21:50
(077) 610-22-33

Şahin Mustafayev İƏT-in baş katibi ilə görüşdü

  • >
743 7 Mart 2014 17:00 | Cəmiyyət

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı arasındakı mövcud əlaqələrə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev İ.Mədənini yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, bu səfərin Azərbaycan və İƏT arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd edilib ki, təşkilatla fəal əməkdaşlıq edən Azərbaycan İƏT tərəfindən hazırlanan yardım layihələrində iştirak edir. 2013-cü ildə Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6.8 mlrd. dollar təşkil edib. Bu, 2012-ci ildəki göstəricidən 7,7% çoxdur. İƏT-in maliyyə qurumu olan İslam İnkişaf Bankı bu günədək Azərbaycana 18 layihə üzrə 960 mln. dollar məbləğində kredit, 14 layihə üzrə 5 mln. dollar texniki yardım ayırıb.

İƏT-in əsas qurumlarından olan İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitə (COMCEC) çərçivəsində də iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. İndiyədək Bakıda İƏT çərçivəsində bir sıra beynəlxalq tədbir və forumlar təşkil edilib. 2010-cu ildə İslam İnkişaf Bankının illik toplantısının Bakıda keçirilməsi, Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi xüsusilə qeyd edilib.
Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İƏT-in Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və məsələ ilə bağlı bir neçə qətnamə qəbul etdiyini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan iqtisadiyyatına dair məlumat verən Ş.Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, İƏT-lə əməkdaşlığın inkişafı perspektivləri barədə məlumat verib. İ.Mədəni Azərbaycanın qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi qeyd edib, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı və s. sahələrdə Azərbaycan təcrübəsinin İƏT-ə üzv olan digər ölkələr üçün örnək ola biləcəyini vurğulayıb.

AzNews.az
Bağla X