01:01
(077) 610-22-33

Təhsil Nazirliyindən imtahan qalmaqalına reaksiya gəldi

  • >
683 19 Sentyabr 2012 17:20 | Cəmiyyət

“Asya Tanrıverdiyevanın müraciəti nəzərə alınaraq ona istisna hal kimi şərait yaradıla bilər”



Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsindən narazı qalan Asya Tanrıverdiyeva AzNews.az-a müraciət edib. Şikayətçi bildirib ki, kimya ixtisası üzrə vakant yerlərə imtahanda iştirak edərək 29.13 bal toplasa da, işə qəbul olunmayıb.

Təhsil Nazirliyindən Asya Tanrıverdiyevanın şikayətinə cavab olaraq bildirilib ki, 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılıb. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrə olub.

Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə müəlliminə ehtiyac olub. Bu fənn üzrə vakant yerlərin sayı 45-dir.

Azərbaycanın bölgələrində isə daha çox coğrafiya müəlliminə ehtiyac olub. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir. Sonrakı yerləri kimya (380), biologiya (341), Azərbaycan dili və ədəbiyyat (326), fizika (281), riyaziyyat (248), tarix (243), ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi (104) və digər fənlər tutub.

Nazirliyin Stratejı təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin əməkdaşı Zöhrab Kəlbəliyevın sözlərinə görə, kimya fənnindən respublika üzrə 380 vakant yer olub. Onlardan da cəmi 7-si Bakı məktəblərinin payına düşüb: "Asya Tanrıverdiyevanın ərizəsində göstərdiyi 4 yerə qəbul olunanlar da 29.13-dən yüksək bal toplayanlar olub. Asya xanım Nazirliyə apellyasiya şikayəti ilə müraciət etməyib. Əgər müraciət edərsə biz ondan yüksək bal toplayaraq işə qəbul olunanlarla bağlı məlumat verə bilərik".

Ümumilikdə isə kimya fənni üzrə yerlərdən 124-ü imtahan prosesində, 21-i isə əlavə yerləşdirmədə tutulub: "Asya Tanrıverdiyeva əlavə yerləşdirmədə də müraciət etməyib. Ümumilikdə 145 vakant yer tutulub ki, boş qalan yerlərin sayı 235 olub".

Yerlərin çoxluğunu nəzərə alan nazirlik 2 dəfə təkrar yerləşdirmə aparıb və sentyabrın 7-də bu proses yekunlaşıb: "Lakin Asya Tanrıverdiyevanın müraciəti nəzərə alınaraq ona istisna hal kimi şərait yaradıla bilər. Əgər Asya xanım bölgələrdə işləmək istəyərsə, o zaman Nazirliyə müraciət etsin. Çünki onun topladığı bal bölgələrdəki vakant yerlərə işə qəbul olunmaq üçün imkan verir".

E.Əlosmanqızı
AzNews.az
Bağla X