04:17
(077) 610-22-33

“Kamillik“ İB Lənkəranda Dəyirmi masa keçirdi- Foto+Video

  • >
1 596 24 May 2015 19:17 | Cəmiyyət

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində Dəyirmi masa keçirib.



İB-dən AZADİNFORM-a verilən məlumata görə, Dəyirmi masada "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev, "Güzəran" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Lənkəran şəhər İcra Hakimiyyətinin məsləhətçisi Könül Mahmudova və Lənkəran Dövlət Universitetinin tələbələri iştirak ediblər.

Dəyirmi masada çıxış edən "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, 4 ay müddətində icra edəcəkləri layihənin məqsədi Azərbaycanda müxtəlif etnik - dini qrupların ənənəvi dözümlülük, harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasəti təbliğ etməkdir. Onun sözlərinə görə, Azərbaycan bu ölkəni özünün doğma evi hesab edən xalqların təhlükəsiz yaşamaları və adət-ənənələrini qorumaları üçün dövlət səviyyəsində bütün imkanlardan istifadə etməkdədir: "Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə – yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir". N.Niftiyev bildirib ki, Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bu prosesi ardıcıl olaraq davam etdirəcəyini, təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb: "Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb".

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyasının əvəzsiz rol oynadığını bildirib: "1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış Ümummilli lider Heydər Əliyevin uğurlarının kökündə, məhz, azərbaycançılıq ideyası dayanırdı. Müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü göstərirdi. Belə bir zamanda xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi". S.Verdizadə bildirib ki, bu baxımdan, Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi ən böyük tarixi xidmətlərindən biridir. Məhz, azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin, multikulturalizmi iflasa uğratmaq siyasətinin qarşısında güclü ideoloji sipər oldu: "Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir".

"Güzəran" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Qadir İbrahimli bildirib ki, regionların sosial-iqtisadi inkişafı milli azlıqların yaşadığı ərazilərdən də yan keçmir: "Bu məqsədlə ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan diferensiasiyanın minimuma endirilməsi, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması prioritetləri daxildir. Hazırda bu regionların sosial-iqtisadi inkişafı kifayət qədər diqqət mərkəzindədir. Biz bunu 2012-ci və 2013-cü illər ərzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bu regionlarda əsas sosial-iqtisadi göstəricilərin dinamikasından da aydın şəkildə görə bilərik. Ölkənin bütün regionlarında heç bir diskriminasiya tətbiq edilmədən tarazlı inkişafın təmin olunması istiqamətində tədbirlər həyata keçirilir".

Dəyirmi masada çıxış edən tələbələr Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət etdiyini bildiriblər. Qeyd ediblər ki, nəticədə ölkəmizdə azərbaycanlılarla yanaşı, digər milli azlıqları təmsil edən millətlərin də dövlətçiliyimizə, ölkəmizə bağlılığı, Azərbaycanda yaşamaq, işləmək istəyi artır.

Bağla X