10:30
(077) 610-22-33

Keçilməz yollar, hər evin bir mağazası və...- REPORTAJ

  • >
1 490 24 Mart 2013 16:55 | Cəmiyyət

Əməkdaşımız Alatava qəsəbəsində gördüklərini qələmə alıb




"Divarlar arxasindakı – Bakı" layihəsində bu dəfə sizi paytaxtın mərkəzi rayonlarından biri olan Yasamal rayonunda ikinci Alatavaya qonaq aparacağıq. Bizim gördüklərimizi, sizinlə paylaşmaq üçün azacıq zamanınızı ayırmanız yetər.

Susmaq qızıldır

Gördüklərimizdən danışmazdan əvvəl ikinci Alatava haqqında müəyyən statistik məlumatı sizinlə paylaşmaq istədik. Amma nə fayda, bu məlumatı bizə verəcək kimsə olmadığı üçün statikstikasız keçinməli olduq. Məsələ burasındadır ki, nə Yasamal bələdiyyəsi, nə də Yasamal Rayon İcra Hakimiyyətində sualımıza cavab verəcək kimsə olmadı. Bələdiyyənin telefonları ümumiyyətlə cavab vermir. İcra hakimiyyətindən isə sualımızı eşidəndə açıq şəkildə "inanmırıq ki, bunu sizə deyə biləcək kimsə tapılsın" deyə söylədilər. İsrarımızı görüb daha bir telefon nömrəsi verildi, sonradan məlum oldu ki, bu telefon başçının birinci müavininin qəbul otağına aiddir. Amma başqa qəbul otaqlarnda olduğu kimi burada da eyni cümlə - "müavin əraziyə çıxıb". Hansı əraziyə, nə zaman qayıdacaq, qayıdıtdıqdan sonra bizə Alatava haqqında məlumat verə biləcəkmi kimi suallarımız isə cavabsız qaldı. Təəccüblənmədik, çünki bu cür münasibətə adət etmək üçün jurnalistikada ilk aylar belə kifayət edər.

Kimi deyir "söksünlər", kimi deyir "yox"

Beləcə yolumuz Alatavayadır. O Alatavaya ki, şəhərdən çıxanda da, şəhərə girəndə də onu görmək şansımız var. Alatava öz ərazisində çox böyüyüb, belə də söyləmək olar. Əvvəllər ancaq bir evdən ibarət olan həyətlərdə indi bir neçə ev bir-birinə "sığınıb". Yeni tikililər, yəni şəhərin başqa ərazilərində rast gəldiyimiz böyük villalar burada yoxdur. Əvəzinə taxtalardan, dəmir parçalarından tikilən, daha doğrusu üst-üstə qoyularaq yeni otaq halına gətirilən tikililər var. Evlərin belə artımına marağın hardan yarandığını soruşuruq. Hərə fikrini bir cür izah edir. Kimisi deyir ki, iş dalınca rayondan Bakıya gələnlər üçün Alatavada qohumların həyətində bir otaqlıq yer alıb məskən salmaq ən ucuzudur. Kimisinin sözlərinə görə isə, söküləcəyi barədə xəbərlər sakinlərin ev marağını daha da artırıb. Daha çox kompensasiya almaq üçün burada sənədli evlərə qeydiyyatda olanların sayını artırmaq kimi bir adət də olub. Amma sonradan məlum olanda ki, evlər söküləndə kompensasiya qeydiyyatda olanların sayına görə yox, kv.m-ə görə veriləcək, əsl həngamə başlayıb. Uzun illər burada qeydiyyatda olanlar qeydiyyatdan çıxmaq istəməyib, bu bir tərəfə qalsın, hətta evdən pay da iddia ediblər. Digər qrup isə evlərin qeydiyyatsızlığı səbəbindən ümumiyyətlə söküləcəyi təqdirdə kompensasiya ala biləcəklərinə şübhə ilə yanaşıb söküntünün baş tutmamasınını arzu edir.


Daşı-daş üstə necə qoyurlar?


İkinci Alatavada küçələr o qədər dar və keçilməzdir ki, istər-istəməz şəhərin mərkəzi rayonunda şəhərsalma qaydalarnın kobud şəkildə pozulmasına kimin və niyə göz yumduğu sualı yaranır. Hər kəsə məlumdur ki, ev bir tərəfə qalsın, divara bir daş artıranda icra nümayəndəliyindən tutmuş sahə müvəkkilinə, bələdiyyəsinə qədər hər orqandan bir-iki nümayəndə peyda olur.

Bəs o zaman bu qədər səliqəsiz, qaydasız, heç bir görüntüsü olmayan, üstəlik problem yaradan tikintilər gözdən necə yayınıb? Bu suala sakinlər özləri də cavab verməkdə çətinlik çəkir. Daha doğrusu, hər kəsin bildiyi gerçəyi dilə gətirib təkrarlamaq istəmirlər. Amma Alatavada yaşadığı illərin hesabını itirən qoca "kəndxudanı gör, kəndi çap" atalar sözünün müasirliklə nə qədər uyum təşkil etdiyini bizə bir daha xatırladır.

Bağlı qalan dükanlar ...

Alatavada insanların qəribə bir marağı var- dükan marağı. Əlbəttə əgər onları dükan adlandırmaq olarsa. Demək olar ki, hər evin qarşısında kiçik bir pəncərəsi olan darısqal, kiçik bir "mağaza"sı var. Yeni ev tikənlər də bu ənənəni qoruyub saxlayıblar. Görünür, gələcək üçün özlərinə qazanc yerini təmin etməyi indidən düşünürlər. Hər addımda belə dükanlara rastlamaq olar, ancaq bütün mağazaların işlədiyini deyə bilmərik. Rəqabət öz işini görüb. Sakinlər deyir ki, bu ənənə ötən əsrin sonlarından, Bakıda "komisyonka" dəbi yarananda başlayıb. Hərə evində bir pəncərə açıb, dükan sahibi olmaq arzusunu gerçəkləşdirib. Ancaq tədricən bazarları bağlanıb və pəncərələrə arxadan kilid vurulub. Bir də nə zaman açılacağı məlum deyil, amma "lazım olar " deyib birdəfəlik ləğv də etmirlər. Mağaza işlətməyin də çətinliklərindən danışırlar: "Açmaq istəsən o qədər çətinliyi var ki. Hamı satandır, alan da lazımdır da. Alan olmayandan sonra satmağın nə faydası?" Yəqin elə buna gərədir ki, işləyən mağazalar "nisyə mal verilmir"i elanla alıcıların diqqətinə çatdırır.

10 ev yanaraq külə döndü

İkinci Alatavada əsas yol asfaltlanıb, hərəkəti xeyli asanlaşdırır. Ancaq məhəllə daxili yollar barədə eyni şeyi söyləmək olmaz. Bir zamanlar asfalt olduğu bəlli olan yollarda indi əsər-əlamət qalmayıb. Sakinlərin söylədiklərinə görə, hər kəs öz büdcəsinin hesabına yolları asfaltlamağa çalışır. Ancaq dar dalanlarda hərəkət etmək çətin olduğu yerdə hansısa texnikadan istifadə etməklə yollarda təmir işləri aparmaq o qədər də asan deyil. Alatavada evlərin sıxlığı yolların bu qədər darısqallığına zəmin yaradır, hətta bu səbəbdən baş verən faciələr hələ də yaddaşlardan silinməyib. Sakinlərin dediklərinə görə, 2011-ci ildə noyabrında bir evdə baş verən yanğında alov qısa zamanda sıra ilə digər evlərə də keçib. Nəticədə 10-dan çox ev yanaraq külə dönüb. Buna bənzər hadisənin bir daha təkrarlanmayacağına heç kəs zəmanət verə bilmir. Üstəlik 2 il əvvəl 1 nəfərin xəsarət alması ilə faciədən yaxa qurtarmaq mümkün olmuşdusa, gələcəkdə bu cür hallar daha daha çox faciəyə zəmin yarada bilər.

Elə küçələr var ki, orada piyada iki adamın yanaşı hərəkət etməsi çətindir, o ki qala təcili yardım, yaxud yanğınsöndürən maşın olsun...


Zibilli küçələrdən zibil məntiqinə kəsə yol


İkinci Alatavada gözümüzü ha tərəfə fırladıqsa zibil qabı deyilən bir şeyə rast gəlmədik. Burada ancaq Bakı-Sumqayıt şossesinin Alatavadan keçərək 20 Yanvar istiqamətindəki hissəsində, düz yolun kənarında zibil qutuları qoyulub ki, sakinlər də bunun səbəbini həmin qutulardakı zibilləri boşaltmaq üçün zibil maşınlarının əraziyə girməsinin çətinliyi ilə izah edirlər. Buna görə də hər yerdə - küçədə, işıq dirəklərinin altında, mağazaların qarşısında zibil görmək mümkündür. Hətta iki küçəni bir-biri ilə birləşdirən, yəqin ki gediş-gəlişi asanlaşdırmaq üçün pilləkan qoyulan dalan da zibilxanaya çevrilib. Əgər kimsə yuxarı küçəyə qalxmaq istəsə, mütləq zibillərin üstünə basaraq getməlidir. Görünür zibili atmaq üçün uzun yol qət edib əsas yola çıxmağı çətin hesab edənlərin zibillərdən qurtulmaq üçün asan yolu "kimsə görməyən vaxt hara istəsən at" məntiqindən keçir. Yəqin elə bu məntiqə bələd olduqlarındandır ki, hər yer "bura zibil atanın..." deyə sonu beşmərtəbə söyüşlə bitən "xəbərdarlıqlarla bəzənıb". Nəqliyyatın, piyadaların hərəkət etdiyi yolun kənarında zibil qablarının qoyulmasının isə hansı məntiqə xidmət etdiyini qətiləşdirmək çətindir. Görəsən, həmin qutuları ora qoyanlar yaranan görüntünü uzaqdan bircə dəfə də olsa seyr ediblərmi? Şəhərə daxil olan yollardan birinin üstündə paytaxt haqqında ilk zibilli düşüncəni yaratmaq nəyə xidmət edir? Yəni doğrudanmı ərazidə zibil qutusu qoymaq üçün daha münasib yer tapılmır?

Ət bazarı yollara köçüb

İkinci Alatavaya "başmaq seyrimiz" bayrama təsadüf edirdi. Bir neçə yerdə kəsiləcəklərini, qəssabların əlindəki bıçağın növbəsinin nə zaman ona çatacağını "gözləyən" qoyunlar, küçəyə, hətta insanların dayanacaq kimi sitfadə etdiyi yerə axıdılan qan, natəmizlik, antisanitariya...

P.S. Yadıma bir neçə il əvvəl Yasamal rayonunda ət bazarının bağlanması zamanı baş verənlər düşdü. İndi bazar yoxdur, amma hamının gözü qarşısında kəsilən və qanı ayaqlarımızın altına axıdılan dilsiz-ağızsız heyavanlar var. Və o ətləri bəh-bəhlə yeyib, uşaqlarımıza "bax bu, o gün gördüyün quzunun ətidir, ye, böyü" deyən bizlər ...


Elnarə Əlosmanqızı
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description
Bağla X