22:16
(077) 610-22-33

Yıxılma, Vətən!

  • >
2 146 4 Avqust 2014 13:13 | Cəmiyyət

Elçin Mirzəbəyli

Bəzən insanı ayaqda saxlayan, öz hədəflərinə çatmaq, yolun sonuna varmaq istəyindən daha çox hər addımında yıxılmasını gözləyənlərə inad nümayiş etdirdiyi əzmkarlıq olur.
Büdrəyişlərinə sevinənlərin arasında bəzən gözləmədiyin, ağlına belə gətirmədiyin insanları görəndə sarsılırsan, sonra... hər şey adiləşir, dizlərindəki hər dəfə yenidən qanayan irili-xırdalı yaralar, hər qan damlasının üzərində əks olunan kinayəli gülüşlər müqavimətini daha da artırır və yalnız Tanrının ədalətinə sığınıb yoluna davam edirsən. Vətən də, dövlət də... insan kimidi... Yalnız bir fərqlə - əgər çoxluq qanayan yaralara istehza edənlərin sırasında deyilsə...
...Xeli müddətdi Azərbaycan cəmiyyəti bu qədər silkələlnməmişdi, bu qədər sarsılmamışdı... Və bu qədər özünü tanımamışdı!
... O gün səhərimiz kürəyimizə tuşlanan namərd silahı kimi qəfildən, gözləmədiyimiz bir zamanda..., qara xəbərlə açıldı.
...Bir neçə ənənəvi mətbuat orqanı və agentlik istisna olmaqla, son illər ərzində gurultulu adlar altında internet məkanını zəbt edən, siyasi xəbərləri belə uciz pornoqrafiyanı xatırladan yeni media "göbələkləri"nin böyük əksəriyyəti bu qara xəbərin gətirdiyi sınaqdan çıxmadı... Əttökən şouların sərhədlərindən kənara bircə addım atmaq üçün belə sifariş, göstəriş, əmr gözləyən, siyasi dünyagörüşü, dövlətçilik təfəkkürtü, analitik düşüncəsi olmayan, əksər hallarda başı daxili intriqalara qarışmış bir qrup qorxaq və cəsarətsiz manafe müvəkkilinin yönəltdiyi bəzi TV-lər də həmçinin... Donub qaldılar. Ənənəvi proqram siyasətlərində cüzi korrektələr belə edə bilmədilər. Yenə də Sovet dövründə lentə alınmış "Babək", "Dədə Qorqud", "Axırıncı aşırım" kimi Azərbaycan filmləri və soyuq müharibə dövründən qalmış xarici ekran əsərləri, ruhsuz söz yığınından ibarət, pafoslu, səmimiyyətdən uzaq, qeyri peşəkar və tələm-tələsik hazırlanmış təbliğat materilları bürüdü TV ekranlarını. Əksər televiziya kanalları belə bir vəziyyətdə əhaliyə obyektiv və inandırıcı informasiya vermək əvəzinə məsuliyyətdən yayınmağa, "məndən ötdü qardaşıma dəydi" prinsipi ilə hərəkət etməyə başladılar və bununla da insanların şaiyə yayan internet resurslarına üz tutmalarına zəmin yaratdılar. Tamaşaçıya dolayısıyla "nə edirsiniz edin, amma bizə baxmayın" dedilər.
Əslində necə olmalıydı? Peşəkar hərbçilərin, Qarabağ qazilərinin və siyasi şərhçilərin iştirakı ilə tok-şoular hazırlanmalı, insanlarda ruh yüksəkliyinin artırılması üçün bütün mümkün vasitələrdən istifadə edilməliydi. Şəhidlərin dəfn mərasimi yüksək peşəkarlıqla təşkil edilməli, eyni peşəkarlıqla, detallı şəkildə işlənərək, emosional notlarla tamaşaçıya təqdim olunmalıydı. Tamaşaçıya gözünü ekrandan ayırmağa imkan verilməməliydi... Amma olmadı!
Əvəzində isə demokratiya və insan azadlıqlarından dəm vuran, Azərbaycana düşmən kəsilən bütün qütblərə "Ləbbeyk" deyən şərəfsizlərin quyruq bulayanları "internet göbələklərində" və sosial şəbəkələrdə meydan suladılar, şaiyələri xəbərə, xəbərləri istehza obyektinə çevirdilər, erməni mənbələrini... öpüb gözlərinin üstə qoydular, Sarkisyanın gorbagor atasının goruna and içdilər...
Ay sizin...
...Analarınızı ona görə ittiham edirəm ki, sizin kimi şərəf və ləyaqətin nə olduğunu bilməyən, millətinin qanına susamış təpəgözləri dünyaya gətiriblər. Bəlkə də böyüyüb kim olacağınızı bilsəydilər sizi elə bətnlərində də dəfn edərdilər...
Yazmağa belə xəcalət çəkirəm... Özünü "peşəkar jurnalist" adlandıran biri ermənilərin ağır itki vermələri ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbərləri təkzib etmək üçün dəridən-qabıqdan çıxır... Və görün nə yazır: "Ola bilməz! Ermənilər bu qədər itki verməyiblər. Azərbaycan hakimiyyəti insanları sakiştləşdirməyə çalışır". Bu artıq nakəsliyin son həddidir! Milli mənsubiyyət faktorunu, vətəndaş təəssübkeşliyini bir kənara qoyuram, belələrinin damarlarında insan qanının axdığına da şübhə edirəm.
...Müharibə davam edir və bu savaşda heç bir azərbaycanlı, haqqı tanıyan heç bir insan bəndəsi bitərəf ola bilməz. Mən hələ açıq-aşkar düşmənin mövqeyini müdafiə edənləri bu sıraya yazmıram. Onları yeri zatən bəllidir! Belə bir vəziyyətdə bitərəf olanları nəzərdə tuturam! Millətinin, dövlətinin maraqlarına, haqqa, ədalətə, insanlığa münasibətdə bitərəflik neytrallıq deyil bişərəflikdir!
...Baş verənlər sübuta yetirdi bizim büdrəməyə, hətta daha güclü olduğumuz barədə susmağa, haqqımızı hayqırmaq üçün ləngiməyə, vaxt itirməyə haqqımız yoxdur! Ləyaqətsiz olduqlarını sübuta yetirən kəslərə humanizm prinsiplərindən çıxış edərək yanaşmaq isə Millətə Xəyanətdir! Kimlərinsə illərdən bəri çeynədikləri "ictimai qınaq", "ictimai sınaq", "ictimai... nə bilim nə" kimi manipulyativ söz oyunları da belə məsələlərdə keçərli olmur. Saqqızınız çürüyüb, cənablar, heç olmasa ağzınızı təravətləndirin!
Sən isə... büdrəmə Vətən, yıxılma! Buna haqqın yoxdur! Sənə güvənən, nakəslərin tənələrinə tuş gələn övladlarının gözü Sənə dikilib, Səndən nicat gözləyirlər! Ayaqlarının altında bir ovuc torpau olmaq səni sevənlər üçün şərəfdir, Vətən! Yetər ki, Sən yıxılma!
Bağla X