Bir həftədə 500-dən çox sürücü cərimələndi – Açıqlama


"Təkcə bir həftə ərzində dayanma-durma, o cümlədən saxlamanı qadağan edən yerlərdə tələbləri pozan 500-dən artıq sürücü cərimə edilib". Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

O, bildirib ki, Bakının mərkəzi küçələrində avtomobil saxlamanı qadağa edən nişanlar var, bu qaydaları pozan sürücülər DYP əməkdaşları tərəfindən cərimə olunur və avtomobillər bunun üçün nəzərdə tutulan meydançalara aparılır: "Həmin sürücülərə qarşı müvafiq protokol tərtib edilir. Bundan sonra da yolların hərəkət hissəsində, ikinci cərgədə, piyada səkilərində, avtobus dayanacaqlarında, nişanların təsir zonasında bu və ya digər hallar nəzarə alınmaqla qaydaları pozan sürücülərə qarşı sərt tədbirlər görüləcək".

V.Əsədov əlavə edib ki, kimliyindən aslı olmayaraq dayanmanı-durmanı, eləcədə saxlamanı qadağan edən yerlərdə tələbləri pozan sürücülərə qarşı təcili tədbirlər görüləcək: "Novruz bayramından bu günə qədər eyni tələbləri pozan 10 mindən artıq sürücü haqda protokol tərtib olunub. Tərtib edilmiş inzibati protokolları araşdırarkən bir sürücünün eyni qaydanı təkrar-təkrar pozduğuna görə cərimələndiyinə rast gəlinir".

Qeyd edək ki,bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakıda avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək.

Amid
AzNews.az