04:43
(077) 610-22-33

Səfər Əbiyevə ŞOK İTTİHAMLAR

  • >
854 4 Noyabr 2013 13:46 | Cəmiyyət

"O, qardaşım oğlunun ölümünə bais olub"


Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının sabiq rəisi, Müdafiə Nazirliyinin hərbi təhsil idarəsinin bölmə rəisi, general-mayor Lənkəran Əliyev prezident İlham Əliyevin sərəncamı ilə Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən azad olunması məsələsinə münasibət bildirib.

General-mayor L.Əliyev açıqlamasında söyləyib ki, Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən getməsi ordu ilə bağlı narazılıqların və problemlərin kəskin azalmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, Səfər Əbiyevin nazir vəzifəsindən getməsi çoxlarını sevindirir:

"Çünki son vaxtlar valideynlər öz övladlarını hərbi xidmətə göndərməyə ehtiyyat edirdi. Yeri gəlmişkən söyləyim, 2 il bundan əvvəl öz oğlum qədər əziz olan qardaşım oğlu düşmənlə təmas xəttində şəhid oldu, ancaq onun ölümü müəmmalı oldu. Çünki o, gənc leytenant idi, təzə buraxılmışdı, tədris proqramını tam qavramamışdı, ancaq onu düşmənlə təmas xəttində ən təhlükəli posta göndərdilər. Halbuki, həmin vaxtı 500 nəfərə yaxın məzun var idi, ancaq onlar arxa cəbhədə təcrübə toplamaq üçün saxlanıı. Mən hesab edirəm ki, bu, təsadüfi deyil. Belə olmamalı idi. Mənim qardaşım 1998-ci ildə avtomobil qəzasında dünyasını dəyişib. Ondan sonra da böyük qardaş kimi onun ailəsinə də mən baxıram. Qardaşım oğlu hərbi litseydə də mənim yanımda oxuyub, hərbi akademiyada 4 il təhsil alıb, sonra isə təlim tədris mərkəzində oxuyub və sairə. Səfər Əbiyev qardaşım oğlunun ölümünə bais olub".

Sabiq müdafiə nazirinin ona qarşı ədavət saxladığını söyləyən L.Əliyev qeyd edib ki, bunu hər kəs də bilib:

"Bəlkə də çox adam bu barədə danışmağa ehtiyyat edirdi, ancaq bu təsadüf ola bilməz. Digər tərəfdən isə hələ indiyədək mən bilmirəm ki, Səfər Əbiyev məni nə üçün vəzifən çıxartdırıb? Heç kəs də bunu isbat edə bilmir. Saxtalaşdırılmış yoxlama aktı da təsdiq olunmadı. 2009-cu ildə Səfər Əbiyevin rəhbərliyi altında polkovnik Rövşən Məhərrəmov gəlib saxta yoxlamalar apardı, sonra isə məni vəzifəmdən çıxartdılar. Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq rəisi olmuş Rövşən Məhərrəmov Səfər Əbiyevin adamı idi, o çox pis işlər, özbaşına hərəkətlər görmüşdü.

Hətta, Rövşən Məhərrəmov o qədər səriştəsiz hərbçi idi ki, o tabeçiliyində olan əsgərləri belə toplamaqda çətinlik çəkirdi. O əsgərləri çox boş buraxmışdı. Səfər Əbiyev evimi də əlimdən alıb. Baxmayaraq ki, məhkəmənin mənim xeyrimə qərarı olub, ancaq sonradan Səfər Əbiyevin təzyiqi altında məhkəmənin qərarı dəyişdirildi və məni evimdən çıxartdılar. İndi evimin qaytarılması üçün yeni müdafiə naziri təyin olunan general-polkovnik Zakir Həsənova müraciət etməyi düşünürəm".

L.Əliyev yeni müdafiə naziri təyin olunandan sonra iş təklifi alıb-almaması ilə bağlı məsələyə də toxunub: "Hələ ki mənə heç bir yeni iş təklifi yoxdur. Hazırda əvvəlki yerimdə, yəni nazirliyin hərbi təhsil idarəsində bölmə rəisi vəzifəsində işləyirəm".

Yeni müdafiə naziri Zakir Həsənovun fəaliyyətini də qiymətləndirən L.Əliyev deyib:

"Yeni nazirin fəaliyyəti ilə ümumi tanışam. Mən yaşca yeni nazirdən böyüyəm. Adətən, hərbiçilər də öz buraxılış ilindən olanları yaxşı tanıyır. Amma mən yeni nazirin müsbət fəaliyyətinə inanıram. Mən bir hərbiçi kimi hər zaman Daxili Qoşunların fəaliyyəti ilə maraqlanmışam. Zakir Həsənovun rəhbərliyi altında Daxili Qoşunlarda çox yaxşı nailiyyətlər, qayda-qanun əldə olunub. Bu adam yaxşı vəziyyəti yarada bilib. İnanıram ki, yeni nazir orduda da yaxşı vəziyyət yarada biləcək və narazılıq aradan qalxacaq.

Bilirsiz, Azərbaycanda əsl vətəndaş yetişdirmək üçün ordu hər zaman böyük məktəb olub. Ordu cəmiyyətin bir hissəsidir. Buna görə də orduda elə bir vəziyyət yaratmaq lazımdır ki, insanların orduya etibarı, sevgisi və marağı artsın. Heç kəs orduya gəlməkdən boyun qaçırmasın, əksinə, orduya gəlmək üçün çalışsınlar və sairə. Mən və bütün cəmiyyət yeni müdafiə nazirindən bu şəraitin yaradılmasını gözləyir və inanırıq ki, bu, mümkün olacaq".(publika.az)

Bağla X