08:29
(077) 610-22-33

ATƏT-in nümayəndəsi ilə Azərbaycanda insan alveri müzakirə edilib

  • >
593 24 Sentyabr 2012 18:22 | Cəmiyyət

Nazir Quliyev: “İnsan alverinə qarşı təkbaşına mübarizə effektiv deyil”



Bu gün insan alverinə qarşı davamlı mübarizə çərçivəsində tədbir keçirilib. Azərbaycanda səfərdə olan ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Maria Qrasia Cammarinaro da tədbirdə iştirak edib. Görüş ATƏT-in Bakı ofisinin təşkilatçılığı və dəstəyi ilə təşkil edilib.

Tədbirdə "Hüquq dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev, "Təmiz dünya" Qadınlara yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev ATƏT-in xüsusi nümayəndəsi ilə insan alverinə qarşı mübarizə ilə bağlı müxtəlif məqamlar üzrə müzakirələr aparıblar.

Nazir Quliyevin AzNews.az-a verdiyi məlumata görə, müzakirələrdə əsasən insan alveri ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar, bu barədə qanunvericiliyin icra mexanizmləri ilə bağlı görülən işlərdən söz açılıb: "Həmçinin, məcburi əməyə cəlb etmə ilə bağlı mövcud vəziyyət və problemin həlli yolları ilə bağlı müzakirələr aparılıb. Xüsusən də qadınlar və uşaqlarla bağlı faktlar müzakirə obyekti olub. Son bir neçə il ərzində insan alverinə qarşı mübarizə nəticəsində həm qanunvericilikdə, həm də cinayət məcəlləsində müəyyən dəyişikliklər olub, yeni qanunlar qəbul olunub. Nazirlər kabinetinin də bu barədə qaydaları var. Görüşdə bütün bunlar barəsində danışıb".

Hüquqşünasın sözlərinə görə, araşdırmalar göstərir ki, hələ də insan alverinə qarşı xüsusi maarifləndirmə işləri aparılmalıdır: "Xüsusən əhalinin risk qrupuna daxil olan insanlar arasında geniş işlər görülməlidir. Cəzaçəkmə müəssisələrini tərk edən, həmçinin, ailədaxili zorakılıq qurbanı olan şəxslər potensial risk qrupuna daxil olan insanlardır. İnsan alveri elə bir problemdir ki, onunla hansısa bir dövlət qurumu təkbaşına mübarizə aparması effektiv deyil".

N. Quliyev bildirir ki, bu işdə həm KİV-in, həm vətəndaş cəmiyyətinin, həm də beynəlxalq təşkilatların birgə əməkdaşlığı zəruridir: "ATƏT-in xüsusi məruzəçi Maria Qrasia Cammarinaro da bu barədə geniş səlahiyyətə sahib bir şəxsdir. Biz onunla bu sahədə müzakirə apardıq ki, Azərbaycanda insan alverinə qarşı mübarizədə medianın, vətəndaş cəmiyyətinin rolunu necə gücləndirmək olar? İşlərin səmərəsini necə artırmaq olar?"

Sevinc Fədai
AzNews.az
Bağla X