13:04
(077) 610-22-33

Şərqin qan çanağı, qorxulu Taliban, papaqda bomba...– REPORTAJ

  • >
1 281 10 Aprel 2014 11:24 | Cəmiyyət

Səbuhi Məmmədli Əfqanıstandan yazır

...Əslində Əfqanıstan getməkdə məqsədimiz ayrı idi. Çoxdan bilirdik ki, bu qədim torpaqlarda Qarabağla bağlı yer adları var. Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi, Əfşar, Əfşar-təpə… Nadir şahın və Qızılbaş imperiyasının mövcud olduğu dönəmlərdə Azərbaycandan buralara köçən soydaşlarımız o vaxtdan Əfqanıstanda məskunlaşıb, yurd-yuva qurublar.

Niyyətimizi Diasporla İş üzrə Dövlət Komitəsinə bildirdik. Komitə təşəbbüsümüzü dəstəklədi və səfərin təşkilinə yardımçı oldu…

Səfər Əfqanıstanda prezident seçkisi ərəfəsinə təsadüf etdiyindən təkcə Qarabağla bağlı reportajlar hazırlamadıq. Əfqanıstanın bu günü də reportaj mövzumuz oldu…

***

"Taliban bizi 50 il geriyə atdı. Ən azı 50 il. Onların Əfqanıstanda olduğu 5 il dəhşətli bir yuxu kimi gəldi keçdi. Allah bir də bizə belə günlər göstərməsin". Bunu Assoşieyted Press-in Kabildəki ofisinin əməkdaşı Cavid Çayan deyir.

Kabilin mərkəzində, dəbdəbəli "Serena" otelinin qarşısında yerləşən "Herat" restoranındayıq. Gənc sevgililər, yaşlılar, qadınlar kişilər, uşaqlar… deyə-gülə həm şam edir, həm də dincəlirlər.

Zarafatla soruşuram:

- Gülmək də yasaq idi?

- Yox, niyə ki? Evdə gülmək olardı. (Gülür) Amma yavaşca. Əgər qonşu Talibanın adamıydısa və Allah göstərməsin, onlara xəbər versəydi, qanın batardı. Yox, gülməyə görə öldürməzdilər təbii, amma mütləq cəzalandırardılar. Bilirsiz, sizlərə qəribə gələr, təsəvvür edə bilməzsiz... 21-ci əsrdə belə bir rejimdə yaşamaq sadəcə dəhşət idi.

Və Cavid bu dəhşətlərin nə olduğunu sadalayır: Taliban düz 5 il ölkədə televiziya, radio, internet, kompüter, mobil telefon, musiqi, musiqi alətləri, şahmat, açıq rəngli nə varsa, hər şeyə qadağa qoyub. Əfqanıstan insanı 5 il dünyadan təcrid olunmuş şəkildə yaşayıb.

- Biz hətta ayın neçəsi olduğunu belə unutmuşuq. Zaman donub qalmışdı buralarda. Yadıma gəlir, evimizə gəldikləri. İçəri girən kimi öncə televizoru vurub sındırdılar. Sonra kiçik qəbuledicimiz vardı. Onu apardılar. Bir də nərdtaxtanı. "Olmaz" dedilər. Başqa biri isə qonşuları yığdı. Böyüklərə xüsusi vərəqə verdilər. Onlar müəyyən olunmuş vaxtda məsciddə namaza gəlməli və hər dəfə də qeydiyyatdan keçməliydilər. Əks təqdirdə, cəzalanacaqdın. Eh, yadıma salmaq belə istəmirəm".

"Sizi oğurlaya bilərlər"

Əslində yasaqlar, rəsmi və qeyri-rəsmi qadağalar elə indinin özündə də var. Elə Kabil aeroportundaca bunu hiss etmək mümkündür. Aeroport deyəndə ki, bir mərtəbəli tikilidir. Əzəmətinə görə Azərbaycanın əyalət aeroportlarından belə xeyli geri qalır. Elə həmin bu binadaca ilk xəbərdarlığını alırsan: "Ehtiyatlı olun, hələ də partlamamış minalar var".

Elə bilməyin ki, ölkənin hansısa konkret vilayətini nəzərdə tutub xəbərdarlıq edirlər. Əsla. Həmin o partlamamış minalara nəinki kənarlarda, Kabilin mərkəzində də rast gələ bilərsiz.

"Sizi oğurlaya bilərlər". Hə, ən ciddi xəbərdarlıq elə bu idi. Əgər Kabildə tanışınız və həmin tanışınızın da tanış taksi sürücüsü yoxdursa, mütləq və mütləq ehtiyatlı olun. Ya da qaldığınız otelin taksilərindən istifadə edin. Sən demə, Əfqanıstanda saysız-hesabsız cinayətkar qruplaşmalar var ki, əcnəbiləri oğurlayıb satmaqla məşğuldurlar. Daha dəqiqi, əcnəbi vətəndaşı oğurlayan qrup onu həmin şəxsin çalışdığı şirkətə də sata bilər, başqa bir qruplaşmaya da. Yəni zavallı əcnəbi adi əşya kimi alver predmetinə dönür. Amma necə deyərlər, sevindiricisi məqam odur ki, həmin adamın ölməyində, ya öldürülməsində heç kim maraqlı deyil.

"Burda ölüyə pul verən yoxdur. Həmin adam ölsə belə, dağa-dərəyə atırlar ki, iz itsin. Çünki həmin cinayətkar qruplaşmayla danışıq aparanlar eyni zamanda polisə və ya təhlükəsizlik qüvvələrinə də xəbər verə bilərlər. Belə olan halda həmin adamın ölüsünü aparıb tullamaq onlara daha rahatdır..." Bunu isə bizə qaldığımız "Moon otel"in inzibatçısı Əhməd deyir.

Yeri gəlmişkən, bir qədər əvvəl Kabilin ən böyük restoranlarından olan "İstanbul"un türkiyəli sahibi Sami Yavuz oğurlanıb. Onu oğurlanması və qaytarılması əsil trilleri xatırladır. Sami bəyin dediyinə görə, onu işdən çıxan kimi qaçırıblar. Sonra başqalarına satıblar. Onlar da digərlərinə. Nəticədə Sami bəyin "qiyməti" 5 milyon dollara qədər qalxıb. Qaranlıq bir yerdə saxlayıblar. Bir neçə gün ancaq quru çörək və su veriblər. Sami bəy də onlara deyib ki, bu qədər pulu yoxdur. Yaxşısı budur öldürsünlər. Quldurlar ona Türkiyə səfirliyi ilə əlaqə saxlamağı tapşırıblar, səfirlik isə Əfqanıstan məxfi polisi ilə əlaqəyə girib. Və xüsusi əməliyyat planı hazırlanıb, alıcı kimi quldurlarla görüşə gedən polis Sami Yavuzu xilas edə bilib.

Papaqda bomba

Oteldən söz düşmüşkən, "Moon" şəhərin mərkəzində yerləşir. Və olduqca ciddi qoruma altındadır. Təsəvvür edin, hər dəfə bu otelə girib-çıxanda, türklər demiş, dəlik-dəlik yoxlanırdıq. 3 mərhələli bu yoxlama zamanı ayaqqabılarımızın içi, hətta mənim elə həmin Kabildəcə alıb başıma qoyduğum milli əfqan papağı olan pakolu belə başımdan çıxarmağı tələb edirdilər. Sonradan elə həmin Əhməd özü deyirdi ki, 1-2 il bundan əvvələ kimi papaq-filanı yoxlamırdılar. Amma Əfqanıstanın keçmiş prezidenti Bürhanəddin Rəbbani qətlə yetiriləndən sonra papaq məsələsi də gündəmə gəlib. Söhbət ondan gedir ki, Rəbbani düz evinin qarşısında, papağın içinə gizlədilmiş bombanın partlaması nəticəsində öldürülüb. Sən demə, evindən çıxıb maşına əyləşmək istəyəndə bir nəfər yaxınlaşaraq onun əlini öpüb. Elə həmin andaca başındakı papaqda gizlətdiyi bombanı işə salıb. Nəticədə Rəbbani və sürücüsü həlak olub.
Pakol əfqanların simvoludur, əslində. Elə başında pakol Kabildə hər addımda iri portretlərinə rast gəldiyimiz Əhməd Şah Məsud kimi. Məsud tacik idi, amma əhalisinin 60 faizi puştun olan Əfqanıstanda qəhrəmanlıq rəmzidir. Əslən Pəncşirdən olan Məsudun sovet ordusuna qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıq hələ də dillər əzbəridir. Adından da gördüyünüz kimi Pəncşir, "beş şir" mənasını verir. Əfqanlar isə Məsudu "altıncı şir" adlandırırlar.

"Pəncşirə nə sovet qoşunları girə bildi, nə Taliban, nə də NATO. Məsud öldürülməsəydi, NATO Əfqanıstana girə bilməzdi. O, şir kimi gəldi, çarpışdı, şir kimi də öldürüldü". Bunu tacik Fayzulla deyir.

Elə hər dəfə operatorumuz Fuadın kamerasının az qala hissə-hissə sökülüb yoxlanılması da təsadüfi deyilmiş. Axı, Məsud kameranın içində gizlədilmiş bombanın partlaması nəticəsində öldürülüb. Jurnalist adı altında ondan müsahibə almağa gələn terrorçular, söhbətə başlayan kimi bombanı işə salıblar. Məsud ağır yaralanıb, Kabilə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

***

İstər otelə girib-çıxanda, istərsə də yoldakı yoxlamalar zamanı nəinki kameranı içini yoxlayırlar, hətta üstümüzdə gəzdirdiyimiz noutbuku belə işə salmağı tələb edirdilər. Bu ölkədə noutbukun içinə qoyulmuş bombanın partladılmasıyla da terror aktları olub.

Yoxlama isə demək olar ki, addımbaşıdır. Hər küçənin əvvəlində və sonunda, hər iri ticarət obyektinin və ya restoranın girişində ciddi yoxlama var. Kabildə 3 kilometrlik bir məsafəni azı 4-5 postdan keçməklə qət etmək mümkündür. Daha doğrusu, bunsuz mümkün deyil.

***

Aprelin 5-i, seçki günü isə şəhər sadəcə donmuşdu. Dükan-bazar bağlı, küçələr zirehli texnikayla dolu, göydə helikopterlər. Sanki bir hərbi əməliyyat. Kabil elə adi günlərdə də böyük bir həbsxananı xatırladır. Küçə boyu beton divarlar, tikanlı məftillər, qum kisələri. Hər tərəfdə də əlisilahlı. Ən pisi odur ki, istər əfqan polislər, istərsə də hərbçilər avtomatı normalda olduğu kimi lüləsi aşığı, ya yuxarı yox, düz adamın üstünə tuturlar. Avtomatın qoruyucusu açıq, barmaqlar tətikdə. Həmin əsgərin, ya polisin ani diqqətsizliyi… işin bitdi.

"2 yaşlı uşağı başından vurdular"

Şəhərdən söz düşmüşkən, olduqca çirkli bir şəhər. Təsəvvür edin, ölkə paytaxtının kanalizasiya sistemi yoxdur. Kanalizasiya suları hara gəldi axıdılır. Şəhəri az qala iki yerə bölən Kabil çayı isə böyük bir zibilxananı xatırladır. Bu çaya zibil də tökülür, kanalizasiya suları da. İtkin düşən, ya bayaq dediyimiz kimi qaçırılaraq sonradan öldürülənlərin meyitlərini də elə bu zibilxana-çayda tapmaq mümkündür. Yazda azca sulu olsa da, maydan etibarən bu çay da quruyur. Nəticədə bütün şəhəri üfunət bürüyür.

Kabil həm də böyük bir bazarı xatırladır. Amma çirkli, səliqəsiz, orta əsrlər bazarını. Hər yerdə, hər şey satırlar burda. Kabab bişirən kim, qril hazırlayan kim. Hələ mən müxtəlif ölkələrin valyutalarını dəyişənləri, yerdə isti təndir çörəyi, quru meyvə, tərəvəz, düyü, şirniyyat satanları demirəm. Necə deyərlər, hər yerdə hər şey satılır, alınır buralarda. İslam ölkəsi olsa da, istədiyin qədər spirtli içki də tapa bilərsən.

"Özbəkistandan, Tacikistandan gətirirlər. Tanış dükanlar var, viski də taparsan. Burada çoxdan yaşayan əcnəbilər həmin mağazaların yerini əzbər bilirlər. Elə dükan sahibləri də müştərilərini yaxşı tanıyırlar. Qiymət? Həəə, çox bahadır. Yarım litrlik rus arağı təxminən 50 dollara. Niyə baha? Qorxuludur axı! Taliban bilsə partladacaq, polis bilsə tutacaq. Risklidir hər halda". Bunu bizə yerli Çinar TV-nin əməkdaşı Ömər Qəmbər deyir. Ömərin dediyinə görə, Kabildəki "Serena" otelini də tez-tez oradakı restoranda spirtli içki verdiklərinə görə partladırlar:

"Bir ay əvvəl isə Taliban ora hücum elədi. Restorana girdilər, qabaqlarına çıxanı güllələdilər. Bizim jurnalist həmkarımız Mustafa da təsadüfən ailəsi ilə ordaydı. Mustafanı da, xanımını da öldürdülər. Bu azmış kimi, 2 yaşlı oğlunu da başından vurdular. Ay əclaflar, uşağı niyə öldürürsüz?"

***

Kabildə yol hərəkəti deyilən anlayış yoxdur. Svetofor olsa da, tək-tük sürücü ona riayət edir. Kim haradan bacarırsa, ordan sürür. Səkinin üstüylə maşın sürmək isə buralarda adi şeydir. Və ən maraqlısı odur ki, ciddi qəza da baş vermir. Maşın maşına yüngül dəyəndə isə tərəflər bir-birindən sadəcə üzr istəyib, yollarına davam edirlər. Daha bizdəki kimi sığorta və yol polisi gözləmək ənənəsindən söhbət belə gedə bilməz. Məhz bu səbəbdən paytaxtda xeyli əzik maşına rast gəlmək mümkündür.

Bayaq spirtli içkidən danışdıq. Amma bu hələ harasıdır? Paytaxtda tiryəkdən tutmuş heroinə qədər hansı narkotik maddəni desən, əldə etmək olar. Və bunun üçün Kabilin kənarına-filana getmək, xüsusi plan qurmağa da ehtiyac yoxdur. Spirtli içki satmağa qorxan Kabil sakini üçün, tutaq ki, heroin satmaq daha rahatdır. 1 qram heroin isə… Bax, bu başqa söhbətin mövzusudur.

Elə növbəti yazımızdan da biləcəksiz:

- Lent.az-ın əməkdaşı bir saatını narkomanlarla necə keçirdi?

- Kabil narkomanları əməkdaşımızın xahişi ilə heroini neçəyə və haradan tapdılar?

- Palçığın içindən yığdıqları xırda daşlar onların nəyinə lazım idi?

Və daha nələr, nələr...

Bütün bunlar və digər məqamlar, sizləri heyrətə gətirəcək qan donduran foto və video görüntülərlə…
(Bu yazı həmin günlərdə Əfqanıstanda qətlə yetirilən alman həmkarımız Anja Niedringhausun xatirəsinə həsr olunur)



Səbuhi Məmmədli
Kabil-Bakı

Operator: Fuad Kərimov (APA TV)
Bağla X