03:45
(077) 610-22-33

“SƏMƏNİ“ Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək

  • >
607 11 Mart 2014 16:45 | Cəmiyyət

Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihə həyata keçirəcək.

Mərkəzdən bildiriblər ki, martın 18-də, Novruz ərəfəsindəki son çərşənbə bayramı günündə Heydər Əliyev Mərkəzinin parkında "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsi təşkil olunacaq. Həmin gün Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənəcək.

Qədim zamanlardan baharın gəlişi Azərbaycan və bir çox Şərq ölkələrində bayram edilir, şənliklərlə qarşılanır. Təntənə hələ Novruzdan əvvəl - ilaxır çərşənbələrdən başlanır. Novruz bayramının özünəməxsus rəmzləri, adətləri var. Onun əsas atributlarından biri isə səmənidir. Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yaz öncəsi "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə ediblər. Əsrlər dəyişib, sivilizasiya inkişaf edib, müxtəlif tarixi dönəmlərdə yasaqlar qoyulub, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri, rəmzləri ilə barəbər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarıb. Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.

Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - "SƏMƏNİ" Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir. Martın 18-də keçiriləcək müsabiqə zamanı bu 32 əsər arasından ilk 3 yerin sahibləri səsvermə yolu ilə müəyyən olunacaq. Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında "KÜKNAR" Beynəlxalq Sərgi-Müsabiqəsi keçirib, 18 yerli və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim edib, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılıb. Unikal görkəmli küknarlar 2 ay Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

AzNews.az
Bağla X