10:06
(077) 610-22-33

Arvadının qulağını kəsənin məhkəməsində dava düşüb

  • >
1 117 30 Yanvar 2014 18:59 | Cəmiyyət

Bu gün Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirli bilinən rayonun Kələdəhnə kənd sakini, 34 yaşlı Mehdiyev Çingiz Abdulla oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmədə təqsirləndirilən şəxsə hökm oxunub.

Astara rayon məhkəməsində hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə Mehdiyev Çingiz Abdulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 ,145.2.5 və 145.2.6 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb. Qapalı keçirilən məhkəmə iclasında medianın iştirakına icazə verilməyib. Məhkəmə prosesində təqsirləndirilən şəxs Çingiz Mehdiyev müdafiəçisinin iştirakı ilə dindirilib və təqsirini qismən etiraf edib.

Prosesdə onun həyat yoldaşı, zərərçəkmiş Nisə Xəlilova və şahidlər də dindirilib.
Məhkəmə dinləmələri başa çatandan sonra sədr istintaqın tamamlandığını bildirib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə törətdiyi əmələ görə 7 il azadlıqdan məhrumetmə cəzası təyin olunmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Çingiz Mehdiyev törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən cəzasının yüngülləşdirilməsini istəyib. Məhkəmə müşavirədən qayıdandan sonra hökm elan olunub. Mehdiyev Çingiz Abdulla oğlu qəti olaraq 6 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Tərəflərin hökmə münasibəti birmənalı olmayıb. Məhkum olunan Çingiz Mehdiyevin vəkili narazı qaldıqlarına görə Apelyasiya Məhkəməsinə hökmdən apelyasiya şikayəti verəcəklərini deyib.

"Biz hökmdən narazıyıq, çünki orda cinayət tərkibi yoxdur. Əlavələr 127.2.2 maddələri düzgün tövsiyə edilməyib",- deyə təqsirləndirilən şəxsin iş üzrə müdafiəçisi Natiq Əsədov bildirib. Zərərçəkən tərəf verilən cəzanı yüngül hesab etsə də, apelyasiya şikayəti vermək fikrində olmadıqlarını bildirib.

"Mən narazıyam 6 ilə. Razı deyiləm. Haqq-ədalət öz yerini tapdı da",- deyə zərərçəkən Nisə Xəlilovanın atası Telman Xəlilov bildirib.

Bu günkü məhkəmə islasında fasilə vaxtı tərəflər arasında dalaşma baş verib. Bir–birinin ünvanına nalayiq ifadələr işlətməklə ürəkləri soyumayanlar, bir-birlərinə əl də qaldırıblar. Hökm elan olunduqdan sonra dava-dalaş da bir az da kəskinləşib. Tərəfləri polisin köməyi ilə sakitləşdirmək mümkün olub.

Xatırladaq ki, Çingiz Mehdiyev həyat yoldaşı, 29 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə ittiham olunub.


AzNews.az
Bağla X