05:26
(077) 610-22-33

Dəyanət Rzayev: “Nikah məmurları pula görə insanların taleyi ilə oynayır”

  • >
1 647 13 Sentyabr 2012 08:19 | Cəmiyyət

“Kişilər qadına nə lazım olduğunu bilmir”



Məlumdur ki, qadınlar kişilərə nisbətən daha emosional və həssasdırlar. Bu xüsusiyyət də onları daha tez depressiya hallarına salır və problemlərlə mübarizə aparmasına mane olur. Psixoloq Dəyanət Rzayevlə daha çox qadınların hansı problemlərə görə depressiya yaşadıqlarından danışdıq.

- Bu gün psixoloqlara müraciət edənlər çox olur, yoxsa insanlar daha çox özləri öz problemlərini həll etməyə çalışır?

- Müraciətlər çox olur. Amma profilaktik olaraq müraciət etmirlər. Hər şey xırda problemlərdən başlayır. Lakin ailədə, şəxsi münasibətdə münaqişələr böyüyən zaman, yəni depressiya düşəndən sonra müraciət edirlər. Daha çox beyində qarışıq fikirlər problemlərə yol açan zaman, sayrışan fikirlər yaranan zaman psixoloq məsləhətinə ehtiyac olduğunu duyurlar.

- Sizə daha çox qadınlar? yoxsa kişilər müraciət edir və bu, nə ilə bağlıdır?


- Daha çox qadınlar müraciət edirlər. Kişilər də müraciət edir, cavan oğlanlar və ya yaşlı nəslin nümayəndələri. Amma kişilər bizi, yəni digər bir kişi cinsinin nümayəndəsini daha çox özlərinə rəqib kimi gördüklərindən, qadınlara nisbətən az olur. Belə ki, onlar özlərinə sığışdırmırlar ki, hansısı kişi onu korrektə eləsin, onunla psixoteropiya, konsultasiya aparsın. Belə demək mümkünsə, qürurlarına sığışdırmırlar. Amma qadınlar üçün belə bir problem olmadığından onlar asanlıqla öz problemlərini gəlib bizimlə bölüşə bilirlər.

- Bəs daha çox hansı yaş qrupundan olan, ailəli? yoxsa subay qadınların psixoloji problemləri olur?

- Demək olar ki, 18-21 və 38-40 yaş arası olan qadınlar müraciət edirlər. Gənc qızlar daha çox sayrışan fikirlərinə görə problem yaşayırlar. Yaşı daha çox olanlar isə ailədə yaranan çətinliklərə görə.

- Qadınların evdar və ya işgüzar olmasına görə yaşadıqları problemlərdə nə kimi fərqlər var?

- Mənə müraciət edənlərdən işgüzar və evdar qadınların, demək olar ki, sayları eynidir. Lakin işgüzar qadınların problemi daha çox olur. Onlar işdə, cəmiyyət arasında daha çox olduqları üçün bir sıra problemlər yaşayır. Evdar qadınlar isə daha çox evdə oturur, daha çox ailədə yaranan problemlərə görə müraciət edirlər.

- Bir az əvvəl qeyd etdiniz ki, insanlar sizə depressiya halı yaşadıqları zaman müraciət edirlər. Depressiyanın ilk simptomları nədir?

- Əvvəlcə halsızlıq, heç bir şeyə marağın, işləmək həvəsinin olmaması kimi hallar müşahidə olunur. Sonra isə depressiv xarakter alır.

- Müasir qadınlar daha çox nə istəyir, onları nə xoşbəxt edə bilir?

- Bilirsiz, bizə qadınlar müraciət edir ki, ailəlidi, əri onunla yaxşı davranır, hər şey yaxşıdı. Vurmur, döymür. Amma ona lazımi diqqət göstərmir. Demək olar ki, kişi qadına nə lazım olduğunu bilmir. Deyir: "Sənə nə lazımdı, bahalı maşının var, villada yaşayırsan, heç nəyin əksik deyil". Əslində ev o qədər böyük olur ki, heç qadın onu yığışdıra bilmir. Kişilər çox vaxt qadındakı ruh düşkünlüyünü anlaya bilmir. Demək olar ki, kişilərin əksəriyyəti ailə qurur və sevdiyi qadın onun üçün adiləşir. Qadın əvvəlcə olur sevgili, sonra həyat yoldaşı, sonra uşaqların anası, uşaqlar evlənəndən sonra gəlinin qayınanası. Nəhayətdə isə olurlar adi bacı-qardaş. Yəni bu qədər adiləşmə gedir və problemlər yaranmağa başlayır.

Bu gün bir problemlə daha çox qarşılaşmaq olur. Kişilər ya ehtirasına, ya da mal-dövlət hərisliyinə qalib gələ bilmir. Belə ki, kişi evli olur, başqa bir qızdan xoşu gəlir, onunla sevgili olur, qıza ev alır, sonra evi də əlindən alır, özünü də atır bayıra. Biabırçılıq odur ki, qanunsuz boşanma və saxta nikah halları çox artıb. Kişi öz həyat yoldaşını boşayır, heç qadının xəbəri də olmur. Sonra başqa bir qadınla saxta nikah kəsdirir. Əslində nə baş verir, bilinmir. Mənim possientlərimin bir neçəsinin başına belə hadisələr gəlib. Bütün bunlara səbəb alçaq, murdar nikah məmurlarıdır. Bunu hamıya aid etmirəm. Səlahiyyətli nümayəndələr buna ciddi yanaşsınlar. Pula, rüşvətə görə insan taleyi ilə oynamaq olmaz. Görün nə qədər cinayətə yol açırlar ki, saxta şəxsiyyət vəsiqəsi hazırlayırlar, guya, kişi subaydı. Gərək kişi evlənəndə də, boşananda kişi kimi evlənib-başansın.

- Bəs bu kimi hallarda siz nə edirsiniz?

- Mən hüquqi-sosial yardım edirəm. Belə ki, passientlərimi məsələnin həlli üçün lazımi adamların yanına göndərirəm. Amma öz səlahiyyətlərimi aşmıram, biz sadəcə yönəldirik.

Sevinc Fədai
AzNews.az
Bağla X