12:51
(077) 610-22-33

Prezident xristianların Milad Bayramını təbrik etdi

  • >
536 3 Yanvar 2014 15:20 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram.

Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar.

Bu gün Azərbaycan dövləti sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun hökm sürdüyü, yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi bir cəmiyyətə malikdir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər.

Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Milad bayramı yeniliyi, əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!"


AzNews.az
Bağla X