09:04
(077) 610-22-33

Avropa Məhkəməsi “Cümə” Məscidinin şikayətini rədd edib

  • >
395 5 Mart 2013 13:54 | Cəmiyyət

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Cümə" Məscidi dini icması və onun üzvləri İlqar İbrahimoğlu, Azər Səmədov, Azad İsayev, İlqar Əlizadə, Nəcəf Allahverdiyev, Adil Hüseynov, Ramin Tahirov, Pərviz Hacıyev, Eldar Sultanov və Namin Axundovun Azərbaycan Respublikasına qarşı şikayətini rədd edib.

APA-nın xəbərinə görə, Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, ərizəçilər dini icmanın qeydiyyata alınmaması ilə əlaqədar Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmədiyinə görə dövlətdaxili hüquq müdafiə vasitələri tükənməyib və bu səbəbdən şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü hissələrinə əsasən rədd edilməlidir.

Digər tərəfdən, Avropa Məhkəməsi bildirib ki, dini icmanın hər hansı qanuni istifadə hüququ olmadığı binadan çıxarılması ərizəçilərin Konvensiyanın 11-ci maddəsi nəzərə alınmaqla təfsir edilən 9-cu maddəsinin təmin etdiyi dini azadlıq hüququna əsassız müdaxilə hesab oluna bilməz. Beləliklə, bu şikayət əsassız olduğu üçün 35-ci maddənin 3-cü hissəsinə əsasən qəbuledilməz sayılıb və Konvensiyanın 35-ci maddəsinin 4-cü hissəsinə əsasən rədd edilib.

Ərizəçilər, həmçinin Konvensiyanın 6-cı və 13-cü maddələrinə əsasən məhkəmələrin müstəqil və qərəzsiz olmadığından və ölkə daxili proseslərin "ağlabatan müddət" tələbi pozulmaqla həyata keçirildiyindən şikayət edərək bu proseslərin "Azərbaycan məhkəmələri üçün normal sayılan vaxtdan daha qısa müddət ərzində" davam etdiyini bildirib, Konvensiyanın 9, 10 və 11-ci maddələri ilə birlikdə 14-cü maddə əsasında şikayət edərək dini etiqadlarına və siyasi baxışlarına görə ayrı-seçkiliyə məruz qalmalarından şikayət ediblər.

Avropa Məhkəməsi işdə olan bütün materialları nəzərə alaraq ərizənin bu hissəsində Konvensiyanın pozuntusu müəyyən etməyib. Buna görə də məhkəmə əsasız olduğu üçün 35-ci maddənin 3-cü hissəsinə əsasən qəbuledilməz sayıb, Konvensiyanın 35-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq rədd edilməsi barədə qərar verib.

Qeyd edək ki, "Cümə" Məscidi dini icması və onun üzvləri Avropa Məhkəməsinə müraciət edərək dini icmanın dövlət qeydiyyatına alınmaması və İçərişəhərdə yerləşən məsciddən çıxarılması barədə şikayət ediblər. 2002-ci ilin iyun ayında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra, dini icmaların yeni qanunvericiliyə əməl etməsini təmin etmək üçün əvvəllər qeydiyyatdan keçmiş bütün dini qurumların yenidən qeydiyyata alınmaq üçün müraciət etmələri tələb edilib.

2004-cü ilin yanvar ayında "Cümə" Məscidi dini icması yenidən qeydiyyatdan keçmək üçün Dövlət Komitəsinə müraciət edib, lakin təsis sənədlərinin qanunvericiliyə uyğun olmadığı üçün Dövlət Komitəsi qeydiyyat üçün əlavə sənədlərin tələb olunduğunu bildirib.

Eyni zamanda 2004-cü ilin yanvar ayında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu ərizəçilərə məktub göndərərək onlardan on beş gün ərzində məscidi boşaltmalarını tələb edib və Səbail Rayon Məhkəməsində müraciət edərək dini icmanın Cümə Məscidindən çıxarılması barədə qərar qəbul etməyi xahiş edib. Məhkəməyə müraciətində İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu binanın qeydiyyatdan keçmiş sahibi olduğunu iddia edərək dini icmanın rəsmi qeydiyyatdan keçmiş dini qurum olmadığını və onun "Cümə" Məscidinə icarə və ya hər hansı digər əşya hüququnun olmadığını bildirib. Səbail Rayon Məhkəməsinin 2004-cü il 1 mart tarixli qətnaməsi ilə iddia təmin edilib.

AzNews.az
Bağla X