“Azercell" şirkətinin təşkilatçılığı ilə “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının təqdimat mərasimi keçirilib. “Azercell" şirkətinin təşkilatçılığı ilə “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının təqdimat mərasimi keçirilib.

“Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”- Təlim

“Azercell" şirkətinin təşkilatçılığı ilə “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının təqdimat mərasimi keçirilib.

Tədbirdə Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və İlahə Əfqanlı, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvləri, Təhsil Nazirliyinin, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin, QHT-lərin və media nümayəndələri iştirak ediblər.

AzNews.az Ombudsmanın rəsmi saytına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev layihənin məqsəd və məramını açıqlayaraq, “Azercell Təhlükəsizlik” tətbiqlərinin istifadə imkanlarından söz açıb, uşaqların internetdə təhlükəsizliyini təmin etmək məqsədilə uşaqlar tərəfindən qeyri-qanuni saytlara girişin qarşısının alınması, kompüter və mobil cihazlarda proqramın istifadəsinin tənzimlənməsi, uşağın internetdə olduğu haqqında valideynə birbaşa məlumatın verilməsi, uşağın zəng və sms-ləri barədə valideynə statistik məlumatların ötürülməsi və eləcə də sosial şəbəkələrdə dostlar siyahısında dəyişikliklər haqqında bildirişlərin və uşağın adını hallandıran postların yoxlanması kimi yeni imkanların yaradıldığını diqqətə çatdırıb.

Bildirilib ki, layihə çərçivəsində internetin və internetdən istifadə məkanlarının genişlənməsi nəticəsində yeniyetmələrin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, təhlükələri aradan qaldırmaq üçün şagirdlər, müəllimlər və valideynlərlə silsilə təlimlər həyata keçirilib.

Tədbirdə çıxış edən F.Ağayev uşaq və gənclərə informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə vərdişlərinin aşılanması, valideynlərin məsuliyyətinin artırılması, uşaqların mobil telefon vasitəsilə internetdən istifadəsinin təhlükəsizliyinin təmin edilməsi, bu problemlərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq sənədlərin ratifikasiya edilməsinin xüsusi önəm daşıdığını, bu məsələnin İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın diqqət mərkəzində olduğunu və illik məruzələrində uşaqların kütləvi informasiya vasitələri, internet saytları və digər vasitələrlə əldə etdikləri zərərli məlumatın onların psixoloji inkişafına vurduğu zərərin qarşısını almaq məqsədilə “Uşaqların zərərli məlumatlardan qorunmasına dair” qanunun qəbul edilməsi təklifini irəli sürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin ölkəmizdə uşaqların inkişafına, onların keyfiyyətli təhsil hüququnun təmin olunmasına xidmət edən informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin xüsusi önəm daşıdığını, bununla yanaşı televiziya kanallarında uşaq və gənclərə yönəlik verilişlərin, habelə sosial reklamların yayımlanması, zərərli məlumat yayan verilişlərin və onların anonslarının xüsusi ayrılmış vaxtda göstərilməsi və buna nəzarətin gücləndirilməsinin, milli-mənəvi dəyərlərimizi təbliğ edən internet portalların yaradılmasının zəruri olduğunu qeyd edib.

Ombudsmanın Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda uşaq hüquqları üzrə Pilləli tədris proqramı çərçivəsində, habelə AUGSŞ-in Liderlik məktəbində internetdən təhlükəsiz istifadənin uşaqlar arasında təbliğinin həyata keçirildiyi və gələcəkdə bu sahədə “Azercell"ə birgə əməkdaşlığın işin səmərəliliyinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Layihə çərçivəsində internetdə təhlükəsizlik mövzusu ətrafında gənclər arasında aparılmış şəhər sorğusunun nəticələri üzrə video-rolik tədbir iştirakçılarına təqdim olunub, mövzuya dair hazırlanmış animasiya filmləri nümayiş etdirilib.
Bu mövzuda AUGSŞ-də uşaq və gənclərin, onların valideynlərinin və müəllimlərin, habelə Ombudsman təsisatında əməkdaşların iştirakı ilə xüsusi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

AzNews.az