02:21
(077) 610-22-33

İşğal günü

  • >
325 2 Aprel 2013 11:15 | Cəmiyyət

Elxan SALAHOV



1 aprel 1993-cü il. Sanki hər şey dünən olub. Düz 20 il əvvəl Kəlbəcərin işğalı zamanı kəndimizi necə tərk etdiyimiz dünənki kimi yadımdadır

Ortancıl qardaşım yuxudan oyada bilmirdi məni, elə bil bədənimdən daş asılmışdı, isti və rahat yataqdan qalxmaq istəmirdim. İyirmi bir yaşımda yatağın içində uşaq kimi ağlayırdım, lap yuxudan yarımçıq oyanmış körpə kimi. Yarıyuxulu halda səhər tezdən kəndi tərk etməli olduğumuz barədə axşamdan verilmiş qərarı xatırlayanda gücümü toplayıb ayağa qalxdım. Dünən xəbər gəlmişdi ki, ermənilər "Tunel"i vurur, Kəlbəcər bütünlüklə ermənilərin əlinə keçir. İndi vəziyyət "ölüm-qalım" məsələsi qədər ciddi və təhlükəlidir. Yubanmaq olmazdı, indi bizlər üçün hər keçən saat, bəlkə də dəqiqələr qarşıdakı saatların ağır hökmlərindən xilas ola biləcəyimiz fürsətin itirilməsi qədər əhəmiyyətlidir.

Həyət-bacada geydiyim nimdaş paltarları əynimə keçirib bayıra çıxdım. Evimiz kəndin mərkəzində olduğundanmı, ya nədənmi, adəti üzrə əvvəlcə qabaq-qənşərdə bir-birinin gözündə tikilmiş evlərə, sonra "aşağı oba"ya və "yuxarı oba"ya tərəf boylandım. Hələ dan yeri yenicə sökülsə də, kənddə heç vaxt görmədiyim bir çaxnaşma vardı. Səs-küydən qulaq tutulurdu - itlərin hürüşməsi, qoyun-quzu mələşməsi, ağlaşma səsi, ölü götürən mollanın yanıqlı avazını xatırladan ah-nalə... "O tay" adlandırdığımız məhəllədə isə bir kişi ağlaya-ağlaya "Bu tay"da kimisə haraylayırdı. Aşağıda, çayın sahili boyunca uzanan əsas yolda da gediş-gəliş heç vaxt olmadığı qədər çox idi.


- Get tayanı daşı doldur heyvanın qabağına! – ortancıl qardaşımın ağlamsınmış səsinə diksindim. Bayaqdan bəri bu ev-eşiyi, doğma kəndimizi, torpağımızı necə tərk edəcəyimizi anlaya bilmirəm. Yəni doğrudanmı, ermənilər Kəlbəcəri işğal edə bilər? Bu sualın cavabını axtara-axtara tayadan bir qucaq ot götürüb tövlənin qapısını açıram. Mal-qoyun yazıq-yazıq açılan qapıya tərəf boylanır, yenicə doğulan buzovlar, körpəcə quzular mələşir. Utanıram, bu dilsiz-ağızsız heyvanlara baxmağa belə, üzüm gəlmir. Boğazından zəncirlənmiş bu mal-qaranı, tövlənin o başındakı arakəsməyə sığışmayan qoyun-quzunu aç-susuz, sahibsiz qoyub getməkmi olar? Bu boyda günahın altından çıxmaqmı olar?... Elə bil həyat sönür, elə bil dünyanın sonuna saatlar, dəqiqələr qalır. Bir azdan burada heç bir canlı olmayacaq – insanlar da, heyvanlar da qeybə çəkiləcək bu kənddə, bu torpaqlarda. Çarəsizdim. Gücüm təkcə ot tayasını yarıya qədər daşıyıb heyvanın qabağına tökməyə çatdı...

Mən tövlədən qayıdana qədər kəndimizdə olan bir necə yük avtomobilindən ibarət köç karvanı Kəlbəcər istiqamətinə yola salınmışdı. Qocaları, körpə uşaqları, əlilləri düşmən həmləsindən təhlükəsiz zonaya çatdırmalı olan bu karvandakı yolçular arasında azyaşlı nəvələri ilə birgə anam, bibim və əmilərim də vardı. Ayağı tutub yeriyə bilənlər isə qarlı dağlarla bir neçə on kilometr yolu piyada Kəlbəcərə aşmalı idi.

Artıq piyadaların da dağyolu köçü başlayıb, 1500-ə yaxın ev təsərrüfatından ibarət Başlıbel bir neçə saat ərzində demək olar ki, boşaldı. Təkcə hansısa doğmasını, yaxınını yük avtomobilləri ilə yola salmış ailələrin hərəsindən 2 nəfər qalıb. Əsasən gənclərdən və nisbətən gümrah və zirək ağsaqqallardan ibarət bu adamlar hələ ki, kənddən çıxmaq istəmir. Çünki ermənilərin Tutquçay dərəsini rayon mərkəzi ilə birləşdirən yeganə yol qovşağını – "Tunel"i atəş altında saxladığı barədə dünənki xəbərdən sonra qocaları və uşaqları aparan yük maşınlarının sağ-salamat o üzə keçə biləcəyinə güman azdır. İndi hamı birdəfəlik tərk etməyə hazırlaşdığı doğma evinin qapısı ağzında boynubükük dayanıb xəbər gözləyir. Bu xəbər isə onsuz da iki bəd xəbərdən biri olacaq: ya ermənilər maşın karvanına hücum edərək camaatı qırıb, ya da "Tunel" artıq tutulduğundan maşınlar geri qayıdır.

Yük avtomobilinin nəriltisi, aramsız siqnal səsi dərələrdə əks-səda verərək boşalmaqda olan kəndə yayılır. Budur, Qasım oğlu Səhradın "Qaz-53"ü kolxozun inzibati binasının qarşısında görünür. Bayaqdan bəri xəbər gözləyən camaat maşına tərəf yüyürür. Səhrad başını kabinədən çıxarıb həyəcanlı səslə qışqırır:

- Ay camaat, ermənilər "Tuneli" tutub, maşınların heç biri keçə bilmədi! Hamımız qayıtdıq! Tez olun, atları gətirin, bu arvad-uşağı kənddən çıxarın!

Hamı bir-birinə dəymişdi, "Qaz-53"ün kuzovundakı nənələrin, gəlinlərin, uşaqların çığırışmasından qulaq tutulurdu. Onları maşından düşürənədək geri qayıdan karvanın qalan hissəsi də gəlib çıxdı...

Sonuncu köç karvanı da kəndi tərk eləyir. Hələ ayaq tutub yeriyə bilməyən körpələr atların belindəki nənələrin, babaların qucağında Hamı sakitləşib elə bil, lal sükutla qarlı dağlara doğru irəliləyən bu qəmli karvan kəndin yuxarı başındakı sonuncu evləri də bir-bir geridə qoyur. İndi nə bayaqkı qarışıqlıqdan, nə ağlaşma səsindən, nə də qışqırıqlardan əsər-əlamət var. Sanki hər kəs doyunca ağlayıb ürəyini boşaltmışdı. Burda insanların sözü bitmişdi artıq. Təkcə geridə - kənddə sahibsiz qalan inəklər, qoyun-quzular mələşə-mələşə sanki, nəsə demək istəyirdi. Bir də yeddi arxadönəninin qurub-yaratdıqlarını öz zəhmətləri ilə zənginləşdirib topdağıtmaz varidat halına gətiribən bir anın içərisində canının at belində götürüb qaçmaq məcburiyyətində qalan nənələrin, babaların yanıqlı bayatıları bu qəmli karvanın lal sükutunu pozurdu...

Həmin gün ağ örpəyə bürünmüş Dəlidağın qarlı aşırımlarını, gen dərələrini keçib gün günəşin qürub elədiyi vədədə rayon mərkəzinə dönmədən birbaşa güney meşələrilə Dəmirçidama istiqamətləndik. Dəmirçidama gedən kəsə yol sıldırım dağlardan keçdiyindən atla getmək mümkün deyildi. Bu səbəbdən atlı qadınları, uşaqları asfalt yolla Qamışlı körpüsü istiqamətinə yola saldıq. Özümüz isə qaranlıq düşməsinə baxmayaraq güney meşələrlə Dəmirçidama qalxıb səhər tezdən o üzdə, Qamışı çayının sahilində atlılarla görüşmək amaçı ilə yorğunluqdan, aclıqdan və yuxusuzluqdan taqətdən düşmək olan dizimizə güc verdik. Nəhayət, gecə saat 01:30 radələrində Dəmirçidama çatdıq. Aprelin 1-dən 2-nə keçən gecənin heç olmasa bir neçə saatını dincəlmək üçün Dəmirçidamda dayanmalı olduq. Şaxtanın buz kəsdiyi bu gecədə su ilə dolu ayaqqabılarımızı çıxarın qurutmaq, bir balacada da olsun, qızınmaq üçün yollar axtardıq. Hərə öz təklifini söyləyir:

- Gəlin qayanın dibində ocaq qalayaq...

- Yox, ermənilər atar!

- Evlərin birinə girib 3-3, 4-4 bir yorğanın altına girib nəfəsimizlə bir-birimizi isidərik...

- Yox, heç kimin evinə girməyək. O evlər heç yiyələrinə qismət olmadı. Bir də ki, əl-ayağımız sudur, belə vəziyyətdə camaatın ağ yorğan-döşəyini çirkləndirməyək – Gərayın bu sözü dünəndən bəri dodağı belə, qaçmayan bizləri əməlli-başlı güldürdü.

- Hə, bəlkə ermənilər qarət eləməyə macal tapmamış özümüz Kəlbəcəri geri qaytardıq – qardaşım Xasay yarıciddi-yarızarafat dilləndi.

- Yaxşı uşaqlar, söhbət yeri deyil, bir yer tapıb dincəlməliyik – deyə, yaşça hamımızdan böyük olan Pənah dilləndi – Məndən olsa girib tövlələrdən birində oturarıq. Bəlkə indi içəridə heyvan da olar, heyvanın nəfəsi içərini isti saxlayır, bir-iki saat isti tövlədə oturub yolumuza davam edərik.

Razılaşdıq. Bir neçə tövləyə baxdıq, amma heç birində toyuq-cücədən başqa heç nə yox idi. Mal-qara olmadığından tövlələrin heç biri isti deyildi. Lakin elə bu tövlələrin birində oturub dincəlməyi daha münasib saydıq. Həm də kəndə erməni gələsi olsa, evləri qoyub tövlələrdə hansısa axtarışlar aparması az ağlabatanda, axı. Kəsəsi, həmin gecənin bir neçə saatını Dəmirçidam kəndində tövlələrin birində elə quru yerdəcə uzanıb dincimizi aldıq. O qədər yorğun idik ki, oturduğumuz yerin nəm olmasının, miz iyinin yuxusuzluqdan yumulub-açılan gözlərimizin yaşarmasının fərqində deyildi. Amma heç birimizin gözünə yuxu getmədi o gecə. Gözümüzü yuman kimi 15-16 saat tərk etdiyimiz Başlıbelin son saatları, son dəqiqələri yuxumuzu girib diksindirirdi bizi...

Aprelin 2-si. Səhər tezdən vədələşdiyimiz kimi, görüş yerinə - Qamışlı körpüsündən Murova istiqamətlənən yolun ağzındakı düzənliyə çatdıq. Kəlbəcərdən gələn köçün arxası hələ üzülməmişdi. Başlıbeldəki dünənki mənzərə burada daha da dramatikləşmişdi. Ağlaşmadan, ah-nalədən qulaq tutulurdu. Doğmalar, yaxınlar bir-birindən ayrı düşmüşdü. Kimisi anasını, kimisi balasını, kimisi bacısını, kimisi də qardaşını axtarırdı. Biz də dünən axşam saatlarında ayrıldığımız doğmaları gözləmək üçün Qamışı çayının sahilindəki nəhəng qara daşın dibində oturub yoldan gəlib keçən tanış-bilişlərdən bizimkilər görüb görmədiklərini soruşurduq. Biri dedi görməmişəm, digəri dedi arxadan gəlir, başqa biri isə and-aman eləyir ki, bir saat əvvəldən keçib gediblər Murova tərəf...

Təxminən bir saat ərzində buradakı axtarışlardan sonra anamgilin, doğmalarımızın təhlükəli zonadan keçib Murova tərəf istiqamətləndiklərini yəqinləşdirib yolumuza davam edirik. Bir qədər də sürəti artırırıq ki, bəlkə qabaqda ailə üzvlərimizi, doğmalarımız tapa bildik. Həm də Murov yolunu rayon mərkəzi və Tərtər çayının sağ sahilindəki kəndlərlə birləşdirən Qamışlı körpüsü ətrafındakı həlqə sürətlə daralırdı, deyəsən. İndi ermənilərin atdığı "Qrad" Qamışlı körpüsünün yuxarı hissələrini əməlli-başlı döyəcləyirdi.

Axşama yaxın Murova qalxan dolama yolların başlanğıcındakı Yanşaq kəndinə çatar-çatmaz ailə üzvlərimizlə, doğmalarımızla tapışdıq. Hamı uzun illərin həsrətlisi kimi bir-birinə sarıldı. Ürəyi gedən kim, ağlayıb dizlərinə döyən kim... Həmin axşam 7-8 ailə oturub dincəlmək üçün Yanşaqdakı evlərin birinə girdik. Dörd otaqdan ibarət bu topdağıtmaz imarətdə nələr yox idi, İlahi?! Vaqonlara sığışmayacaq qədər var-dövlətlə zəngin olan bu evdə bir şey də yerindən tərpədilməyib. Geniş zaldakı iki metrə qədər uzunluğu olan masanın üzərindəki yemək dolu qab-qacaq burada hansısa ziyafət məclisinin təşkil olunduğunu xatırladırdı. İki gündür boğazından su da keçməyən ac adamlar bu süfrəyə həsrətlə baxır, özlərini əlini masanın üzərindəki çörək qırıntılarına uzatmaqdan güclə saxlayır. Əmim nəsə şübhələnmişdi. "Bəlkə də bu kənddə erməni var, çörəyə-zada əl vurmayın, birdən zəhər qatarlar..." – deyib, burda dayanmamağı, yolumuza davam etməyi məsləhət gördü...

Aprelin 2-dən 3-ə keçən gecəni də bir an dayanmadan belə, yol gəldik. Səhər saat 11 radələrində Murovun başına çatdıq. Deyəsən, artıq erməni gülləsinə tuş gəlmək, əsir düşmək təhlükəsindən qurtulmuşduq. İndi buradan belə oturub dincəlmək də olar. Amma enişə yellənən yollar bizi aşağı – Toğanaya dartırdı. Həm də orada bəlkə yeməyə bir şey tapdıq...

Bu da Toğana. Altmış min nəfərdən çox əhalisi olan Kəlbəcərin bəlkə də yarısından çoxunu yolun sağındakı yenicə yaşıllaşmağa başlayan meydana yığıblar. Adda-budda qurulmuş çadırlarda xəstələr, yaralılara tibbi yardım göstərirlər, hərbi və mülki geyimli şəxslər camaata kolbasa-çörək paylayır. Gəncədən, Bakıdan, Şəkidən, respublikanın müxtəlif bölgələrindən gələnlər öz yaxınlarını, qohumlarını, tanışlarını axtarır, onlara kömək etmək istəyir, sığınacaqlar təklif edirdilər. Beləcə, 60 min kəlbəcərli beş-beş, on-on Azərbaycanın müxtəlif bölgələrinə səpələnib məcburi köçkün həyatı yaşamağa düçar oldu...

83 saylı avtobus Ceyhun Hacıbəyli küçəsindən sola – Təbriz küçəsinə burulanda indi yalnız beton dayaqları qalmış "Qarabağ" mehmanxanasından qalxan toz-dumanı pəncərədən görüb diksindim. Sarı rəngli ekskavator uzun "çömçəsi" ilə Qarabağın adını özündə yaşadan bu mehmanxananın qabırğalarını sındırıb dayaqlarını əzişdirib çınqıla çevirirdi. Gördüklərim bayaqdan bəri sərnişini olduğum avtobusda 20 ildir yağı tapdağında olan Başlıbeli, doğma Kəlbəcəri tərk etdiyimiz günün acı xatirələrindən ayırdı məni. Yenə ürəyim qana döndü, suallar içimi yedi, qeyri-ixtiyari oturacaqdan ayağa qalxıb əlimi avtobusun şüşəsindən "Qarabağ"a tərəf uzadıb üzümü salondakılara çevirdim:

- Bu mehmanxananı niyə sökürlər? Bu boyda şəhərdə Qarabağı xatırlaya biləcək bir şey qoymadılar qalsın...

"Qarabağ" mehmanxanasının söküldüyünü avtobusdakıların hamısı gördü. Amma hamı soyuqqanlı idi, kimsə bu söküntüyə hansısa bir reaksiya belə, vermədi.

Fikir yenə götürdü məni, xəyallar keçmişə qayıdır, olub-keçənlər xatırlayıb beynimdə dolaşan fikirlərin dolaşıq kələfini açmağa çalışıram. Qarabağın və ətraf rayonların işğalından 20 il ötərkən biz məcburi köçkünlərin öz yurd-yuvamıza qayıda bilmək ümidimizin tükəndiyi kimi, Qarabağ"ın ömrü də tükənir. Qarabağımıza sahib çıxanlar azmış kimi, onun adını özündə yaşadan binalara da sahiblik edənlərin sayı bitib-tükənmir. Sanki kimlərsə, "Qarabağ" sözünü belə, bizlərə unutdurmağa çalışır. İyirmi ildir erməniləri əsarətində olan Qarabağın dilbər guşələrindən birinin adını öz üzərində gəzdirən "Şuşa" kinoteatrının taleyi də bizlərin inamını baltalayır. Bir zamanlar Bakının mərkəzində, hamının gözü qarşısında Şuşamızı yaddan çıxmağa qoymayan bu kinoteatrın yeri elə Şuşanın özü kimi xarabalığa çevrilib.

...Biz deyəsən, çox uduzmuşuq, axı. Ermənilər 20 ildir 9 rayonumuzu işğal altında saxlamaqda davam edərkən biz Bakıda "Qarabağ"ı, "Şuşa"nı sökürük. Bizlər düşmənin əsarətdə saxladığı torpaqlarımızı işğaldan azad etməli ikən iki ildir ki, 2 hektar sahədə yerləşən Xocalı aeroportunun davasını aparırıq.


... Qarabağın dilbər guşələrindən olan Kəlbəcərin işğalının 20-ci ildönümündə Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni şəhərciyin açılışı oldu. İyirmi ildir Azərbaycan Dövlət Neft Akademiyasının tələbə yataqxanasında məskunlaşmış 760 Qarabağlı ailəsi bu binalara köçürüləcək. Bu köçün elə Qarabağın özünə istiqamətlənməsi bitib-tükənən ümidlərə böyük bir təkan ola bilər.

Xatirələr həmişə acı olmur. Bəlkə 1993-cü ilin 1-2 aprelində yaşadığımız acıları unutmaq üçün gələcəyin elə həmin tarixlə şirin xatirəsini özümüz yazaq...

AzNews.az
Bağla X