03:14
(077) 610-22-33

Əli Həsənov məmurların adının nurçuluqda hallanmasından danışdı

  • >
2 012 16 Aprel 2014 17:32 | Cəmiyyət

Prezident Administrasiyasının (PA) İstimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər Azərbaycanda bir sıra YAP üzvlərinin və dövlət vəzifəsi daşıyan şəxslərin adlarının nurçuluqda hallanması barədə KİV-də yayılan məlumatlara münasibət bildirib.
"Təsdiqlənməmiş informasiyanı KİV-in diqqətinə çatdıra bilmərəm. Azərbaycanda tək "nurçuluq", vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post sovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur".

AzNews.az - ın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri qeyd edib ki, bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var: "Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar".

Ə. Həsənov deyib ki, bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb etmirlər: "Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanunların keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz. Təəssüflər olsun ki, bir sıra dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir. Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanuni məsuliyyət doğurur və nəticə etibarilə, belə hallar müşahidə olunursa, müvafiq tədbirlər görülür".


AzNews.az
Bağla X