11:01
(077) 610-22-33

Azərbaycanla bağlı monitorinqin nəticələri açıqlandı

  • >
689 5 Dekabr 2013 17:14 | Cəmiyyət

Bu gün Qadınlara qarşı zorakılıq məsələləri üzrə BMT-nin Xüsusi Məruzəçisi xanım Rəşidə Mancu (Rashida Manjoo) Azərbaycana 10 günlük səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AzNews.az-a verilən məlumata görə, Rəşidə Mancu bildirib ki, səfər çərçivəsində ölkənin Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində olub.

Azərbaycan hökumətinə səfərin təmin olunması üçün təşəkkürünü bildirən R. Mancu deyib ki, bərabər və ayrıseçkiliksiz mühitin, o cümlədən qadınlar fəaliyyəti üçün bəzi spesifik addımlar atılıb.
R. Mancu qadın hüquqları ilə bağlı qanunvericilik bazasının təşkilindən də razı qalıb:

"Qadınların siyasi həyatda iştirakı artmış və hal-hazırda Milli Məclisin 125 millət vəkili arasında sədr müavini də qadın olmaqla 19 qadın millət vəkili vardır.

Qadınların iqtisadi inkişafının əhəmiyyəti qəbul edilib və uşaqlara xidmət müəssisələrinin yaradılması vasitəsilə qadınların üzərindəki ailə məsuliyyəti yükünün azaldılması istiqamətində müəyyən cəhdlər göstərilib, eləcə də sahibkar qadınlar üçün maliyyə vəsaitlərindən istifadə imkanları yaradılıb. Əldə edilmiş məlumatlara görə hazırda qeydiyyatdan keçmiş olan yarım milyon sahibkardan 15%-i qadındır".

O bildirib ki, erkən nikahın qarşısının alınması, həmçinin bütün evliliklərin düzgün hüquqi qeydiyyatının təmin edilməsi üçün tədbirlər, o cümlədən maarifləndirmə kampaniyalarını davam etdirməli, icmalarla və dini qurumlarla müvafiq işlər aparmalıdır:

"Bəzi müsahiblərin fikrincə, cinsə görə uşaqların abort edilməsi hallarının sayı artıb və bu da cəmiyyətdə qadınlara və qız uşaqlarına verilən patriarxal dəyərin təzahürüdür. Həmin mənbələr bildirir ki, Azərbaycan cinsə görə, abort hallarının üstünlük təşkil etdiyi ölkələr arasında ikinci yeri tutur. Təəssüf ki, mən dövlət qurumlarından bu cür araşdırmaları təsdiq edəcək statistik məlumatları əldə edə bilmədim".

O, missiyası zamanı Sumqayıtda və Qaradağ rayonunda məskunlaşan məcburi köçkün düşərgələrinə baş çəkdiyini də deyib: "1993-cü ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən və Azərbaycan torpaqlarının 20%-nin işğalı ilə nəticələnən münaqişə yerlərindən didərgin düşmüş icmalar üçün cismani zorakılıq, ailə üzvünün itirilməsi və maddi mülkiyyətin itirilməsi daxil olmaqla çox ciddi fəsadlara səbəb olub.

Təxminən bir milyon qaçqın və məcburi köçkün – Ermənistandan və Dağlıq Qarabağdan olan azərbaycanlılar – öz yurdlarından zorla çıxarılıb. Onların yarıdan çoxu qadın və uşaqlar idi. Mən, məcburi köçkün icmalarının, xüsusilə də qadınların zəif və məhdud vəziyyətləri, həmçinin onların hazırki həyat şəraitlərindəki çətinlikləri ilə bağlı narahatçılığı bölüşürəm".

R. Mancu vurğulayıb ki, Azərbaycan hökuməti məcburi köçkünlərə təhsil, məşğulluq, tibbi xidmət, psixoloji yardım və mənzillə təminat sahələrində lazımi cəhdlər göstərir: "Bu cəhdlərə baxmayaraq, mən düşərgələrdə, yataqxanalarda və mehmanxana binalarında yaşayanların əziyyətlərinin kədərləndirici hallarını gördüm və eşitdim. Həmçinin itkin düşmüş ailə üzvlərinin qayıdacağına hələ də ümid edən şəhid ailələrindən olan qadınların dərdlərini eşitdim".

R. Mancu qeyd edib ki, ailələrə dəstək mərkəzləri fəaliyyətsizdir. Bu müəssisələrin əksəriyyəti sığınacaq xidmətləri və ya psixoloji-sosial yardım göstərmək, o cümlədən zorakılıq qurbanı olmuş qadınların müdafiəsi və tam bərpası üçün vacib olan bərpa tədbirlərini həyata keçirmək iqtidarında deyil.

Əldə edilən məlumatlara görə, Bakıda yalnız bir dövlət sığınacağı fəaliyyət göstərir: "Qadınlara qarşı zorakılıq, erkən evliliklər və ya digər məsələlərlə yanaşı boşanma hallarına dair qanun və siyasətlərin effektiv icra mexanizmləri yoxdur.

Qadınlara qarşı zorakılığın effektiv şəkildə aradan qaldırılmasında məsuliyyətin olmaması çox ciddi aspektdir. Qadınların ədliyyədən istifadə və hüquqlarının pozulması baxımından ədalətlə yanaşılmaq sarıdan da məhdudiyyətləri çoxdur. Coğrafi yerləşmə və ənənəvi aspektlər baxımından regionlardakı qadınların ədliyyə orqanlarından istifadə imkanları daha da zəifdir.

Hazırda mövcud olan bərpa sistemi hər bir fərdin hüququnu müdafiə etmək əvəzinə ailə vəhdətinə üstünlük verir və buna görə də zorakılıq qurbanlarının müdafiəsi və günahkarların məsuliyyətə cəlb edilməsi anlayışları gözardı edilir. Hər bir nazirlikdə gender mövzusunda xidmət göstərə biləcək ayrıca məsul şəxsin təyin edilməsi də zəruridir.

Azərbaycan qadınlarının şəxsi, sosial, iqtisadi və siyasi azadlıqlarını məhdudlaşdırmaqda davam edən ənənəvi stereotiplərin aradan qaldırılmasına yardım edə biləcək cəmiyyət transformasiyası istiqamətində göstərilən cəhdlər də məhduddur.

Təqdir edici məqam isə dövlətin QHT-lərlə daha əsaslı və məhsuldar münasibətlər qurmasıdır. Rəsmi qeydiyyatdan keçmiş 3800 QHT arasından 120-si məxsusi olaraq qadınların hüquqları sahəsində çalışır.

Yekunda bu günədək əldə edilmiş nailiyyətlərə görə, Azərbaycan hökumətini bir daha təqdir edir və qadınlara qarşı zorakılıq məsələlərinin həllində daha əsaslı və mərkəzləşdirilmiş yanaşma tətbiq etməsini təklif edirəm".

Onun sözlərinə görə, hesabat 2014-cü ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək.

AzNews.az
Bağla X