22:53
(077) 610-22-33

Ərdoğanın “yaralayıcı“ üslubu

  • >
534 1 Mart 2013 16:55 | Dünya


Zahid Oruc

Məşhur "one minute" qalmaqalından sonra Türkiyə Baş naziri bu dəfə Mədəniyyətlərarası İttifaqın toplantısındakı çıxışı ilə diqqəti cəlb edib. O, nəinki İsrail dövləti ilə, eləcə də xalqı ilə problemini artıracaq fikirlərə müəlliflik edib. Tribunadan "sionizm, antisemitizm, faşizm kimi islamafobiyanın da insanlıq suçu olaraq dəyərləndirilməsi qaçılmazdır" söyləməsinə yəhudi dövləti dərhal kəskin reaksiya verib və bunu qəti pisləyib. Netanyahu bəyan edib ki, bənzər ifadənin dünyadan silindiyini zənn etdikləri halda onun eşidilməsi həqarətdir və sionizm faşizmlə yanaşı tutula bilməz.

Bu gün Ağ Evdən Ərdoğana gələn etirazda isə onun bəyanatı "davakar davranış və əlaqələrə zərbə" kimi dəyərləndirilib.

BMT rəhbərliyi də belə bölücülüyü pisləyib, "yaralayıcı və bölücü" münasibətə qarşı çıxıb.

Türkiyə rəhbərliyinin belə kəskin açıqlamaları Qərblə onsuz da gərgin olan münasibətlərə əlavə ton verəcək, üstəlik, heç bir halda islamsevərliyə və mədəniyyətlərin qovuşuğuna xidmət etməyəcəkdir.

İsraillə dünya çapında davam edən yeni ittihamlar dalğasının hansı dairələrin xeyrinə işləyəcəyini təxmin etmək o qədər də çətin deyil. Bütün Avropa mediası bunu türk millli fikrinin ifadəsi sayınca xalqlararası ixtilafı və soyuqluğu necə körüklədiyini görməmək mümkün deyil.

İndiyədək Türkün ayrı üslubu olub, İranınsa ayrı. Xarizmatik lider olan Ərdoğan bunu hər zaman nümayiş etdirib. Lakin yenidən diplomatik savaşa qərar verilməsi Türkiyənin ziyanlarını artıracaq.
Çünki neytral dairələr belə sionizmi pisləyənləri antisemit hesab edib bütün resursları ilə onun üzərinə gedəcəklər.

Budəfəki "one minute"un fırtınası uzun çəkəcək...
Bağla X