04:57
(077) 610-22-33

Əməkdar artist: “İmkan verməyin, 6 yaşlı qızım anasız qalsın”- MÜSAHİBƏ

  • >
486 9 Dekabr 2013 16:14 | Cəmiyyət

Əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarovanın AzNews.az-a müsahibəsi:


- Yaşadığınız durumu ölkə mətbuatından oxuduq. Nədir bu başınıza gələnlər?..


- Mən 2009-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm. Nə qədər əməliyyat keçirmişəm.

- Bəs, bu barədə niyə məlumat vermirdiniz?


-2009, 2011, 2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən ağuşuna alar.

Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun da son texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu məqsədlə Türkiyəyə getdim.

Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim.

- İndi həkimlər nə deyir?


- Deyirlər ki, hər saniyə ziyanıma işləyir. Bu pulu nə qədər tez tapsam, bir o qədər yaxşı olar. Çünki bu xəstəlik başqa orqanlara daxil olmamış onu qabaqlamaq lazımdır.

Qorxuram ki, daxili orqanları da əlimdən alar. Hələ ki keçməyib, Allaha qurban olum, ciyərim, böyrəyim təmizdir. Amma üstünə düşüb tez etmək lazımdır ki, başqa orqana keçməsin.

- Teatrın məsul şəxslərindən biri - Elxan Ocaqov bizimlə söhbətində dedi ki, Xanım Qafaqovaya həm Musiqili Teatr, həm də Mədəniyyət və Turizm Nazirliyi dəstək olub. Doğrumu?


- Hə. Olublar. Mədəniyyət və Turizm Nazirliyindən mənə qonorar veriblər. Teatrın özündən də dəstək olublar. Sonradan isə bu mənəvi dəstəyə keçib. Xəstəlik başlayan anlarda bu kömək olub.

Dana bilmərəm. İndi də Heydər Əliyev Fonduna müraciət hazırlayıram. Sabah müraciət Fonda təqdim olunacaq. İnanıram ki, müraciət ünvana çatsa mütləq müsbət qarşılanacaq.

-Xəstəliyinizlə bağlı bu illərdə niyə susmusunuz?


- Müraciət etmişəm. Bir dəfə də Heydər Əliyev Fonduna məktub göndərdim. Oradan məktubu Səhiyyə Nazirliyinə ünvanladılar. Ondan sonra mən Milli Onkologiyada təmənnasız kimyaterapiya aldım. Bu bahalı proseslərdir. Sağ olsunlar.

- Hər hansı bir məmura necə, müraciət etmisiniz?


- Xeyr. Sadəcə kimə necə müraciət etməyin yolunu bilmədim.

- Olmazdımı ki, sizinlə bağlı Heydər Əliyev Fonduna teatr rəhbərliyi müraciət edəydi?


- Mən teatra müraciət etmədim. Hamı vəziyyəti bilir. Sözün düzü, müraciət etməyə üzüm də gəlmədi. Onlar mənə həmişə dəstək olub. Bilirəm ki, işlədiyim teatrın imkanı yoxdur ki, mənə o qədər pul versin.

- Yəni, biri var Siz edəsiniz, biri də teatr direktoru...


- Nə bilim, vallah.

- Ağır əməliyyat keçirdiniz, amma səhnəni tərk etmədiniz?


- Yox, etmədim. Həmişə səhnədə oldum. Əməliyyat olundum, sağaldım, yenə səhnəyə çıxdım, tamaşalarımı oynadım. Bir dəfə də olsun ki, tamaşalarımdan qalmadım.

Bunlar əlbəttə ki, mənim üçün əziyyət idi. Amma mən özüm-özümü depressiyadan çıxardım.

Bu elə bir xəstəlikdir ki, depressiyaya düşən kimi səni ağuşuna alır. Mən bundan qaçmağa çalışdım. Başımı qatmaq üçün qaçırdım. İşimdən heç bir zaman qalmadım. Düşündüm ki, evdə otursam, məni bu tez öldürəcək.

Xəstəliyə güc gəldim. Yoxsa o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı onun belə bir vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki, qızımın taleyini düşünürəm.

Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsiylə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm. Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız qalsın.

- Hazırda nə edirsiz? Yəni, bu vəziyyətdə səhnə, teatr varmı?


-Teatrın hələ açılışı olmayıb. Ona görə bir müddət vaxt uddum. Əgər özümdə güc tapsam, ölməsəm, o teatrın səhnəsinə yenə çıxacam. Hələ marta kimi vaxt var. Mən öldüyüm anda da səhnəni də unutmamışam. Sənətimdən də ayrı qala bilmirəm.

-Deyirsiniz ki, güclü qadınsınız. Amma etiraf edək ki, bir zamanlar haylı-küylü olan Xanım Qafarovanın son zamanlarda səsi-sorağı gəlmir?


- Efirlərdən qaçdım. Özümə efir deyilən məkanı qadağa qoydum. Xəstəliyimi eşidən kimi başladılar məni efirlərə dəvət etməyə. Hansına çıxdımsa xəstəlikdən danışdılar. Sənət yaddan çıxdı. Heç kəs demədi ki, ay balam, sən bu vəziyyətdə səhnədəsən axı. Mən bu xəstəliyi özümdən qovurdum.

Qaçırdım ora-bura ki, bunu unudam, sabaha yaşamaq eşqi əldə edəm. Amma o veriliş rəhbərləri mənim bu eşqimi darmadağın edirdi. Tamam başqa bir mövzuya dəvət edirdilər. Amma gedən ki, başlayırdılar ki, siz içinizdə xərçəng xəstəliyi daşıyırsınız, qorxmursunuz, filan. Sanki yenidən depressiyaya düşürdüm. Ondan sonra getmədim, arada serial çəkildim.

Ondan da imtina etdim. Bezirdim bunlardan. Təkrar-təkrar, nə qədər olar? Yaradıcılıq 5-ci plandaydı. Mahnılarım da qaldı. İndi də bu xəbər çıxandan efirlər zəngi-zəngə calayır. Deyirəm, olmaz. Vəziyyətimlə bağlı danışmayacam. Olmaz belə.

Mən sənət adamıyam, hər dəfə efirdə ağlamaq olmaz axı. Sabah tamaşaçı ilə üz-üzə gəlirəm. Məni elə görən hörmət edərmi? Mən tamaşaçının gözündən düşmək istəmirəm. Biri var aktrisa kimi, biri də var yazıq adam kimi baxsınlar. Sənətkar üçün yazıq sözünü qəbul eləmək ondan da çətindir. Bir dəfə evimi çəkdilər.

Ondan sonra xəcalətimdən yerə girdim, evdən bayıra çıxmaq istəmədim. Hamı elə bilir ki, biz milyonlar içində yaşayıram. Qoy elə də bilsinlər. Mən 25 ildir ki, sənətdəyəm. Həyatdır, kimsə bilmir ki, başına nə gələcək. Sözün düzü mən bunu da deməyəcəkdim.

Əlbəttə ki, Aybəniz xanım Haşımova olmasaydı. Təyyarədə onunla rastlaşdıq. Baxdı ki, rəngim üstümdə deyil. Sordu nə olub? Mən də dedim. Bir baxdım ki, sosial şəbəkələrdə mənim səhhətimlə bağlı yazıb. Sağ olsun.

Bahar Rüstəmli
AzNews.az
Bağla X