18:57
(077) 610-22-33

Bakıdakı teatrların “Novruz“ repertuarı- ARAŞDIRMA

  • >
1 600 20 Mart 2014 12:30 | Cəmiyyət

Artıq baharın gəlişinə saatlar qalıb. Hər bayramın öz gözəlliyi, öz xüsusiyyətləri var. Novruz bayramı özünün xonçası, səmənisi, paxlavası, şəkərburası və əsas atributları olan Kosa, Keçəl və Bahar qızı ilə yadda qalır.

Bu bayramda balacalar da sevinir, ona görə ki, özlərinin nağıl qəhrəmanlarını görəcəklər. Bəs, onları bu bayram günlərində öz qəhrəmanları ilə hansı teatrlar qarşılayacaq?

AzNews-az bununla bağlı paytaxtda fəaliyyət göstərən teatr salonlarının bayram repertuarı ilə bağlı araşdırma aparıb:

Akademik Milli Dram Teatrından bildirdilər ki, artıq burada Novruz şənliyi başlayıb. Martın 19-dan başlayan "Novruz şənliyi" adlı proqram martın 24-də yekunlaşacaq. Proqramda teatr artistlərinin ifasında bayram atributlarının obrazları canlandırılacaq, Kosa, Keçəl və Bahar qız bir-birindən maraqlı səhnəciklər təqdim edəcəklər.

Opera və Balet Teatrı isə Novruz bayramında bizim balacaları Gürcüstanın "Multi-Pulti dünyası" teatrının aktyorları ilə təbrik edəcək. Teatr kiçik yaşlı tamaşaçılara "Maşa və Ayının novruz sərgüzəştləri"ni təqdim edəcək. Balaca tamaşaçılar sevimli personajlarını martın 18-dən 23-nə kimi bu teatrda görə biləcəklər. Tamaşa iki dildə - Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcək.

Gənc Tamaşaçılar Teatrında da Novruz şənliyi artıq başlayıb. Teatrdan bildirilib ki, balacalar bu bayramda "Qırmızı papağın nağılı" tamaşasına baxacaqlar. Tamaşa martın 15-dən 24-nə kimi davam edəcək.

Heydər Əliyev Sarayında isə Novruz şənliyi iki gün balacaları sevindirəcək. Saraydan verilən məlumata görə, "Novruz şənliyi" adlı konsert proqramında bayram atributları olan Kosa, Keçəl, Bahar qızın nağılı təqdim olunacaq. Bundan başqa sarayda konsert proqramı da hazırlanıb. Konsertdə tanınmış sənət adamları, şou-biznes nümayəndələri öz ifaları ilə nağıl qəhrəmanlarının ölkəmizə gəlişinə rəng qatacaq. Konsert martın 22-23-də keçiriləcək.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrında isə xüsusi olaraq Novruz şənlikləri keçirilməyəcək. Teatrdan verilən məlumata görə, bayram günlərində bu sənət müəssisəsi öz repertuarı ilə fəaliyyət göstərəcək. Balacalar gündə 3 dəfə teatrın repertuarında olan nağıl qəhrəmanlarından bəhs edən tamaşalara baxa biləcək.

Dövlət Rus Dram Teatrında isə "Xəzərdə Novruz" adlı bayram tamaşası keçiriləcək. Teatrdan verilən məlumata görə, tədbir cizgi filmi qəhrəmanlarının iştirakı ilə baş tutacaq. Tamaşa martın 19-dan 24-nə kimi bu mədəniyyət ocağının səhnəsində təqdim olunacaq.
Dövlət Musiqili Teatrın kollektivi də bu bayramı keçirməmək qərarına gəlib. Teatrdan bildirilib ki, bu sənət ocağı yeni açılış etdiyindən bir müddət öz repertuarını təqdim edəcək.

Novruz bayramının ən böyük şənliyi isə Dənizkənarı Milli Parkda keçirilir. Tədbir Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşır.

Bahar Rüstəmli
AzNews.az
Bağla X