03:14
(077) 610-22-33

Sürücü: “Sərnişinlər avtobus sürücüsünü heç it yerinə də qoymurlar”- Reportaj- Fotolar

  • >
1 664 24 Avqust 2012 09:47 | Cəmiyyət

Nəqliyyat Nazirliyi sürücü - sərnişin münasibətlərinə aydınlıq gətirə bilmədi



Hər gün lazımi ünvana çatmaq üçün nəqliyyat vasitəsi kimi əsasən avtobuslardan istifadə edirik. Ancaq yol boyu avtobusda sürücülərin bir çox qaydalara riayət etməmələri, sərnişinlərlə kobud rəftarları, basa-bas, dayanacaqdan kənarda saxlamaqları və bir sıra bunun kimi hallar mənzil başına çatmazdan öncə nəzir daşına çatmağı zərurətə çevirir. Ki, salamat çatmağımız üçün Allahımıza dua edək.

Məsələ burasındadır ki, Allah öz kəramətini göstərsə, salamat qaldığımızı biləndən sonra səbrimizi toplayıb, sürücülərdən tətbiq etdikləri bu "dəmir qaydaların" səbəbini soruşsaq, onlar da sərnişinlərdən narazılıq edirlər. Bunu bilsək də, yenə məsələni bir daha incələməkdən ötrü üz tutduq şəhərimizin avtobus dayanacaqlarına... Orda gördüklərimizi və eşitdiklərimizi sizlə də bölüşmək istəyirəm.

"Harda tərbiyəsiz adam var, yığıblar avtobuslara"

Günəşli sakini olan Məqsəd dayı avtobusların xidmət səviyyəsindən, sürücülərin davranışında əvvəlcə heç bir şikayətinin olmadığını desə də, sonradan açdı sandığı, tökdü pambığı: "Sürücülər avtobusda siqaret çəkirlər, zövqsüz musiqilərlə adamın baş-beynini aparırlar. Həmçinin, şoferlərin addımbaşı istədikləri yerdə avtobusu saxlamaları, yüksək sürətlə idarə etmələri, vaxtı uzatmaları da insanı narahat edir. Çalışıram onlarla mübahisə etməyim, çünki əksəriyyəti tərbiyəsiz adamlardır. Adamın nə yaşına hörmət qoyurlar nə başına. Nə qoca bilirlər, nə cavan. Nə qadına hörmət qoyurlar, nə də uşağa". Marşrut avtobuslarının 30%-nin belə olduğunu deyən Əli Səmədov əsasən 170 və 30 nömrəli avtobuslardan istifadə etdiyini bildirdi.

Avtobusun çirkliliyi, qarışıb sürücülərin çirkinliyinə

"Çox kobuddurlar. Siqaret çəkmələri insanı çox əsəbiləşdirir. Tüstü düz üstümüzə vurur. Axı qapalı yerlərdə, nəqliyyat vasitələrində olmaz belə şey, uşaq var, böyük var… Bir söz də demək olmur. O dəqiqə insana sərt reaksiya verirlər. Elə qaba cavab verirlər ki, adam dediyinə də utanır. Axı biz hansı zəmanədə yaşayırıq?", – deyə narazılığını bildirən Sevinc xanımın sanki ürəyi doluymuş. O deyir ki, istifadə etdiyi bütün avtobuslarda bu hallarla qarşılaşır: "Şəhər daxilində çox marşrutlardan istifadə edirəm, əsas da 46, 78 nömrəli-Xətaiyə gedən avtobuslardan. Demək olar ki, hamısı bu vəziyyətdədir. Həm də avtobuslar o qədər çirkli olur ki, adam harasa əl vurmağa belə çəkinir. Mən bilmirəm, onlar qarajda saxlanıb yuyulmur, təmizlənmirmi? Hər yeri kirli olur. Moqnitofona da yüksək səslə qulaq asırlar. Bundan sürücünün xoşu gələ bilər, bəs sərnişinlər? Birdən dözməyib deyirəm ki, gərək sizə irad tutula, sonra nəsə edəsiz?. Çoxusu baş qoşmur, cavab belə vermir. Nəzarətçilər isə təbii ki, onlara irad tutmayacaqlar. Çünki onlara çatan qəpik-quruşdan da məhrum olarlar".

Aidə xanım isə əsasən sürücülərin avtobusa həddindən çox sərnişin yığaraq basabas yaratmağından və yenə də kobudluqlarından şikayətçi olduğunu bildirdi.
Rastlaşdığımız sərnişinlərin çoxu isə bu barədə danışmağın faydasız olduğunu dedilər. Əksəriyyət isə hər hansı qəzetə və ya məsələyə fikir söyləyə bilməyəcəyini dedi.

İmzaladıqları sənədlərdən xəbərsiz olan sürücülərimiz...

Növbə çatdı qarşı tərəfin fikrinə. Bu qədər sərnişin şikayətindən sonra bir də sürücülərin nə dediklərinə nəzər salaq. Yəqin ki, onların da özlərini müdafiə edəcək səbəblər, əsasları və təbii ki, sərnişinlərdən narazılıqları olacaq. Bunu təxmin etmək heç də çətin deyil. Beləliklə, 30 nömrəli avtobusun sürücüsü Kamran Qasımov əvvəlcə ünvanladığımız suallara çəkinə-çəkinə yalnız "hə", "yox" kimi cavablar verdi. Onlardan işə götürülərkən hansı sənədlər tələb olunduğunu soruşanda nəyəsə qol çəkdiklərini dedi: "Mən nə bilim, oxumamışam heç". Burda artıq şərhə ehtiyac yoxdur, məncə. Daha sonra təlimatları yerinə yetirdiklərini təsdiqlədi. Ancaq bunun nə dərəcədə doğru olduğunu demək çətindir. Sürücü sərnişinlərin şikayətlərinə gəldikdə isə, qeyd olunan iradların bütün sürücülərə şamil etməyi düzgün olmadığını bildirdi: "Olur ki, sürücülər də kobudluq edir. Amma elə sərnişinlərdə də az günah olmur. Avtobus şoferini heç it yerinə də qoymurlar. Elə əmrlə danışırlar ki, əəə saxla, orda saxla-burda saxla. Nə deyək axı…"

Elə bu məqamda bayaqdan bəri axtardığımız avtobusların iş qrafikinə nəzarət edən şəxsi yaxaladıq. Amma o bizi görəcək elə qaçdı ki… Səbəb isə "Bir dəfə intervü verib, başı çox ağrıyıb…"- bunu sürücülər dedi.
Digər sürücüylə söhbətimizi davam etdiririk. 78 nömrəli avtobus şoferi də israrla sərnişinlərin haqsız olduğunu bildirdi: "Dəqiqəbaşı deyirlər saxla. 2 metr məsafə getməmiş saxla... O da elə yerlərdə ki, orda saxlamaq mümkün olmur. Saxlamayanda da başlayırlar kobudluğa".

Namiq Həsənovun hamıya bəlli olan dedikləri

Sürücülərin qayda pozuntularına münasibət bildirən Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov isə qeyd edir ki, bütün bu məsələlər əslində qanunla tənzimlənir. Belə ki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu var. Bu qanun Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı­nın hü­qu­qi, təş­ki­la­ti və iq­ti­sa­di əsas­la­rı­nı müəy­yən edir. Eyni zamanda, bu sa­hə­də döv­lət or­qan­la­rı, da­şı­yı­cı­lar və av­to­mo­bil nəq­liy­ya­tı ilə sər­ni­şin və yük da­şı­ma­la­rı üz­rə xid­mət­lə­rin is­teh­lak­çı­la­rı ara­sın­da ya­ra­nan mü­na­si­bət­lə­ri tən­zim­lə­yir.

Namiq Həsənovun sözlərinə görə, qanunun maddələri ilə həm sürücülərin vəzifələri, həm də onların üzərinə düşən məsuliyyət müəyyənləşdirilir: "Qanunda 3 ildən az təcrübəsi olan sürücülərin avtobus sürməsi məsələsi də yer alıb. Həmçinin, D kateqoriyası olmadan avtobusu idarə etmək qadağan edilib. Yəni bizim sərnişin nəqliyyatının əməkdaşları tərəfindən monitorinqlər, qeydlər aparılır. Belə hallar, yəni sürücülük vəsiqəsi olmayan sürücülər, D kateqoriyası olmayan şoferlər aşkarlananda onlara qarşı müvafiq tədbirlər görülür. Ancaq elə olub ki, onlarla, yüzlərlə sürücüyə müəyyən protokollar tətbiq olunub, cəzalandırılıb. Belə halların kəskin şəkildə azaldılması üçün monitorinqlərimiz davam etdirilir. Əvvəlkinə nisbətən yüksək sürətlə idarə olunma halları azalıb. Ancaq yenə təhlükəsizlik qaydalarının pozulması, sərnişinlərin narahat edilməsi kimi məqamlar mövcuddur. Reydlər zamanı bununla qarşılaşılır və onlarla bağlı tədbirlər görülür. Hüquq məcəlləsinə görə, müəyyən cəzalar tətbiq olur, hətta işdən azad edilməyə qədər gedə bilir. Həmçinin, sahibkarlarla danışıqlar aparılır. Sürücülər də işə götürülən zaman müqavilə imzalayırlar".

Mətbuat rəhbərindən sürücülərin işə götürülərkən psixoloji və sağlamlıq durumları ilə nə dərəcədə maraqlanmaları və bunun üçün arayış tələb etmələri barədə soruşduq. O isə bildirir ki, bu şərt həm avtobus, həm də taksi sürücülərinə bu tətbiq olunur: "Sürücülərdən Narkoloji dispanserdən də sənəd tələb olunur, həmçinin, tibbi arayış. İşə götürülərkən bəzən bu qaydalar sahibkarlar tərəfindən pozulur. Çünki sahibkarla sürücü arasında müqavilə bağlanır. Yəni, bu proses Nazirlik tərəfindən həyata keçirilmir. Ona görə də, biz sahibkarları dəfələrlə çağırmışıq ki, bu məsələlərdə diqqətli olsunlar. Hər yoldan ötəni sürücü götürmək olmaz. Hər- halda bu istiqamətdə işlər davam etdirilir və irəliləyiş də müşahidə olunur. Amma yenə də sərnişinlərlə problem halları, qayda pozuntuları olur. Baş verən qəzalar və bizə daxil olan şikayətlər də bunu göstərir".

Həmsöhbətimiz müəyyən rüşvət müqabilində sağlamlıq göstəriciləri uyğun olmayan, sürücülük hüququ əldə etməyən şəxslərə avtobus həvalə edilməsi məsələsinə konkret cavab vermədi: "Amma hər-halda o normalar sahibkarlarla sürücülər arasında iş prosesi əsasında pozulmuş olur. Bəzən isə heç sahibkarda günah olmur. Bir də görürsən ki, sürücü gedir nahar etməyə. Sükanı verir başqasına. Onun da nə sürücülük vəsiqəsi olur, nə avtobus idarə etmək təcrübəsi. Belə adamlara sükan etibar etmək qorxuludur. Bu məsələdə sürücü məsuliyyət daşıyır".

Namiq Həsənovun hamıya bəlli olan demədikləri

Ancaq bu məsələdə Nəqliyyat Departamentinin saysız-hesabsız nəzarətçilərinin, "quşu gözündən vuran ovçularının" hara baxdığını demədi. Namiq müəllim demədi ki, necə olur Nazirlik əməkdaşları ayrı-ayrı mülki maşınların içərisində müştəri olduğunu göydə tutur və buna görə sürücünü qanunsuz taxsi fəaliyyətində suçlayaraq, cərimə edə bilirlər, amma avtobusu "qanunsuz" sürücünün idarə etdiyini görmürlər! Axı bu məsələyə Nəqliyyat Departamentinin xüsusi avtomobillərdə "qanunsuzluğu qovan" işçilərindən başqa, hər dayanacaqda marşuruta nəzarət edən əməkdaşları da var. Bəs onlar hara baxır? Yoxsa, doğrudanmı onların işi ancaq "haqq" yığmaqdır?

Sevinc Fədai
Fotomüxbir: Mahir Hüseynbəyli

Aznews.az

Bağla X