08:36
(077) 610-22-33

Müəmmalı şəkildə ölən əsgərin ailəsi danışdı - Video

  • >
377 7 Mart 2013 13:52 | Cəmiyyət

“Mənə dedi ki, kiminsə onun meyitini çəkməsinə imkan vermə. Mərhumun ruhu inciyər”




Müdafiə Nazirliyi 6 martda açıqlama yaydı ki, 2012-ci ilin aprelində Bakının Nərimanov rayonundan hərbi xidmətə çağırılan Əliyev Elman Telman oğlu döyüş növbəsi çəkərkən qəflətən vəfat edib. Əsgərin qohumu da ilk söhbətdə bu məlumatı təsdiq etdi. Amma...

Mərhum əsgərin vaxtilə yaşadığı Ceyhun Hacıbəyli küçəsinə çatarkən artıq mağar qurulmuşdu. Amma əsgərin meyiti hələ gətirilməmişdi. Mağarın içərisinə toplaşan şəxslərin əksəriyyəti E. Əliyevin qonşuları idi. Qonşulardan öyrənirik ki, Elman Əliyevin yeganə bir bacısı var. Onun yoldaşı Anar İsayev əvvəlcə qayınının ölümü haqqında danışmaq istəmir. Elmanın orta məktəbi bitirdikdən sonra əsgərliyə getdiyini və səhhətində heç bir problem olmadığını çatdırır. "Hərbi Tibb Komissiyasında onun müayinələrinin sənədlərinin üzün çıxarmışam, heç bir xəstəliyi yoxdur. Onun ölüm səbəbini bilmirik".

Qonşular nə qədər təkid etsə də Anar İsayev bu ölüm barədə heç nəyi bilmədiyini deyir. Öyrənirik ki, yas mərasiminə icra hakimiyyətindən, E. Əliyevin vəfat edərək döndüyü hərbi hissədən zabitlər gəliblər.

Bir müddətdən sonra Anar İsayev başqa bir yerdə bizimlə danışmaq istədiyini çatdırdı. Bu dəfə o, qayınının ölüm səbəblərini anlatdı. " Səhər 6-nın yarısında mənə zəng elədilər, dedilər ki, Elmanın ürəyi tutub, gəlin. Dedim ki, heç nəyə dəyilməsin, mən ona baxandan sonra tədbir görərsiniz. Gəncəyə getdim, onun yanına keçəndə paltarlarının hamısı üstündə idi. Onlar yavaş-yavaş Elmanı soyundurub şəklini çəkirdilər. Birinci gizlətdilər, onun boyun tərəfini mənə göstərmədilər. Mən özüm keçdim, boynunun arxasında "kravat" başlığına oxşar iri, qara qançır kimi zolaq var idi, belinin ortasında da bu qamçırlar var idi. Burnunun üstündə çapıq vardı, alnı içəri batmışdı, ağzından qan gəlirdi. Onu bilirəm ki, Elmanı döyüblər, özü də iki-üç nəfər döyüb. Dedilər ki, ola bilsin postda yıxılanda şərfi onun boynuna dolayıb götürəndə onun yeri qalıb. Dedim ki, bu şərf izi deyil. Telefonu çıxardım şəklin çəkim, qoymadılar. Onlar özlərin şübhəli aparırdılar. Qaçaqaça düşmüşdülər. Kiməsə zəng edirdilər, içəri keçib tez çıxıdılar".

A. İsayev deyir ki, şəxsi heyət üzrə bölmə rəisi ona deyib ki, qayınının cəsədini heç bir jurnalistə göstərməsin. " O mənə dedi ki, birdən kimsə çəkilişdən gələr, istəyər ki, kimsə onun meyitini çəksin, imkan vermə. Dedi, mərhumun ruhu inciyər. Amma biz uşaq deyilik... "

Bundan sonra hadisəni gördüklərini deyən iki nəfər şahid əsgər gətirilib. Amma A. İsayev onlarla təklikdə danışdıqda heç nəyə şahidlik etmədilərini deyiblər. " Əsgərdən soruşdum ki, orada olmusan? Dedi, yox orada olmamışam. Amma şahid kimi bizi gətiriblər. Biri sürücü idi. Sürücünün postda nə işi var, hamısı düzülüb-qoşulan işdir".

A. İsayev deyir ki, Elmanla 3 gün əvvəl telefonla danışıb. Əsgər heç kimdən və heç nədən narazılıq etməyib. " 27 fevralda ad günü idi, "pasılka" göndərmişdik. Soruşdum ki, gəlib çatdımı? Dedi, çatdı. Stanok, krem, şirniyyat, corab göndərmişdik. Heç vaxt demədi ki, məni incidirlər. İki dəfə orada olduq. Bir dəfə andiçmə mərasimində, bir dəfə də sonra... Ondan da heç bir əsgər şikayətçi deyildi, hamısı razı idi".

O deyir ki, əsgər soyuqdan donub ölə bilməzdi. "Don olsa, ayaqdan başlayar, normal adamın ayağı idi. Onu don vurmamışdı".

Elmanla bir məhlədə yaşayan yoldaşları deyir ki, "o, sakit, şən, mərifətli uşaq idi". " Bir məhlədə böyümüşük. Təzə əsgərliyə getsə deyərik ki, soyuğa düşüb dözməyib. Amma bir ilə yaxındır ki, əsgərlik çəkirdi. Ekspertiza nəyə görə 1 ay uzanmalıdır, bizə tez desinlər ki, o niyə ölüb?"

Mərhum 7 martda Bülbülə qəsəbəsində dəfn olunacaq.

Qonşuları deyir ki, Elman hamımızı güldürən adam idi. Amma həmin gün hamı onun taleyinə ağlayırdı. Öyrənirik ki, Elman azyaşlı olanda anasını itirib, atası onları tərk edib. Balaca bir otaqda bacısı ilə bir yerdə böyüyüblər. Onları heç kim böyütməyib, əziyyət çəkiblər, bir-birlərinə təsəlli olublar. Elmanın müəmmalı şəkildə vəfat etməsi və üzərində zorakılıq izlərinin olması onu tanıyanlara ağır gəlib. Elmanın ölümü bu ailədə düşən yarpaqların növbətisidir.../bizimyolinfo.com/



AzNews.az
Bağla X