Sabah 18 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 18 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz 10-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 16-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-14, bəzi yerlərdə 18 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

AzNews.az