1907 və 1918-1920-ci illərdə Cənubi Qafqazın demək olar ki, bütün yaşayış məntəqələrində azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinə, azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələrinin yerlə yeksan edilməsinə, Bakıda, İrəvanda, Qubada, Şamaxıda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğın cinayətləri törətdiklərini təsvir etməməsinə toxunan bəyanat müəllifləri "Daş yuxular" romanını erməni "təəssübünü" çəkən bəzi beynəlxalq mərkəzlər tərəfindən qabaqcadan hazırlanmış təxribat kimi qiymətləndirdiklərini bəyan ediblər.

Siyasi partiyalar Azərbaycanın 20 faiz ərazisinin işğal olunmasına, öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasına göz yuman bu təşkilatların hər fürsətdə dünyada azərbaycanlılarla bağlı barbar obrazı yaratmaq cəhdinin yolverilməz olduğunu bildirib, Human Rights Watch və digər beynəlxalq təşkilatları belə addımlardan çəkinməyə və anti-Azərbaycan təbliğatını dayandırmağa çağırıblar.

Bəyanatı Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azad Azərbaycan Partiyası, Azərbaycan İslam Demokrat Partiyası, Xalq Azadlıq Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Dünyəvi Bozqurd Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası və Ana Vətən Partiyası imzalayıb. Bəyanat digər siyasi partiyaların imzalaması üçün də açıqdır.

AzNews.az
Bağla X