09:57
(077) 610-22-33

Mətbuat Şurasına 610 müraciət daxil olub- HESABAT

  • >
487 24 Yanvar 2014 11:38 | Cəmiyyət

2013-cü ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 610 müraciət daxil olub.

Bu barədə Mətbuat Şurasının 2013-cü il fəaliyyətinə dair hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, müraciətlərdən 423-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 187 müraciət müxtəlif təklif və tədbirlərlə, o cümlədən cari məsələlərlə bağlı olub.

Şura Katibliyi 423 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 241 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 182 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılması üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2013-cü ildə Şuraya daxil olan şikayətlərin 182-si komissiyalarda araşdırılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb.

Şikayətlər üzrə Komissiyada baxılan 105 məsələdən 88-i komissiya səviyyəsində həllini tapıb. Digər 17 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 5-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib (41 şikayət isə komissiyada həllini tapıb).

Beləliklə Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 17 rəyindən 14-ü (3 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 5 təqdimatından 3-ü əsas götürülüb.

Bundan başqa İdarə Heyətinin qərarlarının çıxarılmasında Şuranın 2013-cü ilin fevral ayından fəaliyyət göstərən internet media resursları üzrə komissiyasının tövsiyələri nəzərə alınıb.

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını nəzərdə tutub.

İl ərzində Şuranın İdarə Heyətinin 13, Şikayətlər üzrə Komissiyanın 12, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 6, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial-iqtisadi Komissiyasının 7, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 4 iclası keçirilib. İnternet media resursları üzrə Komissiyası, Şuranın "apellyasiya qrupu" 2, Ahıl Jurnalistlər Məclisi 8 dəfə toplanıb.


AzNews.az
Bağla X