Sentyabrın 24-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nelson Mandelanın xatirəsinə həsr olunan sülh sammiti başlayıb. Sentyabrın 24-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nelson Mandelanın xatirəsinə həsr olunan sülh sammiti başlayıb.

BMT-də Nelson Mandelanın xatirəsi yad edildi

Sentyabrın 24-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nelson Mandelanın xatirəsinə həsr olunan sülh sammiti başlayıb.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında 84 ölkənin dövlət başçısı və yüksək vəzifəli şəxsləri iştirak ediblər. Sammit Cənubi Afrikanın dövlət və ictimai xadimi Nelson Mandelanın anadan olmasının 100 illiyinə həsr olunub. Zirvə görüşü, təşkilatın baş katibinin nəzərdə tutduğu kimi, bütün planetdə sülhə sadiqliyi nümayiş etdirmək, münaqişələrin qarşısını almaq və onları nizama salmaq, sülhü möhkəmləndirmək, insan hüquqlarını qorumaq, inkişaf sahəsində uzunmüddətli təşəbbüsləri dəstəkləmək məsələlərində dünya liderlərinə yeni imkanlar yaradacaq.

Baş Assambleyanın 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa Qarses, BMT-nin baş katibi Antonio Quterreş, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramfoza, İrlandiyanın Baş naziri Leo Varadkar, Nelson Mandelanın həyat yoldaşı Qrasa Maşel, “Amnesty İnternational” hüquq-müdafiə təşkilatının rəhbəri Kumi Naidu forumun açılışında giriş nitqi ilə çıxış ediblər. Çıxış edən digər dövlət başçıları da Nelson Mandelanın sülhün bərqərar olması, insan hüquqlarının qorunması, gender, etnik və sosial statuslar arasında bərabərliyinin təmin olunmasına verdiyi töhfəni diqqətə çatdırıblar.

Sülh sammitində Nelson Mandela dəyərlərinin əks olunacağı Siyasi Bəyannamə qəbul olunacaq.

Baş Assambleya çərçivəsində ümumi diskussiyalar sentyabrın 25-də başlayacaq.

Azərbaycanı 73-cü sessiyada xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

AzNews.az