10:37
(077) 610-22-33

Dünyanın ən məşhur mafiya başçısının həyatı və ölümü- Al Kapone

  • >
5 447 19 May 16:21 | Dünya

Al Kapone, hətta, ABŞ konqresmenlərini də pul ilə ələ ala bilmişdi.

AzNews.az Al Kaponenin həyatında yaşanan hadisələri sizə təqdim edir.

1929-cu il may ayının 17-də spirtli içki qaçaqmalçısı Al Kapone Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində həbs olunur. Filadelfiya polisi onu qanunsuz silah gəzdirməkdə ittiham edirdi. Amerikalı qanqster qısa, lakin dolğun həyat yaşayıb. O, həyatı boyu spirtli içki qaçaqmalçılığı, silah alveri, qumar və fahişə biznesi ilə məşğul olub. Kaponenin 14 illik mafiya rəhbərliyi dövründə Çikaqo şəhərində 700 qətl cinayəti törədilib ki, onun 400-ü məhz Kapone tərəfindən sifariş olunub.

Al Kapone öz dövrünün ən nüfuzlu mafiya başçısı olub.

Al Kaponenin atası Qabriele Kapone və anası Tereza Rayolya italiylı miqrantlar idi. Onlar 1894-cü ildə Amerika Birləşmiş Ştatlarına gəlib və Nyu-York şəhərində məskunlaşıblar. Alfonso 9 uşaqdan ən böyüyü idi.

Kapone uşaq yaşlarından tez əsəbiləşən və təsir altına düşən insan olub. Hələ 6 yaşında ikən o, müəlliminə hücum edib. Daha sonra o, məktəbi ataraq Ceyms Stritin dəstəsinə qoşulur. Dəstəyə Conni Torrio başçılıq edirdi. O, ilk olaraq bilyard salonunda mühafizəçi kimi işə düzəlir.

Kapone elə oradaca ilk dəfə Frenk Qalluçio adlı bir cinayətkar ilə bıçaq davasına çıxır və üzündən çapıq yarası alır. Daha sonra onu “çapıqsifət” ləqəbi ilə çağırırlar. Məlumata görə, mübahisəyə səbəb Kaponenin Qalluçionun bacısı ilə bağlı ədəbsiz irad tutması olub.

Kapone özü üzündəki çapıq yarası ilə bağlı yalan hekayələr uyudurub. O, üzündəki yaranın Birinci Dünya Müharibəsi zamanından qaldığını deyirdi. Hekayəyə görə, onun üzünə düşmən mərmisinin qəlpəsi dəyib.

1918-ci ildə Kapone İrlandiya əsilli Mey Cozefine Kaflin ilə ailə həyatı qurur və elə həmin il də onların Albert Frensis “Sonni” Kapone adlı bir oğlu olur. Lakin ciddi infeksiyalı xəstəlik keçirdiyi üçün Albertdə eşitmə qüsuru yaranmışdı. Atasından fərqli olaraq o, qanunpərəst insan idi.

1917-ci ildə Kapone iki nəfərin qətlində ittiham olunduğu üçün polis onun izinə düşür. Bu, Kaponeni “Böyük” Kolozimonun mafiya dəstəsinə qoşulmağa vadar edir. Həmin dövrdə Kolozimo ilə Torrio qruplaşmaları arasında spirtli içki qaçaqmalçılığının genişləndirilməsi məsələsinə dair münaqişə yaranmışdı. Torrio biznesi genişləndirmək istəsə də, Kolozimo buna qarşı idi. Acgöz Torrio məsələni həll etmək üçün öz qohumu olan Kolozimonu “aradan götürmək” qərarına gəlir. Bu işdə Kapone də ona dəstək olur.

Bir neçə il sonra Torrio bu biznes sahəsində daha bir çətin rəqib - “Irish North Side” mafiyası ilə üz-üzə gəlir. Bu mafiya ilə münaqişədə Al Kapone qardaşını itirir.

Torrioya qarşı iki dəfə sui-qəsd cəhdi olur və o ağır yaralanır. Daha sonra Kapone mafiyaya rəhbərlik etməyə başlayır. Həmin dövrdə Kaponenin əlinin altında minə yaxın döyüşçüsü və həftəlik 300 min dollar gəliri var idi. Kapone bu dövrdə öz biznesinin daha da genişləndirməyi bacarmış, kirli işlərinin üstünü örtmək üçün isə həm polisi, həm də siyasətçiləri də pul ilə ələ almışdı. O, hətta, konqresmenlərə də mütəmadi olaraq pul ödəyirdi.

Bir dəfə Çikaqo meri Kapone ilə əvvəlcədən razılaşdırmadan bir sərəncam imzalayır. Merin hərəkətindən qəzəblənən Kapone şəhər şurasının zalına daxil olaraq hər kəsin gözü qarşısında meri döyərək yarıölümcül vəziyyətə salmışdı.

“Çikaqo Kralı” titulunun Kaponeyə mənfi təsirləri də var idi. Onun ailəsi tez-tez təhdid olunurdu.

Kaponenin dövründə quldur dəstələrinin müharibəsi pik həddə çatmışdı. Təkcə 1924-1929-cü illərdə Çikaqo şəhərində 500-dən çox mafiya üzvü güllələnmişdi. Silsilə cinayətlərin başlandığı gün Amerika tarixinə “Müqəddəs Valentin günündə Qırğın” kimi düşdü. Kaponenin adamları polis formasında “Morana” dəstə üzvlərinin olduğu qaraja daxil olaraq 7 nəfəri öldürmüşdülər. Lakin Kaponenin bu cinayətdə əlaqəsi sübuta yetirilə bilmədi.

Kaponenin bundan sonra gəlirləri illik 60 milyon dollara çatırdı. Lakin Kapone azı o qədər də pul xərcləyirdi. Al Kaponenin evi 24 saat mühafizə altında idi.

Kapone mətbuatı da ələ almağı bacarmışdı. “Chicago Tribune” qəzetinin müxbiri Alfred Linql demək olar ki, hər gün Kaponeni tərifləyən məqalələr çap edirdi. Onun gəliri illik 60 min dollara qədər artmışdı.

Kapone imperiyasının çökməsinə onun öz adamlarından biri – Eddi Oxeyr səbəb olmuşdu. Oxeyr, əslində, ABŞ polisinin adamı olub və Kaponenin gizli işləri barədə polisə məlumat sızdırıb. Agent Kaponenin real dövriyyəsini əks etdirən maliyyə xərcləri kitabının yerini aşkarlayaraq polisə bildirmişdi.

Beləliklə, Kapone 1931-ci ildə qəsdən vergidən yayınmaya görə həbs edildi. Məhkəmənin müəyyən etdiyi məbləğ Kapone üçün o qədər az idi, o yerindəcə cəriməni ödəyə bilərdi. Kapone, hətta, məhkəməni də pul ilə almağa cəhd etmiş, lakin onun bu istəyi baş tutmamışdı. Məhkəmə sonda ona 50 min dollar cərimə kəsir və 11 il müddətində azadlıqdan məhrumetmə cəzası verir. Onun və xanımının mülkiyyəti müsadirə olunur. Lakin nəticə etibarilə Kaponenin daha əvvəlki sərvəti onun ailəsində qalır. Ekspertlərin hesablamalarına görə, onun ümumi sərvəti 100 milyon dollar təşkil edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X