20:13
(077) 610-22-33

İctimai basabasxana...

  • >
771 7 Noyabr 2013 11:31 | Cəmiyyət

Ötən gün informasiya agentlikləri, xəbər portalları, televiziyalar rahatlığımız üçün xeyli vacib bir iş gördülər. Rəsmi məqamların bildirişini yaydılar ki, bu iki günü Bakının hansı küçələri ilə hərəkət etməsəniz, canınız rahat olar. Bakıda Humanitar Forum keçirildiyindən, yollarda tıxacların başı-ayağı bilinməyəcək, deyə sakinləri xəbərdar etdilər.

Bu, çox yerində bir xəbərdarlıqdır. Ancaq yerində olmayan, ağıldan və məntiqdən uzaq bir tövsiyə də yer almışdı bu bildiridə: "Bakı sakinlərindən xahiş olunur ki, daha çox ictimai nəqliyyatdan istifadə etsinlər!" Demək ki, həm insanların rahatlığını düşünərək bir xəbərdarlıq bildirisi yayırlar, ardınca da belə bir tövsiyə ilə insanları ələ salırlar. Burada hansı ictimai nəqliyyatdan söhbət getdiyi hər kəsə bəlli: Metro və Avtobus. Özləri də yaxşı bilir ki, bunlar da ictimai nəqliyyatdan daha çox, ictimai basabasxanadır.

Bu xəbəri oxuduğum və ya dinlədiyim vaxt məsafəsində saytlardan birindən telefon zəngi gəldi ki, bəs siz ictimai nəqliyyatdan istifadə edirsiniz, ya yox! Dolayı yolla xaricdən başladım ki, əlbəttə, Avropa ölkələrində olarkən mütləq ictimai nəqliyyatdan istifadə edirəm, tramvaydan düşüb metroya minirəm, avtobusdan düşüb sürət qatarına minirəm. Bakıda isə bir neçə dəfə tıxaclara görə metroya minmişəm, çox böyük çətinliklə qatarın içindəki izdihamı yararaq gəlib təyinat məntəqəsinə yetişmişəm. Bir həqiqəti demək istəmədim ki, avtobusa minməyim mümkünsüz olub, çünki qapıdan içəri keçməyə boşluq tapa bilməmişəm. Əvəzində yazıq Üzeyiri bəhanə etdim ki, onun mahnılarından canım sıxıldığına görə avtobusa minməyi yadırğamışam.

Burası Azərbaycan... Tramvay xətlərini dağıdıb atırsan, trolleybusu ləğv edirsən, şəhərlərətrafı elektrik qatarlarını yox edirsən və sonra da vətəndaşa tövsiyə göndərirsən ki, ictimai nəqliyyatdan istifadə etsəniz, yaxşı olar! Halbuki insanlara açıq söyləmək lazımdır ki, daha nə qədər yol çəkilsə, körpü salınsa, bu zavallı Azərbaycan vətəndaşının tıxacdan canı qurtaracaq? Biriləri buna "Nəqliyyatın intellektual idarəetməsi" desə də, sükan arxasında oturan hər bir Azərbaycan vətəndaşı buna "Nəqliyyatın intellektsiz idarəetməsi" deyir. Bu intellektsiz idarə edənlər sanki hər gün tıxaclarda əsəbindən ölüb-dirilən insanların sabahı gün yenidən necə soyuqqanlı şəkildə avtomobili idarə etmə qabiliyyətini sınaqdan keçirirlər.

Humanitar Forum adlanan tədbirə gəldikdə isə, qeyd edək ki, bu həqiqətən yaxşı ideyadır. Son illər çoxsaylı beynəlxalq mədəniyyət və idman tədbirlərinin keçirilməsi ölkənin tanıdılması üçün çox vacibdir. Yad ölkələrdən gəlirlər, görürlər, problemlərimizi eşidirlər, geniş təsəvvürləri yaranır bizlər barədə. Ancaq bunlarla yanaşı, özümüz üçün də - yəni 9 milyon əhalini maraqlandıracaq, düşündürəcək bir Forum keçirmək vacibdir. Bu forumun adı, heç şübhəsiz, Qarabağ Forumu olacaq. Xaricilərlə istədiyiniz məsələni müzakirə edək, ölkəmizi tanıdaq, təbliğ edək - bunların hamısının ikiəlli tərəfdarıyam. Ancaq Azərbaycan insanının Qarabağla bağlı müzakirəyə qoşulmasının yollarını da açmaq vaxtı xeyli müddətdir ki, keçib. Əslində bu ölkədə ən böyük tıxac, Bakının yollarındakından da dəhşətli tıxac Qarabağ tıxacıdır. Və bu tıxacı nə yol polisi, nə ATƏT-in Minsk Qrupu aça bilməyəcək. Əlbəttə, üzü Ermənistana yol açıqdır. İllərdir bu tıxac biz tərəfdədir. Şəhərdə nəqliyyatı necə intellektsiz idarə ediriksə, Qarabağ tıxacının da səbəblərinə o cür intellektsiz yanaşırıq.

Pəncərəmdən baxıram. Gecənin bu saatlarında tıxac yoxdur. Demək ki, hələ neçə illər bundan sonraya da üzü qaranlığa yolumuz açıq olacaq...

AzNews.az
Bağla X