GAMAC sürgün parlamentinin yaradılması qərarı ilə bağlı bəyanat verib

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 2 həftə öncə Danimarkada mühacir parlament yaradılması ilə bağlı bəyanat verib.

Sənəddə deyilir: "15 Mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bir qrup Güney Azərbaycan fəalı Güney Azərbaycan parlamentinin yaradılması haqqında qərarlarını açıqlayıb. Öncə onu bildirmək istəyirik ki, GAMAC-ın bu toplantı ilə bağlı heç bir informasiyası olmayıb. Bununla belə, biz yaxın aylarda Sürgündə Güney Azərbaycan Parlamentinin qurulması fikrini dəstəkləyir, milli hərəkatımızın güclənməsi və demokratikləşməsi üçün bu ideyanın həyata keçməsini önəmli sayırıq. Hesab edirik ki, proses yalnız şəffaf, demokratik prinsiplər əsasında həyata keçirilməli, qurumun formalaşdırılmasında bütün siyasi fəalların iştirakı təmin edilməlidir".

GAMAC onu da vurğulayır ki, Güney Azərbaycanın milli məsələləri haqqında siyasi qərarları yalnız Güney Azərbaycandan olanlar verə bilər və Güney Azərbaycanın milli maraqları ilə bağlı qərarların hər hansı məhdud qrupun təsiri altına düşməsi yolverilməzdir.(Musavat.com)