Muxtar respublikada keçiriləcək “Avropa günləri” çərçivəsində sentyabrın 21-də qədim diyara gələn Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar. Muxtar respublikada keçiriləcək “Avropa günləri” çərçivəsində sentyabrın 21-də qədim diyara gələn Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar.

Avropalı diplomatlar Naxçıvan şəhərinin tarixi abidələri ilə tanış olublar

Muxtar respublikada keçiriləcək “Avropa günləri” çərçivəsində sentyabrın 21-də qədim diyara gələn Avropa İttifaqının rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin tarixi abidələri və mədəniyyət müəssisələri ilə tanış olublar.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Naxçıvan Dövlət Xalça Muzeyinə gəliblər. Məlumat verilib ki, Naxçıvan milli mədəniyyətimizin inkişafına təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də zəngin xalçaçılıq ənənələri ilə töhfə verib. Naxçıvanın iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zili və cecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə şərait yaradıb. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsimizin qorunması və təbliği işinə diqqət artırılır. Görülən işlər milli xalçaçılıq sənətinin yaşadılmasına və bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3000-dən çox eksponat var ki, bunlardan 300-ə yaxını ekspozisiyada nümayiş etdirilir.

Qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində də olublar. Xan sarayında bildirilib ki, bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir. Bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.

Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, bu abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalıb. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.

Açıq səma altında nümayiş etdirilən daş abidələr haqqında da qonaqlara ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqlarda böyük maraq oyadıb.

AzNews.az