19:39
(077) 610-22-33

İİham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

  • >
260 4 May 2013 09:18 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının iştirakçılarına müraciət məktubu ünvanlayıb.

"Sizi - Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının iştirakçılarını səmimi qəlbdən salamlayır və konfransın işinə uğurlar arzulayıram.

Müxtəlif ölkələri təmsil edən və kənd təsərrüfatını kreditləşdirən 100-dən çox bank və maliyyə təşkilatının birləşdiyi Beynəlxalq Konfederasiyanın növbəti toplantısının Bakıda keçirilməsini əhəmiyyətli hesab edirəm", deyə İlham Əliyev məktubda qeyd edib.

Prezident bildirib ki, dünyada ərzaq təhlükəsizliyi məsələlərinə həssaslıqla yanaşıldığı bir dövrdə kənd təsərrüfatını kreditləşdirən maliyyə institutlarının bir araya gələrək bu sahədə təcrübə mübadiləsi aparması, mövcud problemləri müzakirə etməsi və onların həlli yollarını araması təqdirəlayiqdir.

"Azərbaycan Respublikası iqtisadiyyatın şaxələndirilməsini iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Belə bir vəzifənin reallaşdırılması ilk növbədə aqrar-sənaye kompleksinin inkişaf etdirilməsini, bu sahənin maliyyə resursları ilə təminatının yaxşılaşdırılmasını tələb edir.

Ölkəmizdə kənd təsərrüfatı dövlət tərəfindən davamlı olaraq dəstəklənir, fermerlərə subsidiyalar və güzəştli kreditlər ayrılır, aqrar infrastrukturun yaradılmasına hər cür köməklik göstərilir. Müasir aqrobiznesin inkişafı həm də texnoloji yeniləşmənin, innovativ dəyişikliklərin maliyyə qurumları tərəfindən dəstəklənməsindən, fermerlərin kredit əldəetmə imkanlarının genişləndirilməsindən asılıdır.

Ümidvaram ki, konfrans aqrar sahə üzrə layihələrə iri maliyyə institutlarının diqqətinin cəlb edilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyətin həyata keçirilməsi, kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ərzaq təhlükəsizliyi sahəsində qlobal çağırışların nəzərə alınması baxımından əhəmiyyətli olacaqdır.

Konfransın işinə bir daha müvəffəqiyyətlər, sizə isə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram", deyə İlham Əliyev bildirib.

AzNews.az
Bağla X