"Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək". "Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək".

“Dilçilik İnstitutuna hücum etməyə lüzum yoxdur”

"Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək".

Bunu "Report"a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

O qeyd edib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərə­findən hazırlanıb və ictimaiyyətə ge­niş müzakirə üçün təqdim olunub: "Orfoqrafiya Komissiyasının üzvləri respublikamızın çox dəyərli ziyalıları, tanınmış dilçi-alim­lərdir. Orfoqrafiya qaydaları yalnız geniş müzakirədən sonra təsdiq olunmaq üçün Na­zirlər Kabinetinə gön­dəri­ləcək".

B.Məhərəmlinin sözlərinə görə, son zamanlar mətbuatda bu qaydalarla bağlı müzakirələr aparılır, həm haqlı, həm də haqsız fikirlər səsləndirilir: "Hətta bəzi tanınmış ziyalılar yeni orfoq­rafiya lüğətinin və qaydalarının tərtibinə ehtiyac olmadığını bildirirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli Dövlət dili haqqında Qanununun 13-cü bəndinə əsasən orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz. Əgər yeni orfoqrafiya lüğəti tərtib edilirsə, həmin lüğətin əvvəlində orfoqrafiya qaydaları da verilməlidir. Bu, hər zaman belə olub. Həmin qaydalar da Azərbaycan Respub­likasının Nazirlər Kabi­neti tərəfindən təsdiq edilir. Digər tərəfdən, “Orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü ildə çap olunmuş 110 563 sözdən ibarət 6-cı nəşrində yol verilən qüsurları aradan qaldırmaq üçün yeni orfoq­rafiya lüğətinin tərtib olun­masına ehtiyac var. Uzun müd­dətdir mətbuatda həmin lüğət kifayət qədər tənqid edil­miş­dir. Çünki həmin lüğətdə artıq dilimizi tərk etmiş ərəb və fars sözləri, süni sözlər, arxaik sözlər, dialekt sözləri yer alıb. Həmin lüğətdə dilimizə daxil olan yeni sözlər öz əksini tapmayıb. Yeni orfoqrafiya lüğətinə iki minə yaxın yeni sözün daxil edil­məsi nəzərdə tutulur".

B.Məhərrəmli müzakirəyə verilən 69 maddədən ibarət orfoqrafiya qaydalarının həddindən artıq çox olduğu fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, orfoqrafiya lüğətində qaydalar və prinsiplər nə qədər çox olsa, insanlar üçün orfoqrafiya lüğətinin istifadəsi daha asan olar: "Müqayisə üçün göstərək ki, Türkiyədə türk dilinin orfoqrafiya lüğəti olan “Yazım Kılavuzu”nda 100-dən çox qayda var və həmin lüğət Türk Dil Kurumu tərəfindən 27 dəfə nəşr olunub".

"Orfoqrafiya lüğəti cəmiyyətin müxtəlif təbəqələri üçün nəzərdə tutulur. Əvvəlki lüğətdə 38 maddə verilmişdi. Ancaq həmin maddələr yazımızda ortaya çıxan bir sıra sualları cavablandıra bilmirdi. Məsələn, apostrof işarəsi orfoq­ra­fi­yamızda ləğv olu­nandan sonra cürət, məşəl, vüsət tipli sözlərin sətirdən sətrə keçirilməsi məsələsində bir anla­şılmazlıq yaranmışdı. İndiki qay­dalarda yazılır ki, həmin sözlər sətirdən sətrə cü-rət, mə-şəl kimi keçirilməlidir. Bu izah da mövcud anlaşılmazlığa son qoyur", - deyə B.Məhərrəmli bildirib.

Direktor onu da bildirib ki, mətbuatda gedən "yeni orfoqrafiya qaydalarında Baş Nazir sözünün ilk hərflərinin böyük hərflə yazılması təklif edilir" xəbəri yanlışdır: "Çünki “Azərbaycan dilinin orfoq­ra­fiya lüğəti”nin 2013-cü il nəşrində bu qayda verilmişdir, yəni həmin qayda heç də yeni deyil. Eyni zamanda iddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılıb. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsə­əuyğundur. Yəni bu tipli məlumatlar sübut edir ki, bəzi insanların əvvəlki qaydalardan xəbəri yoxdur. Yazılan bəzi şərhlərdə məlumat­sızlıq, qeyri-obyektivlik özünü göstərir. Ona görə də mətbuatda ədalət və obyektivlik prinsipləri göz­lənilməlidir. Təbii ki, Nəsimi adına Dilçilik İnstitutu orfoq­rafiya qaydaları ilə bağlı ziyalı­larımızın haqlı irad və təkliflərini nəzərə ala­caq və tezliklə yeni orfoqrafiya lüğətini xalqımızın istifadəsinə verəcək".

AzNews.az